- Dünən Moskvada 9 May yürüşündə qondarma “DQR”-in bayrağı dalğalandı, soydaşlarımız buna etiraz etdi, insident yaşandı, xəsarət alanlarımız var. Bu təxribata Rusiya tərəfinin reaksiyası barədə nə deyə bilərsiz?
- 9 May yürüşündə baş verən təxribatın təsadüfi olmadığını düşünürəm. Rəsmi Moskvanın son dövrlərdə Azərbaycana münasibəti iki ölkə arasındakı münasibətlərlə bağlı səsləndirilən bəyanatlara və qarşılıqlı münasibətlərin mahiyyətinə adekvat deyil. Bunun Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasını arzulamayan hansısa dairələrin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi təqdim olunmasını da yanlış hesab edirəm. Əgər belədirsə, bu, ona işarədir ki, hansısa üçüncü qüvvə Rusiya ərazisində bu ölkənin xarici siyasətinə təsir etmək gücünə malikdir. Təbii ki, bu, belə deyil. Bu hadisələrin heç biri Rusiyanın vahid bir mərkəzdən idarə olunan qurumlarının nəzarətindən kənarda baş vermir. Baş verənlər rəsmi Moskvanın Azərbaycana qarşı mövqeyini ifadə edir və Rusiyanın təzyiq siyasətini daha qabarıq şəkildə davam etdirdiyini göstərir.
- Son vaxtlar Rusiyadakı diaspor təşkilatlarımızın taleyi də təhlükə altındadır. Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ilə bağlı problemlər var. Rusiyanın diaspor təşkilatlarımıza qarşı son addımlarını necə qiymətləndirirsiniz?
- Azərbaycan diasporunun parçalanması və neytrallaşdırılması istiqamətində fəaliyyət yeni deyil və ötən prezident seçkilərindən öncə biz diasporun siyasiləşdirilməsi, Azərbaycanın daxili proseslərinə müdaxilə məqsədilə rekonstruksiya edilməsinə cəhdlərin şahidi olduq. Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı məsələ Azərbaycan dövlətçiliyinə bağlı olan qüvvələrin cəzalandırılması üçün gündəmə gətirilib. Kimlərsə Azərbaycan diasporunu Azərbaycan-Rusiya münasibətlərində körpü rolu oynaya və bəzi neqativ proseslərin qarşısını ala biləcək bir faktor kimi sıradan çıxarmaq, yaxud öz iradələrinə ram etdirmək istəyir. Burada erməni diasporunun rolu varmı? Şübhəsiz ki, var. Amma bu rolun miqyası Moskvanın istədiyi qədərdir. Nə Ermənistan, nə də erməni diasporu müstəqil şəkildə hərəkət edərək Rusiyanın strateji maraqlarına, hər hansı üçüncü dövlətlə münasibətlərinə zərbə vurmaq gücündə və potensialında deyil. Ermənistan və erməni diasporu yalnız Moskvanın ssenarisi əsasında, həm də ssenarinin ana xəttinə, ali məqsədinə heç bir dəyişiklik etmək imkanı olmadan hərəkət edə bilər.
- Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, bu qoşunlar Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən hərəkət edə bilər. Rusiya bəyan edirdi ki, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Bu bəyanat fonunda Azərbaycan hansı addımları atmalıdır?
- Andranik Markaryan bundan öncə də oxşar fikirlər səsləndirib. Şübhəsiz ki, onun fikirləri sadəcə Ermənistanın arzu və istəkləri kimi qəbul edilməməlidir. Andranik Markaryanın özbaşına hər hansı bir bəyanat vermək səlahiyyəti yoxdur. Əks təqdirdə, o, öz postunda 1 saat belə qala bilməzdi. Hesab edirəm ki, erməni generalın KTMT-nin baş katibi postuna gətirilməsinə də bu kontekstdən yanaşmaq lazımdır. Bu kontekstdə iki mühüm məqamın da nəzərə alınmasını vacib hesab edirəm: Rusiyanın Azərbaycana satdığı silahların təhvil verilməsinin Ermənistan cəmiyyətində yaratdığı ajiotajı və Ermənistanın casus şəbəkəsinin ifşa edilməsini. Baş verənlərin açıq müstəvidə təqdim olunmasında Ermənistan cəmiyyətinin sakitləşdirilməsinə xidmət edən məqamlar da yer ala bilər. Amma bu məqamlar köməkçi xarakter daşıyır. Görünən odur ki, Rusiya təzyiq yolunu seçib və Azərbaycandan Dağlıq Qarabağ münaqişəsinin həllində fundamental irəliləyişlərə nail olmadan bir sıra addımların atılmasını istəyir. Bu istəklərin müəyyən qismini bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dilə gətirmişdi. Rusiya istəyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İttifaqına üzv olsun. Rusyanın menyusunda “sərhədlərin birgə qorunması” kimi absurd təşəbbüslər də var. Amma bunu “5-ci kolon”un rusiyayönümlü siyasəti əsaslandırmaq üçün istifadə etdiyi arqumentləri sıradan çıxarmamaq üçün açıq şəkildə dilə gətirmirlər. Lakin bütün bunların müqabilində Rusiya Azərbaycanın ərazi bütövlüyünə tam təminat vermək də istəmir. Sadəcə, bir neçə rayonun azad edilməsinə göz yummaqla öz qüvvələrini Qarabağa yürütmək və buradakı hərbi mövcudluğuna beynəlxalq hüquqi status almaq istəyir.
- Zaman-zaman Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaq təklifi səslənir. İndiki məqamda cavab olaraq Azərbaycan bu təklifi reallaşdırmaq istiqamətində işlərə başlamalıdırmı?
- Bu təklifin hazırda real olduğunu düşünmürəm. Türkiyə-Rusiya münasibətlərinin mövcud durumu buna imkan vermir. Moskva Ankaranın bütün dünya ilə münasibətlərinin pozulması üçün əlindən gələni edir. Rusiyaya dünyadan təcrid olunmuş Türkiyə lazımdır. Əgər buna nail olarsa, o zaman ötən əsrin əvvəllərində yarımçıq qalmış işini davam etdirəcək. Qənaətimə görə, proseslərin məhz Moskvanın ssenarisi üzrə inkişaf edəcəyini düşünmək sadəlövhlük olardı. Yaxın vaxtlarda Qərbin Türkiyə ilə bağlı siyasətində müəyyən dəyişikliklərin baş verəcəyi gözləniləndir. Türkiyənin siyasi hakimiyyəti də çox güman ki, bu amilləri nəzərə alır. Azərbaycana gəldikdə isə hesab edirəm ki, Türkiyə ilə hərbi tərəfdaşlığı genişləndirmək təşəbbüsü ilə çıxış etməli və bu istiqamətdə müəyyən irəliləyişlərə də nail olmalıyıq. Azərbaycan Türkiyəyə terrorizmə qarşı mübarizədə öz hərbi dəstəyini təklif etməlidir. Bu, hərbi əməkdaşlığın yeni müstəviyə keçməsi üçün əlverişli zəmin yarada bilər.
Nərgiz Ehlamqızı