10 May 2017 15:59
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskinin dəvəti ilə Sviştov şəhərinə səfər edib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, N.Qurbanova səfər çərçivəsində İ.Marçevski, Sviştov şəhərinin meri Qenço Qençev, Sviştov şəhərinin Bələdiyyə Şurasının sədri Kristian Kirilovla görüşlər keçirib və Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.

Həmçinin Sofiya Universitetində Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib.

İ.Marçevski ilə görüşdə N.Qurbanova iki ölkə arasında uğurlu inkişaf edən əlaqələrdən söz açaraq bu ilin ikitərəfli münasibətlərdə əlamətdar olduğunu vurğulayıb. Belə ki, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edilir.

İ.Marçevski rəhbərlik etdiyi ali təhsil ocağının Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlıq haqqında saziş imzaladığını, cari ildə ADAU ilə birgə Avropa İttifaqının (Aİ) Erasmus proqramı çərçivəsində mübadilə proqramına müraciət edildiyini söyləyib.

Avropa İttifaqı çərçivəsində əməkdaşlıq imkanlarından söz açan səfir 2014-cü ildə Aİ və Azərbaycan arasında imzalanan Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair protokolun ötən il iyul ayında Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindiyini diqqətə çatdırıb. Protokolun Azərbaycanın 20-ə yaxın Aİ proqramında iştirakına imkan yaratdığını vurğulayan səfir Azərbaycan və Bolqarıstan universitetləri arasında bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib.

Daha sonra səfir Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının tələbə və akademik heyəti qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.

Müstəqilliyin ilk illərində Azərbaycanın çətin iqtisadi vəziyyət, vətəndaş müharibəsi ilə üzləşmişdiyini qeyd edən səfir 1993-cü ilin Azərbaycan xalqının tarixində dönüş ili olduğunu deyib. O əlavə edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində inkişaf və sabitlik dövrü başladı, onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atıb. Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkənin gələcək inkişafının istiqamətlərini müəyyən edən strateji qərarlar qəbul edildi. Azərbaycanın bazar iqtisadiyyatına malik müasir demokratik ölkəyə transformasiyası yolunda geniş siyasi və iqtisadi islahatlar həyata keçirilib.

Səfir hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının ikitərəfli mədəni əlaqələrə yeni töhfə verdiyini vurğulayan səfir bu layihənin Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropada mədəniyyət sahəsində ən böyük sərmayəsi olduğunu diqqətə çatdırıb.

Mühazirənin sonunda N.Qurbanova universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, enerji siyasəti barədə suallarını cavablandırıb və iştirakçılara “Heydər Əliyevin kəlamları” kitabları hədiyyə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər