“Bizim Yavərlə zarafatımız var. Onunla heç vaxt dalaşmaram. Niyə dalaşmalıyıq?”
Bunu AzVision.az-a Xalq artisti Oqtay Mirqasımov dünən Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə rejissor Yavər Rzayevlə əlbəyaxa dalaşması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.
İddia edilir ki, Yavər Rzayevin kino gününə dair hazırladığı sənədli filmdə O.Mirqasımovun filmlərinin adının yer almaması onun narazılığına səbəb olub.
Rejissor isə deyilənləri inkar edib: “Bu zarafat idi, bir az deyib güldük, zarafatlaşdıq, vəssalam. Davamız olmayıb, bizim zarafatımız var”.
Rejissor Yavər Rzayev məsələ ilə bağlı Publika.az-a danışıb.
O bildirib ki, baş verən hadisəni media şişirdib:
“Nə əlbəyaxa dava, nə qalmaqal? Bu, sadəcə kiçik anlaşılmazlıq idi. Orada şişirtməli heç nə yoxdur. Əgər ciddi dava olsaydı, orada olan hər kəs bizi çəkərdi. Əslində, narazılıq olmuşdu. Tədbir bitəndən sonra Oqtay bəylə söhbət edib məsələni həll etdik. Heç özüm başa düşmədim ki, niyə belə oldu".