Dünyanın aparıcı hərrac evlərindən biri olan “Sotheby's” bu ayın sonunda keçiriləcək "İslam Dünyası və Hindistan Sənəti" hərracının detallarını və hərraca çıxarılacaq əsərləri təqdim edib.
Teleqraf.com xəbər verir ki, hərracda yüz minlərlə dollar dəyərində olan əsərlər arasında Qanuni Sultan Süleymanın nadir portretlərindən biri yer alıb.
Tarixi əlyazma Qurani-Kərimin nüsxəsi, qiymətli xalçaların, mis əl işlərinin və aksesuarların satılacağı hərracın ən diqqətçəkən hissəsi də Qanuni Sultan Süleymanın naməlum portreti olub. Mis üzərində çəkilmiş və uzun illər xüsusi bir kolleksiyaçıya aid olan tablo martın 31-də auksiona çıxarılacaq.
Rəsmin sol tərəfinə baxan Sultan Süleymanın yanında böyük şriftlərlə "SOLIMANUS" yazılıb ki, bu da çərçivədə çatlar əmələ gətirib. “Sotheby's”in potensial alıcılar üçün hazırladığı kataloqda Qanuni Sultan Süleyman təxminən 43 yaşında təsvir edilib.
Qanuni Sultan Süleymanın 22,7 x 17,5 santimetrlik portretinin hərrac qiyməti 60 min ingilis funt sterlinq (təqribən 82,572.6 dollar və ya 142,002 manat) olaraq təyin olunub. Səlahiyyətlilər bu əsərin son satış qiymətinin 120 min funt sterlinqə (təxminən 165,145.2 dollar və ya 284,004 manat) çata biləcəyini açıqlayıb.