17 Avqust 2018 10:00
15 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətovadır.

Qurban Yaquboğlu: Tərcümeyi-halınızda maraqlı məqamlar var. Sumqayıt Dövlət Dram Teatrında ali təhsilsiz fəaliyyətə başlamısınız. Keçmiş zamanlarda, məsələn, 1920-30-cu illərdə bu, adi hadisə sayılardı, amma 90-cı illərdə təhsilsiz teatra gəlmək necə mümkün ola bilərdi, maraqlıdı... Teatra gəlişinizin tarixçəsi necədi?

- Onda sənədlərimdə bir az qarışıqlıq vardı, Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olmaq üçün hazırlaşmışdım, texniki peşə məktəbinin məzunu olduğuma görə bir illik iş stajı tələb edərək müsabiqəyə buraxmadılar. O vaxt atam 41 nömrəli texniki peşə məktəbində çalışırdı. İstəməyərək, rəfiqəmin yerinə o məktəbə gedib düşmüşdüm, taleyin qisməti idi.

Mənim orta məktəbdə qiymətlərim normal idi, səhv etmirəmsə, cəmi bir “3” qiymətim vardı, o zaman üç sinifdən bir sinif yığırdılar və şagirdlər 9-cu sinfə keçirdi. Həmin qızın sənədlərini texniki peşə məktəbinə vermişdilər, onun anası atamdan xahiş elədi ki, bilirik, orada işləyirsiniz, bəlkə onun sənədlərini götürəsiniz, başqa məktəbə vermək istəyirik.

Peşə məktəbinin direktor atama deyib ki, həmin qızın əvəzinə başqasının sənədi qoyulmalıdır, yalnız o halda sənədi götürmək olar. Atama məsləhət görüblər ki, bəlkə qızınız gəlib oxusun... Atam da razılaşmışdı. Həmin peşə məktəbi kimya üzrə idi. Bilirdim ki, 9-cu sinifdə bizə çox əzazil müəllimlər dərs deyəcək, qorxumdan dedim ki, razıyam. Taleyimi öz əlimlə qarışığa saldım. Texniki peşə məktəbinə getdim, amma kaş getməyəydim.

Nərgiz Ehlamqızı: Demək, özünüzə yad sahədə, kimya üzrə peşə təhsili aldınız?

- Bəli, mənə tamamilə yad sahə idi... Amma peşə məktəbində oxuya-oxuya instituta hazırlaşdım. Bayaq dediyim kimi, sənədlərimi İncəsənət İnstitutuna təqdim edəndə qəbul eləmədilər, dedilər ki, texniki peşə məktəbini bitirmisiniz, yalnız öz profiliniz olan tibb üzrə təhsil ala bilərsiniz. Mən də həvəslə hazırlaşdığım üçün institutun qarşısında ağlayıb özümü öldürürdüm...

Sumqayıt Dram Teatrına gəldim, institut üçün hazırladığım kompozisiyanı nümayiş etdirdim, baş rejissor Yusif Əkbərov çox bəyəndi və məni köməkçi heyətə götürdülər.

Orada bir il işlədim, mənə baş rollar verdilər. Bəxtimdən həmin il teatra Rafiq Səməndərovun “Dərs” əsəri gəldi. Hadisələr məktəbdə baş verirdi, mənə yaxın olan mövzu idi, baş rol “Sevda” mənə həvalə olundu və çox uğurlu alındı. Tamaşa ilə demək olar ki, bütün rayonlarda qastrollarda olduq.

Mənim dublyorum da vardı, administrator dublyoru aparmırdı ki, səndə daha gözəl alınır. İlk avtoqrafımı 16 yaşımda vermişəm. O vaxt teatrın direktoru artıq Ağalar Mehdiyev idi, axşam ziyafətdə çox qürurla qeyd elədi ki, 16 yaşında qız bu gün tamaşaçının sevimlisi oldu. Rayonlarda, Sumqayıtda teatrda tamaşanı oynayırdım, uşaqlar məndən əl çəkmirdilər, qucaq-qucaq güllər gətirirdilər. Hətta Sumqayıtda yolda gəzəndə uşaqlar arxamca düşüb “Sevda-Sevda” deyə çağırırdılar. Tetra gəlişim belə oldu.

Qurban Yaquboğlu: Adətən, incəsənət adamlarında bu sahəyə maraq erkən dövrdən başlayır...

- Uşaqlıqda mahnı oxumağa çox marağım olub. Rəqs eləməyi sevmişəm, əmim qarmon çalırdı, mən də onun yanında oxuyurdum. Aktyorluğa da marağım vardı, televiziyada nümayiş etdirilən bütün tamaşalara baxırdım. “Komediyalar aləminə səyahət”, “Hekayə axşamı” kimi verilişlər vardı... Bütün aktyorlarımızı üzdən tanıyırdım.

Amma ailəmiz o qədər ciddi idi ki, heç zaman ağlıma gəlməzdi, aktrisa olacağam. Hamısı Allahın qismətidir. Desəydim ki, aktrisa olmaq istəyirəm, valideynlərim icazə verməzdi, qorxumdan evdə bu barədə kəlmə deyə bilməzdim.

Zümrüd Kərimova: Bəs aktrisa olmaq üçün instituta necə hazırlaşdınız?

- O vaxt tələbə həyatından bəhs edən “5 üstəgəl 3 nöqtə” verilişi vardı. Bir dəfə evdə hamı yatmışdı, həmin proqrama atamla ikimiz baxırdıq. O ərəfədə düşünürdüm ki, sənədlərimi haraya verim. Verilişdə İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinin uşaqları çıxış edirdilər, atam dedi ki, ay Hüsniyyə, bəlkə sənədlərini bu fakültəyə verəsən. Beynində aktrisalığı yox, klub direkorluğunu nəzərdə tuturdu. Mən də bilirdim ki, bu fakültə İncəsənət İnstitutundadır. Sevindim, əsas o idi ki, sənədimi bu ali məktəbə verə bilim. Həyəcandan yatmadım, atamın məsləhəti bütün gecəni xoşbəxt keçirməyimə səbəb oldu. Fikrimdə aktrisalıq idi...

Beləcə, teatrda çalışa-çalışa qiyabi bölmədə oxudum, 5 il Sumqayıt Dram Teatrında çalışdım.

Sonra Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdum, İlham Namiq Kamal məni “oğurlayıb” “İlham” minüatur teatrına apardı. 3 il orada işləyəndən sonra Bakı Bələdiyyə Teatrına getdim. Hər bir teatrdan öz arzumla böyük mübahisələrlə çıxmışam, heç bir teatrda direktor məni buraxmaq istəmirdi.

“DƏLİ, LAL, KOR OBRAZLARI OYNAMAQ İSTƏRDİM...”

Mənsur Rəğbətoğlu: Bu, peşəkarlığınızdan irəli gəlirdi, yoxsa kadr çatışmazlığı vardı?

- Yəqin peşəkarlıqdan irəli gəlirdi. Çünki hər teatr istəyirdi ki, orada işləyim. Sumqayıt teatrının baş rejissoru Ağalar Mehdiyev dəfələrlə ərizəmi cırıb atmışdı, İlham müəllim də deyirdi ki, hara və niyə gedirsən...

Sevda Səlimova: Doğrudan niyə gedirdiniz ki?

- Əvvəldən Bakı teatrlarında işləməyi düşünürdüm. Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdum, belə alındı ki, “İlham” miniatür teatrına getdim. Mən dram aktrisasıyam, darıxdım və Bakı Bələdiyyə Teatrına üz tutdum. Dram teatrında işləmək istəyirdim, həm də Amaliya Pənahovanın sənətinə, özünə, şəxsiyyətinə böyük hörmətim var, fikirləşirdim ki, mənim üçün bu teatrda çalışmaq daha yaxşı olar.

Doğrudan da daha yaxşı oldu. Getdiyim gündən Amaliya xanım məni rəhbərlik etdiyi teatra işə götürdü. Orada əməkdar artist adına layiq görüldüm. İlk gündən bütün repertuarlarda varam.

Qurban Yaquboğlu: Bəs kino?..

- Kinolarda da rollarım var. 1998-ci ildə rejissor Mərahim Fərzəlibəyovun “Qırmızı qar” filminə çəkilmişəm. Xocalı soyqırımının ildönümündə hər dəfə efirə verilir. Həmin filmdə baş rol ifaçısıyam, qız şəhid olur, sonda iki uşaq sağ qalır. Sonra Mərahim Fərzəlibəyov məni “Mənim ağ şəhərim” filminə çəkdi. Cavid İmamverdiyevin “Daş atan”, bu yaxınlarda Rafiq Rəsulovun “İkinci güllə” filmində yer almışam. Orxan Mərdanın rejissorluğu ilə yeni “Qaragöz” komediya filminə çəkilmişəm.

Dövlət televiziyasında qızıl fondda olan tamaşalarımız var, “Anamın kitabı”nda Gülbahar obrazını canlandırmışam. Nurəngiz Günün müharibədən bəhs edən “Salamat qal, ağca yol” əsərində şəhid anasını, yaşlı qarını oynamışam. Nurəngiz Gün poemanı söyləyib, mən də onun sözlərindən çıxış edərək ananın nə hislər keçirdiyini göstərmişəm. Təzəlikcə Elçin Cahangirin “Qorxaq” komediya filmində baş rola dəvət olunmuşam.

- Özünüzü dramatik aktrisa sayırsız, amma komik rollar da oynayırsız...

- Obraza baxıram, marağımı çəkirsə, niyə də olmasın? Ən əsası odur ki, obrazın “işi” olsun, rol kiçik də ola bilər.

Nərgiz Ehlamqızı: Həm də seriallarda yer alırsınız...

- Bildiyiniz kimi Xəzər TV-də gedən “Aramızda qalsın” serialında çəkilmişəm. 2 il Gülnarə obrazını oynamışam. Bu komik serial olsa da, obrazım ciddi idi. Məni görəndə insanlar soruşurdu ki, niyə Azər Axşama gün vermirsiniz?.. Deyirdim, vallah, mənlik heç nə yoxdur, rolun tələbidir. Feysbukda kiminsə mesajına cavab verməyəndə yazırdılar ki, siz elə həyatda da Gülnarəsiniz.

Bir dəfə maşınım xarabladı, Sumqayıta taksi ilə gedəsi oldum. Həmin dövrdə Zaur Baxşəliyevin verilişində ekspert kimi iştirak edirdim. Taksi şoferi qayıtdı ki, gör mənim maşınıma kim minib, o gün uşaqlara deyirəm, gəlin baxın, Gülnarə ağlayır e... Mən də izah edirəm ki, mən Hüsniyyəyəm, Gülnarə isə obrazdır... Şükürlər olsun, tamaşaçılar tərəfindən hər obrazıma aid xoş sözlər eşitmişəm.

- Arzusunda olduğunuz hansı rol var ki, indiyədək dəvət gəlməyib?

- Psixoloji rolları çox sevirəm, dəli, lal, kor obrazlarını canlandırmaq istərdim. Hər adamın yarada bilmədiyi çətin rolları oynamaq arzusundayam. Ki, desinlər Hüsniyyə gördünüz neylədi? Adi obrazı hamı yarada bilər. İndi yoldan keçənləri də dəvət edirlər və məşhurlaşmaq çox asandır. Amma o sənət deyil axı.

- Təklif olunan rolda sərhəd hara qədərdir?

- Açıq-saçıqlığa qədər. Rolda partnyorla qucaqlaşmaq, ona nəvaziş göstərmək olar... Ondan o yana yox.

Zümrüd Kərimova: Gənclərdən kimin istedadına güvənirsiz?

- İstedadlı gənclərimiz çoxdur. Bizim teatrda da məsələn, Zülfiyyə Qurbanovanın adını çəkə bilərəm. Eləsi var çox xoşuma gəlir, boy-buxunu, sifət cizgiləri gözəldir.

- Pərvin Abıyevanı nəzərdə tutursunuz?

- Bəli, o qızın sifət cizgilərində millilik var, qara qaş, qara göz...

- Bəs aktrisalığı?..

- Yaxşıdır, amma öz üzərində işləsə daha mükəmməl olar. Modeldir, istedadı varsa, niyə də bu sənətə gəlməsin? Mən onun əleyhinə deyiləm, mən istedadsızların sənətə gəlişinə qarşıyam. Qəşəng qızlarımız çoxdur, gərək bir sadə və təvazökar olsunlar, olduqları yerdə dayanmasınlar, daha yaxşısı üçün çalışsınlar, hər günü sıfırdan başlasınlar. Böyük kimi məsləhətim budur.

Həmişə gənclərimizi dəstəkləyirəm, özüm sənətə 16 yaşımda gəlmişəm, çox çətinliklərlə qarşılaşmışam, qarşımı kəsənlər çox olub. Gənclərimizi sevirəm və heç zaman onlara qarşı olmaram.

- Sizi dublyajlardan daha çox tanımışıq, dublyajın çətinlikləri nələrdir?

- Ümumiyyətlə, dublyaj sənəti çox çətindir. Qaranlıq və havasız otaqlarda vaxt keçirdiyimə görə gözlərim tamam zəifləyib, ürəyimdə hava çatışmazlığı yaranıb. Mütləq gözəl, qulağayatımlı səsin, diksiyan olmalıdır, ləhcə ilə danışığın insanları əsəbiləşdirməməlidir. Mən səsimi çox yaxşı dəyişə, həm uşaq, həm yaşlı qadının səsini yaza bilirəm. Bəzən olur ki, baş rolu kiməsə verirlər, deyirəm, axı niyə gözəl səsimi korlamalıyam, yaşlı şəxs dəvət edin, yaşlı qadının səsini yazsın, mən də öz obrazımı. Dublyajda eqoistliyim var, səsimin qədrini bilirəm.

- Şəxsi həyatınızda nələrisə öz peşəniz üçün qurban vermisiniz?

- Yox, həyat yoldaşım aktrisa olmağıma razı idi. Özü rejissor, atası aktyor idi, ailəmizdə bu mövzuda heç bir problem yox idi.

Qurban Yaquboğlu: Altı illik ailə həyatından sonra problem hardan çıxdı?

- Xasiyyətlərimiz tutmadı... Sadəcə bu... Evliliyimizin ilk illərində çox qısqanc idim. Sonra bu da aradan qalxdı. Oğlum Orxan dünyaya gələndən sonra mehrimi daha çox uşağa saldım. Yoldaşım hərdən deyirdi, daha deyəsən, məni sevirmirsən, az-az zəng edirsən.

Yadımdadı, o, evdə olmayanda tez-tez zəng edib soruşurdum, hardasan, neyləyirsən?.. Dəli kimi qısqanırdım. Burc FM-də prodüser işləyəndə musiqilərdən vaxtı tuturdum, bilirdim ki, hə, indi işdən çıxdı, avtobusa minəcək, metroya bu qədər vaxt sərf edəcək, Sumqayıta gələcək... Pilləkənləri çıxanda bilirdim ki, bu odur...

“SƏBİRSİZ MƏN OLDUM...”

Nərgiz Ehlamqızı: Sevgi romanınız harada başlamışdı?

- Bakı Bələdiyyə Teatrından. Orada işləyirdi. Mən Cavid Təvəkküllə ailə quranda hələ rejissor deyildi, rejissorluğa sonra, mənimlə başladı.

- Bəlkə münasibətləri aşırı qısqanclıq bitirib? Hər ikiniz yaradıcı adam...

- Ayrılığa gətirən səbəb qısqanclıq olmadı... Bəlkə də bir az səbir etsəydim, hər şey yaxşı qurtarardı... Səbirsiz mən oldum. İş yoldaşlarım da deyirdi ki, çox çətinliklər çəkdiniz, hər şey yaxşı olan vaxtda, niyə ayrıldın? Biz ayrılandan sonra o, barışmaq istədi. Evdən ailəsi göndərmişdi ki, barışın, yenə mən razılaşmadım. Dedim, sənə halallıq verirəm, get evlən, xoşbəxt ol. Düşündüm ki, yəqin bizimki tutmur. O da ailənin bir oğluydu, fikirləşdim bəlkə başqası ilə daha xoşbəxt olar. Onun xoşbəxtliyi üçün ayrıldım. Ona indiki ailəsi ilə də xoşbəxtlik arzulayıram... Çox istedadlı rejissordur. Oğlumun atasıdır, heç bir qüvvə bunu dəyişdirməyəcək, ölənə qədər də oğlumun atası olaraq qalacaq.

Allah hər kəsə can sağlığı versin, düşmənimə də pislik arzulamayan insanam. Bəlkə başqa şeylər də vardı, araya şeytan girdi. Mən bilmədim. Qismət...

- Görünür, ayrılıq münasibətləri kökündən korlamayıb...

- Hər ikimiz övladımızı çox sevirik. Atasıdır, niyə də övladımı onun məhəbbətindən məhrum etməliyəm? Orxanın babası Təvəkkül müəllimlə də münasibətimiz çox yaxşıdır. Oğlumun bir problemi olanda babasına zəng vururam, onunla məsləhətləşirəm. Bəziləri eqoist davranır, uşaqlarını düşünmürlər. Uşağını düşünən valideyn heç vaxt intriqaya getməz.

Uşaq atasını görməlidir, bu onun haqqıdır. Təzə ayrılanda özüm deyirdim ki, Orxana zəng elə, diqqət göstər, darıxmasın.

- Sirr deyilsə, niyə ikinci dəfə ailə qurmadınız?

- Mən də xoşbəxt olmaq istəyərdim. Təkliflər aldım, amma razılaşmadım. Oğlumu düşündüm. Bəlkə də sevsəydim heç nəyə baxmazdım. Sevgi isə olmadı...

- Açıqlamanız vardı ki, oğlum aktyor olmaq istəsə, mane olmaram. Bəs oğlunuz niyə aktyorluğu seçmədi?

- Özü istəmədi. İstanbul Yüzyıl Universiteti rejissorluq ixtisası üçün tam burs vermədi deyə turizm istiqamətinə yönəldi. Karabuk universitetinə qəbul olub, inşallah Türkiyədə təhsil alacaq.

- Bakı Bələdiyyə Teatrı yeni mövsüm üçün hansı tamaşa hazırlayır?

- İnşallah sentyabrda iki tamaşa təhvil verəcəyik. Birini Mərahim Fərzəlibəyov Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hazırlayır. Kompozisiyalı tamaşadır, səhnədə aparıcılar olacaq, onlardan biri də mənəm. Bəhram Osmanov Molyerin “Tartüf” əsərini tamaşaya qoyacaq. Orada da Dorina obrazını oynayacağam.

Qurban Yaquboğlu: Məncə, lirika sizə daha yaxındır...

- Mənə rejissorlar həmişə döyüşkən, daxili güclü xanımların obrazını verirlər. Teatrda Banunu oynamışam, özünü Dəli Domrulun yolunda fəda edir. “Qırmızı qar” filmində mərd xanımı canlandırmışam, mənim üçün şərəfdir ki, Azərbaycanda ilk dəfə müharibəyə aid film çəkildi və belə bir obrazda oynadım. Onu da doğru vurğuladınız, məni rejissorlar lirik obrazda göstərməyiblər. Düzdür, teatrda lirik obrazlarım olub, filmdə də istəyərəm.

Nərgiz Ehlamqızı: Siyasətlə aranız necədir?

- Siyasətdən tamamilə kənaram.

Qurban Yaquboğlu: Hansı filmlərə baxırsınız?

- İnanın, gərgin iş qrafikinə görə neçə illərdir oturub bir filmə axıradək baxmıram. Azərbaycanda premyeralara dəvət edəndə gedirəm. Oğlum filmlərə məndən çox baxır.

Sevda Səlimli: Oğlunuz sizin fanatınızdır?

- Yox, inanmıram. Mənim sənətimə bağlı deyil, sadəcə uğurum olanda sevinir, təbrik edir.

- Yəqin atasını çox istəyir.

- Yox, məni daha çox istəyir. 17 yaşı var, çılğın dövrüdür, öz gəncliyini yaşayır, uşaqlarla dəniz qırağında gəzir, pleysteyşn oynayır, yol üstədir deyə ancaq dostları ilə vaxt keçirir. “Qarabağ”ın oyununa getməyi xoşlayır, bu yaxınlardan yenə komandasını dəstəkləməyə getmişdi, stadiondakı fotolarını tapıb göstərmişəm sevindi.

- Sizin “Qarabağ”a münasibətiniz necədir?

- Mən də dəstəkləyirəm, Qarabağ bizim yaralı yerimizdir, ad olaraq fəxrimizdir, Qurban Qurbanova böyük hörmətimiz var. Amma futbola stadionda baxa bilmirəm, oğlum icazə vermir, deyir, söyüş söyürlər.

“CƏLİL CAVANŞİR MƏNƏ SÖZ VERDİ”

Qurban Yaquboğlu: Şeirə meyliniz hiss olunur, şeirləri səsləndirirsiniz. Hansı şairləri sevirsiniz?

- Çox şeir oxumuşam, 2013-cü ildə hətta şeirlərdən ibarət albomum da çıxıb. Albomda klassiklərimizin də, müasirlərimizin də şeiri vardı. Cəlil Cavanşirin “Susma”, “Qayıt” şeirlərini səsləndirmişəm. Cəlil həmişə deyir ki, məni şair kimi tanıtdınız, siz uğur mələyimsiz. Ramiz Rövşəni çox sevirəm. “Qara paltarlı qadın”, “Ayrılıq” şeirlərinə vurğunam. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini oxumuşam. Bəxtiyar Vahabzadənin, Cəfər Cabbarlının şeirlərini demişəm.

- Cəlil Cavanşir intihara cəhd edəndə gedib baş çəkdiniz?

- Çox narahat olmuşdum, həmin an mənim zəngimə cavab vermədi, bir neçə gün sonra yazdı ki, bildim, çox narahat olmusunuz, çox sağ olun. Dedim, ay Cəlil, bu nə hərəkətdir, bizim kimi dostların var, insanın öz həyatına qəsd etməsi nə deməkdir?.. Öz canımızın qədrini bilməsək, deməli, heç nəyin qədrini bilmərik. Ölümdən başqa hər şeyə çarə var. Özünə qəsd edən insanları bağışlamıram. Bu həyat sənə bir dəfə verilib, səni kimsə neqativlə yükləyirsə, incidirsə, onu Allaha tapşır, yoluna davam elə. Dedi, bir daha bu səhvi təkrarlamayacaq.

Nərgiz Ehlamqızı: Bəzən cəmiyyətin təpkisi insanı depressiv vəziyyətə gətirib çıxarır. Bu yaxınlarda dünyasını dəyişən Anar Nağılbaz kimi...

- Anarın ölümünə çox pis oldum. Deyirdilər serrozdu, , amma depressiv vəziyyət xəstəliyi daha da gücləndirir və səni ölümə aparır. Elə xərçəng xəstəsi var, o qədər pozitiv olur ki, hətta xəstəliyi də dəf edir.

Anar Nağılbazla bağlı video yayılanda dedim, özünə hörmət qoyan insan kiminsə intim həyatı ilə bağlı videoya baxmaz. Həmin videonu kim yayıbsa, onu məhkəməyə vermək lazımdır. Bir adamın həyatına son qoyuldu. Anar həssas insan olduğu üçün neqativləri boş vermədi, ətrafında elə insanlar olmalı idi ki, onu sosial şəbəkələrə daxil olmağa qoymamalıydı.

Neqativ insanları heç nə ilə razı salmaq olmur, ancaq bir cəhətləri olur: danışıb-danışıb dayanırlar.

- Həyat haqda düşüncələriniz nədən ibarətdir?

- Son zamanlar bəlkə də yaş ötür deyə belə qənaətə gəlmişəm ki, həyat boşdur. Sanki oyun oynayırıq, hər şeyin başlanğıcı olduğu kimi sonu da gəlib çatacaq. Əslində pozitiv insanam, düşünürəm ki, mehriban olmaq, hər günü son gün kimi yaşamaq lazımdır. Onda məncə, həyat daha maraqlı və gözəl olar.

Hər şeydə bir gözəllik axtarmaq lazımdır, hətta gözəl olmasa belə həyatı gözəl görək. Bizi gözəllik və sevgi xilas edəcək.

Foto: Elnur Muxtar


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər