Rövşən Ağayev bir neçə dəfə bizə REAL-dan ayrılacağını demişdi. Onun istefasına təəssüfləndik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli təşkilatın İdarə Heyətinin üzvü, iqtisadçı Rövşən Ağayevin qurumu tərk etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rövşən Ağayevi bir neçə dəfə fikrindən daşındırmağa çalışsalar da, qərarında qəti olub: "Rövşən bəy öz izahında da dediyi kimi, təşkilati işlərə vaxt çatıra bilmirdi, tez-tez səfərlərdə olduğuna görə deyirdi ki, qərar verənlərdən biri kimi narahatlıq keçirir. İdarə Heyətindən istefa verməsi barədə bir neçə dəfə danışmışdı. Biz hər dəfə onun fikirlərinin və yazılarının bizim üçün çox önəmli olduğunu deyirdik. İstefasından kədərlənsək də, bu, münasibətlərimizə heç bir xələl gətirməyəcək. Rövşən Ağayev REAL üçün də, cəmiyyət üçün də dəyərli mütəxəssisdir. Münasibətlərimiz necə idisə, o cür də davam edəcək, bizim dostumuz, yoldaşımızdır".
Natiq Cəfərli hesab edir ki, Rövşən Ağayevin istefası ilə bağlı göstərdiyi mövqe REAL-ın ilk gündən ölkəyə gətirmək istədiyi yeni siyasi mədəniyyətin təzahürüdür:
"Digər siyasi partiyalardan kimsə gedirsə, həmişə onun arxasınca neqativ fikirlər irəli sürülür. Öz fəaliyyətimizdə Rövşən bəyin dəyərli fikirlərindən istifadə edəcəyik. Yeni siyasi üslub REAL-ın hədəflərindən biri olub, Rövşən bəyin formal qərar vermə mexanizmindən ayrılması ilklərdən biridir".
O, Rövşən Ağayevlə REAL-çılar arasında hər hansı narazılıq və ya incikliyin olmadığını deyib:
"Bir neçə gün bundan öncə birlikdə nahar etmişdik. 3 gün sonra yenə görüşəcəyik, onun bəzi məsləhətlərinə ehtiyacımız var. Aramızda heç bir problem və ya inciklik yaşanmayıb. Bundan sonrakı layihələrimizə də məmnuniyyətlə dəvət edəcəyik".
Nərgiz