“Kütlədən seçilmək istəməməyimiz bizi yanlış qərarlar qəbul etməyə məcbur edir”. Belə bir qənaətə Fransanın Sorbonna Universitetinin, İnformatika və Avtomatika sahəsində Araşdırmalar İnstitutunun və Ekseter Universitetinin alimləri gəliblər.
Onlar hesab edirlər ki, insanlar öz şəxsi duyğularından daha çox başqalarının fikirlərinə güvənirlər. Bu barədə Teleqraf.com “The Times of Malta”ya istinadən xəbər verir.
Mütəxəssislər sosial informasiyanın inkişafı mexanizminin öyrənilməsi üçün riyazi metodlardan istifadə ediblər. Onlar heyvanlar üzərində tədqiqatlar apararaq müəyyən ediblər ki, başqalarının təsiri altına düşmək çox asandır.
Alimlərin gəldikləri qənaət şəxsi və kollektiv maraqlar arasındakı klassik münaqişəni özündə əks etdirir. Bu münaqişə yeni şəraitlərə uyğunlaşma prosesində yaranan çətinliklərin səbəbi ola bilər.
Bir çoxları "sürü instinkti" səbəbindən bir-birilərini təkrarlayır, özləri seçim etmirlər. Belə strategiya müxtəlif dəyişikliklərə həssaslığı azaldır. O, bəzən faydalıdır.
Məsələn, qiymətə görə ən yaxşı telefonu tez seçmək mümkündür. Ancaq əgər şəxsi inam başqalarının fikrinə zidd olursa, o halda problem yaranır.