Teleqraf.com xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olacaq.
Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində təşkil olunub.
“Nar bağı” filminin adı 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və bu günlərdə Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramı çərçivəsində iştirak edərək, aktyor Qurban İsmayılovun simasında “ən yaxşı kişi rolu” mükafatını qazanıb.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, R.J.Minnebu, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev canlandırırlar.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi mərasimdə bir qrup kino veteranının mükafatlandırılacağı nəzərdə tutulub.
Tədbirdə həmçinin kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti iki buraxılışı da tamaşaçılara təqdim olunacaq.