“Fransada seçkinin ikinci turunda “İrəli” hərəkatının lideri Emmanuel Makronun qalib gəlmək ehtimalı daha çoxdur”.
Teleqraf.com xəbər verir ki, bu proqnozla BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli çıxış edib.
Onun sözlərinə görə, Makronun lideri olduğu “İrəli" hərəkatı sosial-liberal yönlü siyasi partiyadır, sol cəbhəni təmsil edir: “Bu partiyanın ideoloji prioritetləri – mərkəzçilik, xristian-demokratiya, liberalizm seçki marafonundan kənarda qalan Fransua Fiyon və Jan-Lyuk Melanşonun təmsil etdiyi siyasi partiyalarla üst-üstə düşür. Jan-Lyuk Melanşon da seçkidə sol cəbhəni təmsil edirdi. Bu baxımdan, onun və seçki marafonundan kənarda qalan digər sol
qüvvələrin səslərinin ikinci turda Makrona veriləcəyi ehtimalı çoxdur. Fransua Filyonun respublikaçılar partiyası sağ-mərkəzçi cəbhəni təmsil etsələr də, onların da ideoloji baxışları Emmanuel “İrəli” Hərəkatının prinsiplərindən bir o qədər fərqlənmir: mərkəzçilik, xristian-demokratiya. Makron, Filyon və Melanşonun təmsil etdiyi siyasi qüvvələrin üst-üstə düşən prioritetləri Avropa İttifaqına münasibətlə bağlıdır. Bu baxımdan Fransua Fiyonun tərəfdarlarının da ikinci turda Emmanuel Makrona səs verəcəkləri şübhə doğurmur”.
Elçin Mirzəbəyli hesab edir ki, “Milli Cəbhə” partiyasının lideri Marin Le Penin seçkidən ana müxalifət kimi çıxmasının özü belə Fransa və Avropa İttifaqı üçün ciddi problemlər yaradacaq.
Qeyd edək ki, Fransada seçkilərdə 23,75 % səs toplamış “İrəli” hərəkatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53 % səslə başa vuran “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar.
Respublikaçıların namizədi Fransua Fiyon 19,91 %, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 % səs toplayıb.
Nərgiz