Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az insanın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs İran kinosunun ən məşhur simalarından biridir.
İbrahim Hatəmikiya – Azərbaycan əsilli iranlı rejissor, aktyor və ssenarist. Hatəmikiyanın filmləri mövzu və janr baxımından çoxşaxəlidir, bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb.
İbrahim Hatəmikiya 1961-ci ildə Tehranda azərbaycanlı ailəsində anadan olub. O, dindar və mühafizəkar bir ailədə böyüyüb. İbrahim Hatəmikiya İncəsənət Universitetinin məzunudur. Kino karyerası İran-İraq müharibəsi ilə bağlı kiçik sənədli filmlər və tammetrajlı bədii filmlər çəkərək başlayıb.
1986-cı ildə “Şəxsiyyət” adlı ilk filmini çəkib. İndiyə qədər Fəcr Film Festivalında çox sayda mükafata layiq görülüb. İranda keçirilən sorğuya görə, İbrahim Hatəmikiya ölkənin kino tarixinin on məşhur rejissorundan biridir.
“Dəməşq saatına görə”
İbrahim Hatəmikiyanın ən məşhur filmlərindən biri “Dəməşq saatına görə” adlanır. Rejissoru və ssenari müəllifi İbrahim Hatəmikiyanın olduğu film 2018-ci ildə ekranlara çıxıb. Film İŞİD terror təşkilatının Suriyada apardığı savaş ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Film İranda ilk dəfə martın 14-də nümayiş olunub. Berlin Film Festivalına da təqdim edilib.
“Dəməşq saatına görə” İrandakı Fəcr Film Festivalında “Ən yaxşı rejissor işi”, “Ən yaxşı film musiqisi” və digər mükafatları qazanıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının ötən il İraqda qətlə yetirilmiş komandanı general Qasım Süleymani və Xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən yüksək qiymətləndirilib. Süleymani filmin nümayişindən sonra onunla görüşərək təbrik edib.
Filmləri və mükafatları
İbrahim Hatəmikiya bunlardan başqa “Mühacir”, “Kəşfiyyatçı”, “Qarxexdən Rhineyə”, “Yaşıl küllər”, “Mino qalası”, “Şüşə agentliyi” və s. filmlərin müəllifidir.
İbrahim Hatəmikiyə İranla yanaşı, 1999-cu ildə San-Sebastiyan Film Festivalında Qolden Şel mükafatına namizəd göstərilib. 2017-ci ildə isə Vyana Müstəqil Film Festivalında “Ən Yaxşı Rejissor” mükafatını alıb.
İranın hakim ideoloji aparatı və İbrahim Hatəmikiya
1979-cu ildə baş verən islam inqilabından sonra İran yeni bir quruluş prosesinə girdi. Dini kimliyə sahib olan inqilab kinoya da öz təsirlərini göstərərək bu sahənin mövqeyinin müəyyənləşməsi və formalaşması proseslərində son dərəcə təyinedici olub. İslam standartları çərçivəsində kinoya qoyulan məhdudiyyətlər spesifik məhsulların ortaya çıxmasına zəmin yaratdı, yəni bundan sonrakı dövrlərdə kino ideoloji təbliğat aləti kimi istifadə edildi. Xüsusilə İraq-İran müharibəsi dövründə dini rejim kinoya kütləvi bir təbliğat vasitəsi kimi baxdı və gənc rejissorları bu sahədə işləməyə təşviq etdi. Müharibə dövrü və bundan sonra İran kinosu ideoloji aparat tərəfindən müəyyən edilmiş mövzular üzərində dayandı, cəbhə və cəbhə arxasındakı proseslər filmlərə köçürüldü. Bu təbliğatın ana xətləri İbrahim Hatəmikiya tərəfindən də qabarıq şəkildə ekranlara daşındı.
Digər iranlı rejissorlar kimi, Hatəmikiyanın filmləri də, tənqidçilər tərəfindən dövlətin ideoloji aparatından istifadə edilməsi və hakim ideologiyanın çatdırılması baxımından təsnifləndirilir, xarakterizə olunur və müzakirə edilir. Filmlərin personajları və mövzuları araşdırıldıqda, Hatəmikiya və digər iranlı rejissorların müharibənin ilk illərindən dini rejimin kino üzərindəki təsiri ilə təşviq edildiyi və “şəxsiyyət” kinosu qurmağı hədəfə aldığı görünür. İran kinosu bu ölkəni idarə edən dini rejimin əsas təbliğat aparatlarından biri kimi istifadə edilir. Əlbəttə rejimin çəkdiyi bu çərçivədən kənarda inkişaf etmiş İran kinosunu gözardı etmək də doğru deyil.