Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşüb.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın davamı və perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb. Səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.
Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı S.Aman ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd edib. O, Pakistanın müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verərək ölkəsinin Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycanla səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.