17 Aprel 2017 22:30
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı ekspert: “Seçkilərdə bu ənənə pozula, prezident Həsən Ruhaninin uduza bilər”

“İran prezident seçkilərinin indiki mərhələsində istənilən şəxs namizədliyini irəli sürə bilər. Bunun üçün şəxsin İran vətəndaşı, müsəlman və əslən iranlı olması yetərlidir. Bu üç üstünlüyə malik olan şəxs namizədliyini irəli sürə bilər. Hər bir şəxs şəxsiyyət vəsiqəsi ilə seçki komissiyasına gedə və namizədliyini verə bilər. Onlar istisnasız qəbul edilir”.

Bunu Teleqraf.com-a açıqlamasında İran üzrə ekspert Əlirza Zəmani deyib.

Zəmani qeyd edib ki, seçkilərin ikinci mərhələsində kimlərin seçkilərə buraxılması məsələsinə baxılır: “Bu mərhələdə Şurayi Nigahban (Konstitusiyanın İnqilab Keşikçiləri) namizədlərin məsələsinə baxır. Qeyd edim ki, hər namizəd Şurayi Nigahbanın süzgəcindən keçə bilmir. Başqa sözlə, Şurayi Nigahban hansı namizədləri məsləhət bilirsə, onlar bu mərhələdən keçə bilir. Bu da, sözsüz ki, qanunlar əsasında həyata keçirilir və həm də Şurayi Nigahbanın zövqünün də təsiri olur”.

Mütəxəssis deyib ki, aprelin 16-na qədər İranda 1636 şəxs öz namizədliyini irəli sürüb: “Namizədlərin 137 nəfəri qadındır və müxtəlif şəhərlərdə qeydiyyata alınıb. Onların içərisində azərbaycanlı, fars, başqa millətlərin nümayəndələri də var. Ancaq dəqiq demək olmaz ki, namizədlərin neçəsi azərbaycanlı, neçəsi fars, neçəsi digər millətlərin nümayəndəsidir. Onu deyə bilərik ki, bu seçki namizədlərin çoxrəngliliyi ilə yadda qalır. Məsələn, iki nəfər öz namizədliyini irəli sürərkən Azərbaycanın milli paltarında olub. Onlardan biri Şəbüstəridir, digəri Qərbi Azərbaycan vilayətindəndir. Bu şəxslərin əsas məqsədi azərbaycanlı olduğunu göstərmək, Urmiya gölünün qurumasına etirazlarını ifadə etmək, milli azlıqların hüquqlarını qorunmasına diqqəti çəkməkdir. Bundan başqa, namizədlərdən birindən jurnalist soruşub ki, məqsədiniz nədir, hansı vəzifəni tutmaq istəyirsiniz. Namizəd cavab verib ki, istəyirəm cibimi dolduram. Yəni indiki duruma ironik münasibətini ifadə edib. Qadın namizədlərindən bir çoxu da qadın hüquqlarını qorunmasının vacibliyini gündəmə gətirmək, buna diqqəti cəlb etmək məqsədilə namizəd olub”.

Əlirza Zamani deyib ki, Şurayi Nigahban adətən namizədlərdən 4-5-ni saxlamaqla digərlərinin namizədliyini ləğv edir: “Yəni digər namizədləri seçkiyə buraxmır. Digər namizədlərin hansı əsasla saxlanılmasına gəldikdə burada əsas meyar tanınmış olma, İslama tam etiqadının olması, siyasi problemi və məhkumluğu olmamaqdır. Eləcə də bir sıra siyasi şərtlərə görə, bu seçim edilir”.

Müsahibimiz qeyd edib ki, bütün bunlara rəğmən İranda əsas seçki mübarizəsinin hansı namizədlər arasında gedəcəyi artıq bəllidir: “Əsas namizədlərdən biri Rəisidir. Fikrimcə, Rəisi ali dini rəhbərin təyin etdiyi namizəddir. Əslində ehtimal olunurdu ki, Rəisi növbəti seçkilər üçün hazırlanır. Amma görünən odur ki, mühafizəkar kəsim seçkilərə ciddi hazırlaşıb. Nəzərə almaq lazımdır ki, Rəisi mühafizəkar düşərgənin ən güclü namizədlərindən biridir. Hətta belə düşüncələr var ki, gələcəkdə Rəisi ali dini rəhbərin postuna gətirilə bilər. İndi bu şəxsin namizədliyini prezidentliyə irəli sürməklə bir növ mühafizəkar kəsim seçkilərə ciddi hazırlaşdıqları mesajını vermiş olurlar. Mənim müşahidəmə görə, əsas rəqabət Rəisi ilə Ruhani arasında olacaq”.

Əlirza Zəmani qeyd edib ki, sabiq prezident Əhmədinejatın namizədliyini irəli sürməsi ciddi rezonansa səbəb olsa da, əslində vəziyyət bir qədər fərqlidir:

“Əhmədinejat mühafizəkar düşərgəyə aiddir. Amma nəzərə almaq lazımdır ki, mühafizəkar düşərgənin özündə bir neçə qrup var. Əhmədinejat bu qollardan birinə aid namizəddir. Həm də təkcə Əhmədinejat deyil. Digər namizədlərdə var”.

Müsahibimiz qeyd edib ki, İran İslam Respublikası qurulduqdan sonra ilk olaraq Həsən Bənisac prezident seçildi: “Amma bir ildən sonra Məclis tərəfindən impincment edildi, daha sonra xaricə qaçdı. Səhv etmirəmsə indi İngiltərədə yaşayır. Sonra Rəcayi prezident seçildi və -2-3 ay prezident oldu. İkinci prezident terror nəticəsində öldürüldü. Sonrakı Əli Seyid Xamneyi 8 il prezident oldu. Ondan sonra prezident seçilən şəxslər 2 müddətə bu postda otura bilib və bu sanki bir ənənə halını alıb. Amma indiki seçkilərdə bu ənənənin pozulması, prezident Həsən Ruhaninin uduzması baş verə bilər. İndi mühafizəkar kəsim prezident Ruhanidən narazıdır. Xüsusilə, ali dini rəhbər 2-3 dəfə prezidentin iqtisadi siyasətini kəskin tənqid edib. Bu seçkilərdə mühafizəkarların güclü namizəd irəli sürməsində məqsəd Həsən Ruhaninin seçkidən uduzmasını təmin etmək ola bilər. Amma indiki vəziyyətdə prezident Ruhaninin cəmiyyətdəki nüfuzu Rəisidən daha çoxdur”.

CAVAD


Müəllif: Nemət Hüseynli

Oxşar xəbərlər