11 May 2017 14:15
7 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efirdən uzaqlaşmış məşhur aparıcı Günel Hümbətova Teleqraf.com-a müsahibə verib.

- Günel xanım efirdən uzaqlaşmısınız. Yenidən efirə qayıtmaq fikriniz varmı?

- Hazırda meydan başqaları üçün açıqdır. Mən kənara çəkilmişəm. Bəlkə nə zamansa efirə qayıdacam, amma hələ belə bir planım yoxdur. Ailə həyatıyla, qızımın qayğılarıyla məşğulam. Bir çox aparıcılar efirsiz yaşaya bilmirlər, depressiyaya düşürlər. Şükür Allaha, mən elə deyiləm. Mənim üçün ailəm hər şeydən önəmlidir. Həyatım boş qalmayıb, efirin yerini daha gözəl şeylər doldurub - qızım, həyat yoldaşım.

- Siz iş üçün özü müraciət edən, yoxsa müraciət olunan aparacısınız?

- İş üçün mən müraciət gözləyirəm. Heç zaman işə görə ağız açmamışam. İlk dəfə 106 FM-də kastinqə qatılmışam, ora ilk iş yerim olub. Ondan sonra mənə iş təklifləri gəlib və dəyərləndirmişəm.

- ATV-də “ATV maqazin” verilişinin aparıcısı kimi çox tanındınız. “Speys” və “Xəzər” kanallarında isə layihələriniz uğurlu alınmadı. Bu fikirlə razısınız?

- Xeyr, razı deyiləm. Düzdür, ATV kanalı mənim ilk iş yerimdir və ən baxımlı kanallardan biridir. Digər kanallardakı verilişlərim də izlənilib və həmişə gündəmdə olmuşam.

- Bir neçə gün öncə ATV-nin maddi problemlər yaşadığı və Vüqar Qaradağlını vəzifədən gedəcəyi haqqında xəbərlər yayıldı. Buna münasibətiniz necədir?

- Orada çalışmadığıma görə heç bir məsələdən xəbərim yoxdur.

- Hansı kanaldan iş təklifi alsanız, tərəddüdsüz qəbul edərsiniz?

- Tərəddüd etmədən heç bir təklifi qəbul etmərəm. Çünki planımda başqa şeylər var. Bildiyiniz kimi həyat yoldaşım Amerikadadır, tez-tez Bakıya gəlib-gedir. Yaxud mən Amerikaya gedirəm. Ona görə stabil iş əl verməz.

- Siz Bakıda, həyat yoldaşınız Firuz Soliyev Amerikada… Bu, çətin deyil?

- Əlbəttə, çətinlikləri var. Belə yaşayış bəzi səbəblərlə bağlıdı. Məsələ həll edildikdən sonra yaxşı olacaq.

- Maddi problemlə bağlıdı?

- Xeyr, maddi problem deyil, sənəd məsələləridir.

- Biznesə başlamısınız…

- Tam biznesə başlamaq deməzdim.. Sadəcə ideyalarım əsasında hazırlanan kolleksiyamı təqdim etmək istəyirəm. İstanbulda iş gedir. Hələ ki, butik açmaq fikrim yoxdur. Ola bilər, peşəmi dəyişib, dizayner oldum. Amma bütün işlərimi peşəkarcasına görmək istəyirəm. Dizayner kimi fəaliyyət göstərsəm, xaricdə təhsil alıb, sonra fəaliyyətə başlayacam.

- Gələckdə bütünlüklə Amerikaya köçmək fikriniz varmı? Sizin üçün Amerikada, yoxsa Azərbaycanda yaşamaq daha yaxşıdır?

- Hər iki şəhərdə yaşamağın özəllikləri var. Azərbaycan vətənimdir, valideynlərim, doğmalarım buradadır. Bakının hər bir küçəsi mənə doğmadır. Burada həyat mənim üçün daha rahatdır. Amma xaricdə yaşamağın da öz müsbət və mənfi tərəfləri var.

- Türkiyədə yaşayan həmkarınız Gülnarə Məmmədova ailə qurduqdan həyat yoldaşının onun tanınmış aparıcı olmasından xəbərsiz qaldığını eyib. Amerikada evlənmisiniz və Firuz bəy sizin tanınmış aparıcı olduğunuzu bilirdi?

- Əlbəttə, bilirdi. Elə şey olar?.. Ailə qurursan və həyat yoldaşının həyatından xəbəri olmasın... Həyat yoldaşım harada işlədiyimi və kimlərlə çalışdığımı məndən yaxşı bilirdi.

- Populyarlığın zirvəsində ailə qurdunuz. Çoxları tez ailə quracağınızı gözləmirdi…

- Qismət, sevgi... Mən riski sevən insanam. Sevdim və ailə qurdum. Vaxtında evlənmək qərarımı verdiyimə görə çox xoşbəxtəm.

- Amerikadan Bakıya qayıdan zaman həyat yoldaşınızdan ayrılmağınız haqqında şayiələr yayılmışdı...

- Bunlar hamısı boş sözlərdir. İstəyirsiniz indi həyat yoldaşıma zəng vurum (gülür). Həyat yoldaşım tez-tez Bakıya gəlir. Sosial şəbəkədə fotolarını paylaşıram. Sadəcə həyat yoldaşımla şəkillərimi hər dəqiqə paylaşmağı sevmirəm. Çünki kiməsə nəyisə sübut etməyə ehtiyac yoxdur. Həyat yoldaşımdan ayrılmamışam və hər şey əladır.

- Geyimlərinizdən, davranışınızdan azad xanıma bənzəyirsiniz…

- Bəli, bu, xasiyyətimdən irəli gəlir. Nə zamansa iddialı geyimlər geyinmişəm. Amma artıq çox da iddialı geyimlərə yaxın durmuram. Bəlkə də çəkimin artmasına görəidi. Artıq arıqlamışam.

- Niyə məhz ailə quracağınız insan Firuz Soliyev oldu. Onun özəlliyi nə idi?

- Onun özəlliyi dürüstlüyü, qayğıkeşliyi, ailəcanlılığı və məni sevməyidir. Ən əsas özəliyi odur ki, mən onu sevmişəm və sevirəm. Bundan böyük səbəb ola bilməz. Bizim bir-birimizə heç bir qadağamız yoxdur. Ağlı başında olan sərbəst insanlarıq. Hərə öz həyatını yaşayır kimi prinsipimiz yoxdur. Gün ərzində minumum dörd-beş dəfə danışırıq. Baxmayaraq ki, Nyu-York ilə Bakı arasında 9 saat fərq var. Tez-tez bir-birimizə hesabat veririk: Bu gün hansı işlə məşğul oldum, hara getdim, qızımla neynədim,

o, nə yedi, hara getdi.

-Firuz bəy Amerikada hansı sahədə çalışır?

- Amerikada böyük şirkətlərin birində işləyir.

- Amerikada şəxsi eviniz var?

- Evimiz yoxdur, amma almağı pallaşdırırıq.

- Siz ifaçı Mehin Hümbətova ilə bacısınız. Amma birlikdə tədbirlərdə görünmürsüz, sosiail şəbəkədə fotolarınızı paylaşmırsınız. Hətta küsülü olduğunuzu qeyd edirlər…

- Biz hər həftənin bazar günü ailəvi harasa gedirik. Anamla bacım bizə tez-tez gəlir. Hərdən deyirik ki, çoxdandır birlikdə fotomuz yoxdur, instaqramda paylaşaq. Şərhlər də yazırlar ki, niyə birlikdə foto paylaşmırsınız? Fürsət olmur.Ş əkillərimiz var, küsülü deyilik. Sadəcə fərqli insanlarıq. Aramızda çox böyük sərhəd var. Hər mövzunu rahat müzakirə edə bilmərik. Hətta şəxsi həyatı belə...

- Siz, Afaq Gəncəli, Nərgiz Məmmədova eyni zamanda məşhurlaşdınız. Hazırda Afaq Gəncəli daha çox tanınır. Onu güclü şou aparıcısı hesab edirsiniz?

- Afaq Gəncəlini ilk növbədə insan kimi çox sevirəm. Çox güclü xanımdır və ona dərin hörmətim var. Belə bir sözü yəqin siz də eşitmisiz: “Güclülər meydanda qalır”. Bu fikirlə mən razı deyiləm. Çünki özümü heç vaxt zəif hesab etməmişəm. Sadəcə bilərəkdən meydandan çəkildim. Hətta mediada müsahibə də vermirəm. Müzakirə olunmaq, efirlərə çox çıxmaq istəmirəm. Məni qonaq dəvət edirlər, birinə gedirəm, beşinə getmirəm. Çünki hazırda efir, mediada olmaq maraq dairəmdə deyil.

Özüm belə istəmədim və hazırda olduğum yedən çox məmnunam. Beş il sonra nə olacağını öncədən xəbər verə bilmərik. Gəncəm, yaxın günlərdə 26 yaşım olacaq. Yenidən parlaya biləcəyim yaşdayam.

Rəqsanə


Müəllif: