Bu marağı nəzərə alan Teleqraf.com tanınmış yazıçılara aşağıdakı suallarla müraciət edib: İlk yazınızı nə vaxt, hansı ovqatda və nədən təsirlənib yazmısınız? Xatirə olaraq onu saxlayırsınızmı? İlk çap olunan əsəriniz hansıdır?
Cavabları təqdim edirik:
Fəxri Uğurlu:
“Yazmağa təxmini 11-12 yaşım olanda başlamışam. 15-20 şeir yazmışdım. Amma onlardan da əvvəl yaradıcılığa dram əsərləri ilə qədəm qoymuşdum. Yadımdadır, Azərbaycanın klassik dramaturqlarının - Nəcəf bəy Vəzirovun, Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin pyeslərinin təsiri altında iki-üç dram yazmışdım. Birinci dram “Loğman” adlanırdı, komediya janrında idi. O vaxtlar remarkalar “Əhvalat vaqe olur filan yerdə” deyə başlayırdı. Mən də o cür yazırdım.
Mənim əhvalatım vaqe olurdu ucqar bir dağ kəndində. Eşitmişdim ki, Laçında bütün xəstəlikləri müalicə edən türkəçarə həkimi peyda olub, müəyyən müddətdən sonra hamı onun fırıldaqçı olduğundan xəbər tutub, ondan sonra bir faciə yazdım.
Atam (mərhum şair Ağa Laçınlı - red.) mənim uşaqlıq əlyazmalarımdan bəzilərini saxlayırdı, amma özüm yox.
İlk çap olunan əsərimə gəlincə, orta məktəbdə oxuyanda atam məni yazıçı Elçin Əfəndiyevlə tanış etdi. Elçin Yazıçılar İttifaqının katibi və böyük nüfuz sahibi idi. Yazılarımı oxuyurdu, az mütaliə edəndə məni danlayırdı. Qəzet-jurnallardan kəsib yığdığı materialları mənə verirdi ki, oxu, bunlar haqda fikrini yaz.
İlk əsərim onun xeyir-duası ilə çap olundu, özü də məndən xəbərsiz. 5 avqust 1986-cı ildə “Azərbaycan gəncləri” qəzetində. Birinci imtahan günüm idi, qəribə gündü, sənədləri evdə qoymuşdum, atam onun dalınca getmişdi. Qəfildən bir tanışımla qarşılaşdıq, dedi, qəzetdə yazın çıxıb. Nə qədər sevindiyimi təsəvvür eləmək mümkün deyil.
Mən hekayəmin adını “Ana məhəbbəti” qoymuşdum, Elçin müəllim onu redaktə edib “Məhəbbət” adlandırmışdı. Adımı Uğurlu Fəxri yazmışdım, o isə dəyişib Fəxri Uğurlu eləmişdi. Elçin müəllim hətta özünün redaktə etdiyi variantı da yadigar olaraq mənə vermişdi, indi də saxlayıram. O mənada Elçin müəllimin yaradıcılığa qədəm qoymağımda çox müsbət rolu olub”.
Elçin Hüseynbəyli:
“3-cü sinifdə oxuyanda Cəmşid Əmirovun “Qara Volqa” əsərinin təsiri altında bir hekayə qaralamışdım. Baxmayaraq ki, üçüncü sinifdəydim, amma kitab oxuyurdum. Sonralar oxuduğum əsərin, şeirlərin təsiri altında nəzirələr yazdım. Onların arasında Vaqifin “Durnalar” şeirinə yazdığım nəzirə də vardı. Bütün yazılarımı 96 səhifəlik bir dəftərə yazırdım, hətta qəzetlərə də göndərirdim.
Gördüm, heç biri çap olunmur, başa düşdüm ki, məndən yazıçı, şair olan deyil. “Kolxozçu” adında rayon qəzeti üçün xəbərlər yazmağa başladım. Jurnalist olmaq həvəsim artdı. Əsgərlikdən qayıdandan sonra 96 səhifəlik dəftərimin, qəzetlərdən gələn cavab məktublarımın yoxa çıxdığını gördüm. Jurnalistika ixtisası üzrə təhsil alanda yazıçılıq eşqim yenidən alovlandı.
1984-cü ildə yazdığım “Abunə pulu” adlı ilk hekayəm 1987-ci ildə çap olundu. Onu saxlayıram və düşünürəm ki, fərqli üslubda yazılmış hekayə idi”.
Nəriman Əbdülrəhmanlı:
“İlk yazımı 70-ci illərin əvvəllərində oxuduğum məktəbin divar qəzeti üçün yazmışam. İntizamı pozan sinif yoldaşım haqqında olub, böyük səs-güy doğurub, hətta bir neçə ay mənimlə danışmayıb. O vaxtlar yazının belə təsiri olurdu. İlk hekayəmi Bakı Dövlət Universitetinin birinci kursunda oxuyanda qələmə almışdım, təbii ki, sevgi haqqında idi. O hekayəni çap etdirmədim. Elə bilirdim, çap etdirsəm, hisslərim faş olacaq. İndi də arxivimdə qalır.
İlk yazımsa essevari məqaləydi, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çap olundu. Məqaləni qəzetdə görənəcən böyük həyəcan keçirmişdim. Bu da təbii idi. Yazı aşağ kursda oxuyan bir pianoçu qıza həsr olunmuşdu. İndi o ilk addımlarla bağlı duyğularım mənə gülməli gəlir...
Şərif Ağayar:
“İlk dəfə şeir yazmışam. Hardasa 5-ci sinifdə oxuyanda. Alababat bir qoşma idi. Sonra unuduldu. İlk dərc olunan yazım da şeir olub. “Laçın” qəzetində, bir də Ağcabədinin “Aran” qəzetində...
Sonra Bakıda “Hər gün” qəzetində çap olundum. Silsilə şeirlərim ilk dəfə “21-ci əsr” dərgisində kitab kimi nəşr edildi. İlk hekayələrim “Alatoran” jurnalında yayımlanıb. Çoxunu saxlayıram. Ancaq şəxsi arxiv məsələsində elə də səliqəli deyiləm. Mənim üçün bu gün dünəndən, sabahsa bu gündən maraqlı olub həmişə”.
Nərmin Muradova