Mən normal film düşünürdüm, ancaq bu dərəcədə yersiz söyüşlərin, hərəkətlərin olacağını gözləmirdim.
Bu sözləri Teleqraf.com-a tanınmış aktyor Əjdər Zeynalov fevralın 21-də premyerası keçirilən, ancaq yayımdan çıxarılan “Güləhməd” filmi haqda açıqlamasında deyib.
Filmdə rol almış aktyor bildirib ki, onun fərqli təəssüratı yoxdur:
“Hamı kimi mənim də filmə münasibətim mənfidir. Bilirsiz, hər şeyin öz yeri, ölçüsü, mənası olmalıdır. İstənilən söz, ifadə hansısa hadisəyə, hərəkətə uyğunlaşmalıdır.
Mənim oynadığım rolda da bəzi səhnələrdə qeyri-etik ifadələr vardı. Mən hələ çoxunu çıxartdırdım. Dedilər, qalan yerlərdə siqnal səsi olacaq, sizlik deyil. Daha artıq şeylər tələb edirdilər, başa saldım ki, mən ciddi aktyoram, bunlar mənlik deyil. Belə fəndlərlə tamaşaçıları güldürməyə cəhd etmək biabırçılıqdır.
Hər millətin, toplumun öz dəyərləri var, bunları bilmək lazımdır. Mən ciddi komediyanı sevirəm. Söyüş, vulqar ifadələr komediya deyil. Hərəkət və hadisə özü gülüş yaratmalıdr”.
Filmdə rol alan digər aktyor Natiq Fərzəliyev isə filmi hələ izləmədiyini, ancaq bəzi məqamlardan xəbərdar olduğunu deyib:
“Tam səmimi deyəcəm, mən bu filmə pula görə çəkilmişəm. Yəni sənət baxımından hansısa yüksək gözləntilərim olmayıb. Filmə baxmamışam. Qala gecəsində başqa yerə getməli idim deyə tez çıxdım. Ancaq çəkilişlər zamanı bəzi məqamlarda rejissora etirazımı bildirmişdim”.
Filmdə epizodik rol ifa edən xalq artisti Arif Quliyev hər şeydən razı qaldığını açıqlayıb:
“Mən o filmdə epizodik rola çəkilmişəm. Film haqqında fikirlərim budur ki, gənclərin bu sahədə atdığı hər addımı dəstəkləyirəm. Ümumi məlumat üçün filmin rejissoruna, ssenaristinə, baş prodüserinə müraciət edin. Mən bu haqda heç nə danışa bilmərəm”.
Qalmaqallı filmin qala gecəsində zalı tərk edən tanınmışlardan biri də “Xənnas” filminin rejissoru Elvin Abdulla olub:
“Film başlayandan 6-7 dəqiqə sonra Kənan MM ilə mən zalı tərk etdik. Film ilk dəqiqələrindən məlum idi ki, onun keyfiyyəti necə olacaq...
Rəssam, qrim, aktyor işi demək olar ki, yox idi. Yəni o filmdə kino adına bir şey olmadığına görə nəsə danışmağa söz tapmıram. Filmdə ata öz qızı ilə söhbətdə söyüşlərdən istifadə edir. Bu, Azərbaycana, azərbaycanlılara təhqirdir. Mən əsəblərimə güclə hakim oldum, etiraz olaraq zalı tərk etdim.
Çox təəssüflənirəm ki, başqa ölkənin rejissoruna etimad göstəriblər və öz istedadlı insanlarımıza inanmayıblar. Halbuki bizim rejissorluq fakültəsinin tələbələri bu filmin rejissorundan daha savadlı və istedadlı əsər çəkərdi”.
“Güləhməd” filminin baş prodüseri Vüqar Cavadov zərərçəkmiş tərəf olmasına baxmayaraq, filmin yayımının əleyhinə olduğunu söyləyib:
“Çəkiliş prosesində çox vaxt iştirak edə bilmirdim. Ancaq müdaxilə edirdim və rejissora bildirirdim ki, bu cür vulqar ifadələr, etikadan kənar sözlər filmdə olmasın. Yəni bu mövzuda tapşırıqlar vermişdim. Qala gecəsində isə anladıq ki, filmi yayımlamaq olmaz.
Çəkiliş prosesindən kənarda qalmağımın bir səbəb də o idi ki, istəmirdim yaradıcı heyətə mane olum. Elə səhnələr vardı, orda mənim olmağım aktyorlara mənfi təsir edə bilərdi.
Filmin plagiat olduğu da ehtimal edilir. Bu, Türkiyədə çəkilən “Gülcamal" filminin oğurluq versiyası kimi nəzərə çarpır. Ancaq bizim nə ssenarinin, nə də bütövlükdə filmin plagiat olmasından xəbərimiz vardı.
Filmdə texniki qüsurlar da çoxdur. Qala gecəsində iştirak edən media nümayəndələri, sənət adamları da bu barədə öz fikirlərini bildirə bilər.
Filmdə çalışan və rol alan aktyor və texniki heyət razılaşdırılmış qaydada qismən və ya tam öz qonorarını alıb. Bəzi aktyor və əməkdaşlara qalan ödənişlər isə tərəflər arasında olan razılaşmaya əsasən, film kinoteatrlarda yayımlandıqdan sonra və gəlir gətirəcəyi halda ödənilməli idi”.
Güləhməd rolunun ifaçısı Rəşad Vahidzadə də sərt fikirlər səsləndirib:
“Çəkiliş prosesində rejissora dəfələrlə demişdik ki, montajda qeyri-etik ifadələrin hamısı çıxarılsın. O da bizi inandırmışdı ki, həmin ifadələrin işləndiyi səhnələrdə siqnal səsi olacaq. Əgər mən öz ana-bacımı o filmə baxmağa aparacaqdımsa, o söyüşlərin filmdə olmasına icazə verə bilməzdim.
Montaj prosesində rejissorun vaxtı olmadığı üçün əlavə pul ödəyib montajçı gətirdik. Mən montaj prosesində şəxsən özüm iştirak etmişəm. Orda bir dənə etikadan kənar ifadə saxlamadıq, hamısını çıxartdıq. Ancaq rejissorla müqaviləmizə görə, film ən sonda rejissorun qərarı və təsdiqi ilə yayımlana bilər. Biz montajdan sonra filmi rejissora göndərdik, o ərəfələrdə başımız filmlə bağlı başqa məsələlərə qarışdı.
Vaxtımız az idi, hər şey qısa müddətdə yekunlaşmalı idi. Filmi kinoteatrda bu qısa vaxt ərzində görmək bizim üçün sürpriz oldu. Filmə baxanda zalı tərk edən ilk insan elə mən oldum. Orda elə sözlər, elə ifadələr işlənirdi ki, inana bilmədik. Dərhal kinoteatrın rəhbərliyinə müraciət etdik ki, filmin nümayişi dayandırılsın.
Filmin plagiat olmasından xəbər tutanda artıq 90 faiz çəkiliş olmuşdu və 70 min manat pul xərcləmişdik. Geriyə yolumuz yox idi. Məcbur olduq ki, ssenaridə kiçik dəyişikliklərlə çəkilişləri davam etdirək”.
Aktyor deyib ki, bu filmə görə uzun müddət saç, saqqal, dırnaq uzadıb:
“Ətrafımdakıların mənə mənfi münasibətlərinə dözürdüm. Təbii ki, həm maddi, həm də mənəvi zərərlərin qarşılığını tələb edəcəm”.
Qeyd edək ki, fevralın 21-də premyerası baş tutan “Güləhməd” filminin kinoteatrlarda yayımı dayandırılıb.
Filmin rəsmi və hüquqi mülkiyyət sahibi "İmperator Lion M" şirkətidir. Şirkətin rəhbəri Vüqar Cavadov həm də baş prodüserdir. Rejissor və ssenarist isə Mətin Yücəldir.
Filmdə qeyri-etik, vulqar ifadələr işlədilib, eyni zamanda onun plagiat olduğu iddiası ortaya çıxıb. “Güləhməd” Türkiyədə çəkilmiş "Gülcamal" filminin oğurlanmış versiyası sayılır.
Filmin büdcəsi 80 min manatdır.