- Cavanşir müəllim, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasını necə qiymətləndirirsiniz? Müzakirələrin əsas mövzuları və danışıqların prioritet istiqamətləri nədən ibarət idi?
- XIV iclas keçən ilin sentyabrında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyəti bərpa olunduqdan sonra ilk iclasdır. İclasın gündəliyində bütövlükdə 12 məsələ qoyulmuşdu. Aİ-Azərbaycan arasında hazırlanan strateji tərəfdaşlıq haqqında müqavilə üzərində aparılan işlər, Aİ və Azərbaycan arasında iqtisadi əlaqələrin durumu və inkişaf potensialı, enerji resursları sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycanda siyasi dialoq və islahatlar, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının islahatlar prosesində iştirakı kimi mövzular ətrafında geniş müzakirələr aparıldı. İclasda Avropa Parlamentinin üzvləri ilə yanaşı, Avropa Komissiyasının və Avropa Xarici Siyasət İdarəsinin məsul şəxsləri, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini və İqtisadiyyat Nazirliyinin department rəhbəri iştirak edirdilər ki, bu da müzakirələrin daha fəal və səmərəli keçməsinə şərait yaratdı.
- Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin payızında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul etdi. O vaxtdan ötən dövr ərzində ölkəmizin bu təşkilatla münasibətlərini necə dəyərləndirirsiniz?
- Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin Azərbaycan prezidenti tərəfindən qəbulu və aparılan ətraflı dialoq parlamentlərarası münasibətlərin bərpasını təmin etdi, münasibətlərin canlanmasına və faydalı əməkdaşlığın başlanmasına yol açdı. Bu görüşdən sonrakı müddətdə nümayəndə heyətimiz bir neçə dəfə Brüsselə və Strasburqa səfər edib, ikitərəfli maraq kəsb edən məsələlər üzrə avropalı həmkarlarımızla fikir mübadiləsi aparmışıq. XIV iclasın gedişi və qəbul olunan Yekun Bəyannaməsinin mətni də onu göstərir ki, hər iki tərəf konstruktiv, ədalətli və faydalı əməkdaşlığa köklənib. Ümid edirəm ki, gələcək münasibətlərimiz də məhz bu əsaslar üzərində inkişaf etdiriləcək.
- Brüsselə səfəriniz çərçivəsində “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu üzrə müzakirələr də aparılıb. Avropa İttifaqının Azərbaycan qarşısında və qarşılıqlı olaraq ölkəmizin bu qurum qarşısındakı əsas tələb və istəkləri nələrdir?
- “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu gündəlikdə yer alan əsas mövzulardan biri idi. Nümayəndə heyətimizin üzvü, millət vəkili Kamran Bayramov bu barədə ətraflı məruzə ilə çıxış etdi və müzakirələrdə avropalı deputatlarla bizim nümayəndə heyətimizin üzvləri arasında çox fəal fikir mübadiləsi aparıldı, hərtərəfli müzakirə baş tutdu. Avropa İttifaqının və Azərbaycanın qarşılıqlı tələb və istəkləri 1999-cu ildə tərəflər arasında imzalanmış Əməkdaşlıq Müqaviləsindən irəli gələn tələblərdir. İnsan haqlarının qorunması, söz, mətbuat və fikir azadlığının təminatı, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi, iqtisadi islahatların gedişi barədə və eləcə də dövlət quruculuğunun təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar barədə geniş məlumat verildi. Avropa Komissiyasının və Avropa Parlamentinin nümayəndələri də təmsil etdikləri qurumların bu sahələrdə Azərbaycanın müvafiq qurumları ilə etdikləri əməkdaşlıq barədə danışdılar. Təbii ki, bizim tərəfimizdən Azərbaycanda həyata keçirilən islahatlara, ölkəmizin üzləşdiyi problemlərə, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara Avropa qurumları tərəfindən obyektiv münasibət sərgilənməsi tələb olundu.
- Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq imkanları barədə nə deyə bilərsiniz?
- Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və artıq iqtisadi əlaqələrimiz yalnız neft-qaz sənayesi ilə məhdudlaşmır. Ölkə daxilində iqtisadiyyatımızın şaxələndirilməsi xarici iqtisadi münasibətlərimizə də töhfələr verir və bu münasibətlərin daha da zənginləşməsinə şərait yaradır. Avropalı tərəfdaşlarımız da bunda maraqlıdırlar. Azərbaycanın irəli sürdüyü regional və qlobal miqyaslı iqtisadi layihələr həm də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Azərbaycanın geoiqtisadi mövqeyi, Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən tranzit nəqliyyat imkanları onu deməyə əsas verir ki, iqtisadi münasibətləri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq üçün kifayət qədər əsaslar var.
- Bəs şəxsən özünüz iclasda ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair hansı təkliflərlə çıxış etdiniz?
- Gündəlikdə duran məsələlərdən biri də məhz PƏK-nin rolunun artırılması yolları haqqında müzakirələr idi. Biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası əlaqələrin intensivləşdirilməsini, Azərbaycanla bağlı müxtəlif mənbələrdən Avropa Parlamentinə təqdim olunan məsələlərin məhz Parlament Əməkdaşlıq Komitəsinin iştirakı ilə müzakirəyə çıxarılmasını və bu qurumun rəyinə istinad olunmasının vacibliyini irəli sürdük. Bu qurumun illik iclaslarının bir dəfədən iki dəfəyə qaldırılması təşəbbüsü hamılıqla qəbul olundu, eləcə də qaldırılan digər məsələlər barəsində müvafiq qurumlarla məsləhətləşmələr aparılması razılaşdırıldı. Sonda Yekun Bəyannamə qəbul olundu ki, bu sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın bütün maraqlarını özündə ehtiva edən bəndlər yer alır.
Nərgiz Ehlamqızı