28 Dekabr 2017 19:28
103 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli kinosu deyiləndə ağla gələn ilk filmlərdən biri də “Yeddi oğul istərəm” filmidir. Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilib. Filmin rejissoru Tofiq Tağızadə, ssenari müəllifi isə Yusif Səmədoğludur. Bu film bizə bir neçə istedadlı aktyoru bəxş edib. Onlardan biri də, Akademik Milli Dram Teatrının qocaman aktyoru, xalq artisti, üzümüzə gələn fevralda 80 yaşını qeyd edəcək Rafiq Əzimovdur. O, filmdə Şahsuvar obrazı ilə yadda qalıb.

Teleqraf.com “Böyük sənət veteranları” layihəsində Rafiq Əzimovla müsahibəni təqdim edir.

- 2017-ci il necə keçdi sizin üçün, necə yadınızda qaldı?

- Əvvəla sizə təşəkkür edirəm. Artıq 55 ildir ki, səhnədəyəm. Bu illər ərzində mənim adım bir dəfə də olsun qalmaqallarda hallanmayıb. Yalnız sənətlə məşğul olmuşam və vaxtımı yaradıcılığıma həsr etmişəm. Akademik Milli Dram Teatrında da, Teatr Xadimləri İttifaqında da fəal olmuşam. Teatrımızın direktoru Azərpaşa Nemətovun təklifi ilə ittifaqın Mustafa Mərdanov adına “Zəfər” studiyasının səhnəsində məşhur dramaturq Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olundu, mən də bu tamaşada rol aldım. Mədəniyyət kanalında da efirə getdi. Çox uğurlu oldu.

- İlk dəfə 1969-ci ildə “Lenfilm”in istehsalı olan Mənim əziz atam filminə çəkilmisiz. Tərəf müqabillərinizin arasında Aleksandr Demyanenko, Lüdmila Qurçenko kimi nəhəng aktyorlar olub. Həmin ərəfələrdə tanınmırdız. Necə oldu ki, birdən-birə sizi belə bir filmə dəvət etdilər?

- Təsadüfən oldu. Teatra məşqə gedirdim, bir rus qadın yolda qolumdan tutub saxladı. Dedi ki, sizi kinoya çəkmək istəsək, qəbul edərsizmi? Mən də qəbul etdim. Saat üçdə görüş təyin etdik. Dediyi yerə gəldim. İçəri keçəndə gördüm həmin qadın otaqda oturub. Məni görəndə ayağa durub qoluma girdi, apardı rejissorun otağına və məni “bu da bizim Əli dayı” deyib ona təqdim etdi. Elə oradaca ssenarini mənə verdilər.

- Film nədən bəhs edirdi? İlk dəfə Demyanenko ilə harada qarşılaşdız?

- Ruslarla azərbaycanlıların dostluğundan bəhs edən film idi. Dedilər ki, ssenarini oxuyandan sonra, keçmiş “Naxçıvan” otelinə gəlim, orda müzakirələr olacaqdı. Mənimlə bərabər, Əminə Yusifqızı da bu filmə dəvət olunmuşdu. Filmdə həyat yoldaşımı oynayacağdı. Əminə xanıma dedim ki, bizi otelə dəvət ediblər, əliboş getməyək. O balaca bir tort aldı, mən isə 2 dənə kəmşirin çaxır. Otelə çatdıq, otağa girəndə bizi rejissor qarşıladı, içəri dəvət etdi. Gördük içəridə bir nəfər də var, üzü pəncərəyə sarı ayaqlarını uzadıb bayıra baxır. Rejissor onu çağırıb dedi ki, Saşa, tanış ol. O bizə tərəf dönəndə gördüm ki, məşhur “I əməliyyatı” filmindəki Şurik, yəni Aleksandr Demyanenko. Məni görən kimi sevincək ayağa qalxdı, əllərini açıb “bay, bay, bay” qışqırmağa başladı. Mən də donub yerimdə qaldım ki, bu məni hardan tanıyır? Axı ona qədər heç bir filmə çəkilməmişdim. Bu vaxt o qayıtdı ki, “kəmşirin, kəmşirin”. Sən demə çaxırlara görə sevinirmiş. Çaxırı məndən aldı, bax beləcə tanışlığımızı qeyd etdik.

- Belə bir heyəti olan filmdə maraqlı hadisələr çox olar yəqin ki...

- Deməli, filmdə mənim dörd uşağım var idi. Çəkiliş üçün üç uşaq tapmışdılar, birini tapa bilmirdilər. Rejissor mənə dedi ki, bir uşaq tapa bilərsənmi? Dedim, əlbəttə, problem deyil. Elə öz oğlumu gətirdim. Filmdə uşaqlarımdan birini oynayan öz doğma oğlum oldu. Filmin “Nizami” kinoteatrındakı premyerasında bildilər ki, uşaq mənim oğlum imiş.

- Bu gün keçmişə baxanda dünyasını dəyişən həmkarlarınızdan kimlər üçün darıxırsız?

- Bu sual mənə çox pis təsir edir... Bir anlıq gənclik illərimə qayıdıram. Sağıma baxıram - yoxdurlar, soluma baxıram - yoxdurlar. Həsən Məmmədov üçün darıxıram. Biz onunla bir evli kimi olmuşuq. Bir yerdə oxumuşuq. Tələbəliyimiz bir yerdə keçib. Sonra da filmlərdə, tamaşalarda tərəf müqabili olmuşuq. Səməndər Rzayev üçün, Vəfa Fətullayeva üçün, Eldəniz Zeynalov üçün, Hamlet Xanızadə, Şahmar üçün darıxıram. Bu adamlar üçün burnumun ucu göynəyir.

- Səhv etmirəmsə, Şahmar Ələkbərovla bir həyətdə yaşamısız?

- Bəli. O vaxtlar kirayə qalmağa ev axtarırdı, mən ona bizim qonşuluqdakı evi məsləhət gördüm. Ailəli idi. Hər dəfə Şahmar pilləkanları çıxanda anam soruşurdu ki, Şahmar, qızımızın nəyi oldu? O da pilləkanları tələsik çıxa-çıxa cavab verirdi ki, hələ heç nə, ay ana, heç nə. Anam sabah yenə soruşurdu, Şahmar, qızımızın nəyi oldu? Bir neçə dəfə bu hal təkrarlandı. Anam bir də soruşanda Şahmar əllərini göyə açıb qışqırdı ki: “Qızınızın iki qızı oldu, ay ana...” Ekiz qızı olmuşdu.

- Ağadadaş Qurbanovu da çox sevdiyinizi deyirlər. Onun faciəli şəkildə ölümü sizə necə təsir etdi?

- Həmin ərəfələrdə biz rayonlarda qastrol səfərində idik. Növbəti çıxışımız Salyanda olacaqdı. Truppa artıq Salyanda idi, mən isə Bakıdan gedib onlara qoşulacağdım. Taksi ilə yola çıxdım. Radio açıq olsa da, qulaq asmırdım, fikrim başqa yerdə idi. Birdən sürücü dedi ki, heyf o aktyordan. Əvvəlcə məhəl qoymadım. Bir də bu sözü təkrar edəndə, soruşdum ki, nə olub, hansı aktyor, aktyora nə olub? Dedi ki, Ağadadaş Qurbanov ölüb. İnanın ki, orda bir vəziyyətə düşdüm, maşını saxladılar, üzümə su vurdular, güclə özümə gəldim. Bir başa mehmanxaya yollandım, hadisə yerinə çatanda məlum oldu ki, rəhmətlik aktyorların qaldığı mehmanxananın eyvanına çıxanda eyvan uçub, faciəli şəkildə həlak olub.

- Teatrın bu günü sizi qane edirmi? Şəraiti demirəm, yaradıcı heyəti, rejissorları, aktyorları nəzərdə tuturam.

- Bilirsiz, bu sənət boşboğazlığı, hap-gopu sevmir. Canlı sənətdir, sənət meydanıdır. Burda gənc, orta yaşlı, qoca söhbəti yoxdur. İstedadlı var, istedadsız var. Rada Nəsibovanı, İlahə Həsənovanı, Anar Heybətovu çox bəyənirəm.

- Keçək “Yeddi oğul istərəm” filminə. Sizi daha çox Şahsuvar obrazına görə tanıyırlar, sevirlər. Rafiq Əzimovun bu filmlə xatırlanması öz istedadının nəticəsidir, yoxsa filmin heyətinin də rolu var?

- Birinci növbədə səmimiyyət deyərdim. Bizim aramızdakı səmimiyyət həddən artıq idi. Kadr arxası bir neçə faktı desəm, özünüz anlayacaqsız. Deməli, filmin çəkilişləri Qobustanın ilan mələyən qayalıqlarında da gedirdi. Mənim bir çantam var idi, onun adına “bərəkətli çanta” deyirdilər. İçində yemək, içmək, hər şey var idi. Hər dəfə onu açıb yerə sərərdim, işıqçıdan tutmuş aktyorlara qədər hamımız birlikdə yeyərdik. Filmin sevilməsinin səbəbi də bu idi. Yeddimiz də o filmdən sonra hər gün bir yerdə idik, bizə “Möhtəşəm yedillik” deyirdilər.

- Təbii ki, bu film sizə böyük şöhrət gətirdi. Təkcə aktyorlar üçün yox, Azərbaycan kinosu üçün də kifayət qədər uğurlu film oldu. Bu tərəflərini bir yana qoyaq. Bu film sizə nə qədər gəlir gətirdi, nə qədər pul qazandız?

- Günümüzə o vaxtın pulu ilə 25 manat alırdıq. Bu məbləğ baş rol ifaçılarına, yəni yeddi nəfərə, eyni zamanda Gəray bəyi oynayan Həsənağa Turabova və gizir rolundakı Hamlet Xanızadəyə aid idi. İndi siz soruşun ki, bizim atlarımızın günlüyü nə qədər idi?

- Nə qədər idi?

- 50 manat...

- Səhv etmirəmsə, çəkiliş vaxtı, elə o əlli manatlıq atlardan biri sizi dişləmişdi...

- Adə, hər şeyi bilirsən ki... Hə, biz o səhnəyə ad qoymuşduq, “Bəxtiyarın Humayı döydüyü səhnə”. Bəxtiyar Humayı döyəndə, mən onu sakitləşdirmək üçün atın cilovuna əl atıram. Bu vaxt necəsə olur, atın dişi mənim alnıma batır. Üzüm-gözüm qan içində, mən də elə bilirəm tər axır. Birdən Həsən qışqırdı ki, Tofiq müəllim, Əzimovu qan apardı. Çəkilişi saxladılar, müdaxilə etdilər, yoluna qoyduq.

- Başa düşdüyüm qədər “Yeddi oğul” arasındakı münasibətlər çox yaxşı olub. Bəs, necə olur ki, yeddi oğuldan biri, Zalımoğlu rolunu oynayan Ələsgər İbrahimov 37 yaşında gözünüzün qabağında ölür, dəfn olunur, ancaq sizin heç birinizin bundan xəbəri olmur? Hətta məzarının da harda olması məlum deyil...

- Hə... Bu bizim hamımızın yaralı yeridir, onun ölümü bizi məhv etdi. Biz onu “Yeddi oğul istərəm”dən qabaq başqa filmlərdən tanıyırdıq. Çox yaraşıqlı oğlan idi. O vaxt “İçəri şəhər”də 3-4 yaraşıqlı oğlan var idisə, biri də Ələsgər idi. Filmdən sonra daha yaxın olmuşduq. Bir müddət sonra o xəstəliyə tutuldu. Onu görmək üçün yanına getdik. Mən onu görəndə inanmadım, o cür boy-buxunlu, yaraşıqlı adam çox pis halda idi. Hətta ağlamaq tutdu məni. Ağır xəstəliyə tutulmuşdu. Sonralar necə oldu bilmədik. Çünki “Yeddi oğul istərəm”dən sonra hər il bir filmə çəkildik. Başımız qarışdı çəkilişlərə, bir də xəbər tutuq ki, Ələsgər artıq həyatda yoxdur. Bu bizə çox pis təsir etmişdi...

- Yeddi nəfərdən üçü sağ qalıb. Siz, Şeyx Əbdül Mahmudov və Ənvər Həsənov. Görüşürsüzmü?

- Bu yaxınlarda bizi bir verilişə dəvət etmişdilər. Əbdül gəlmişdi, Ənvər yox.

- Niyə?

- Nə bilim, görünür, diqqətsizliyə görə küskündür.

- Filmin sonunda Bəxtiyarın komsomol biletlərinə baxdığı səhnə var, Azərbaycan kinosunun ən təsirli səhnələrindən biridir. Bəs siz necə, Şahsuvar olaraq dünyasını dəyişən Bəxtiyarı, Qəzənfəri, Mirpaşanı, Zalımoğlunu necə xatırlayırsız?

- Bizim dəniz kənarında bulvarda təsadüfən çəkilən bir şəklimiz var...

- Bəli, çox gözəl şəkildir, o şəkli mən də telefonumda saxlayıram. Hamınız ordasız.

- Bax, o şəkil təsadüfən çəkilib. Mən o şəkli böyütmüşəm. Demək olar ki, hər yerə özümlə aparıram. Nə qədər ki, sağam, o şəkil də, o uşaqlar da mənimlə olacaq. Bir maraqlı məqamı da qeyd edim ki, Bəxtiyarın baxdığı o komsomol biletlərində adlar filmdəki obrazlarımızın adı olsa da, soyadlarımız öz soyadlarımızdır. Məsələn:

Bəxtiyar Məmmədov

Qəzənfər Ələkbərov

Qasım Mahmudov

Mirpaşa Mehdioğlu

Zalımoğlu İbrahimov

Şahsuvar Əzimzadə

Cəlal

Və:


Müəllif: Elçin Murad, Xəzər Süleymanlı