Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq. Çinin "Ehang" şirkətinin istehsal etdiyi dronlar pilotsuz, bir yerlik olacaq.
Azadliq.org xəbər verir ki, bu barədə Dubayın Yol və Nəqliyyat Qurumu məlumat yayıb. Elektrik mühərriki ilə çalışan dronları artıq şəhərdən kənarda - səhrada sınaqdan keçirilərkən görənlər olub. Hələ ki, layihənin detalları ictimaiyyətə tam açıqlanmayıb.
Dubayın bu futuristik layihəsi özü hərəkət edən müxtəlif növ nəqliyyat vasitələrinə geniş meydan vermək planının tərkib hissəsidir. 2030-cu ilə qədər Dubaydakı bütün nəqliyyat vasitələrinin dörddə birinin sürücüsüz maşın və pilotsuz dron olması planlaşdırılır.
Dronlar 100 kiloqrama qədər yük qaldıra biləcək. Yəni bir sərnişin və onun əl baqajını. Sərnişin şəhərdə getmək istədiyi yeri özü smart monitorda seçə biləcək.
8 propellerli dron saatda 100 km sürətilə uçacaq. Başqaları yerdə, yollarda tıxaca düşən vaxt dron taksiyə minənlər asanlıqla mənzil başına çatacaq.
Amma batareya 30 dəqiqəyə boşalır, ona görə də dronlardan uzaq məsafələrə uçmaq üçün istifadə etmək mümkün olmayacaq.
Marşrutlar və uçuş yerdəki idarəetmə mərkəzindən izlənəcək.