Bu fikirləri Teleqraf.com-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia əsasında mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məhkəmə prosesinə münasibət bildirərkən söyləyib.
Onun fikrincə, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olması erməniləri ciddi şəkildə narahat edirdi və bu səbəbdən onlar Azərbaycana qarşı geniş spektrli, nəticələri uzun müddət müzakirə olunan zərbə vurmağa çalışırlar: “Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi məsələsi onlar üçün fürsət olub. Çünki bu təşkilatın böyük tarixi var, onun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təşkilat həmçinin müasir dövrdə iki ölkə arasında münasibətlərdə də mühüm rol oynayır. Ermənilər bunları nəzərə alıb belə yol seçiblər”.
Mübariz Əhmədoğlu qeyd edib ki, BMT-də Azərbaycan yeganə ölkədir ki, üzv olduğu təşkilatda onun torpağını işğal edən dövlət var: “Düşünürəm ki, bu nüansı Rusiya nəzərə almalıdır. Çünki ermənilər hər zaman Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa cəhd göstərirlər. Sənəddə hərflərin səhv yazılması və digər məqamlar cəfəngiyatdır. Azərbaycanda da fəaliyyət göstərən qurumların, biznes sturukturlarının, ayrı-ayrı təşkilatların qeydiyyat sənədlərini incələyib onlarla səhv tapa bilərik.
Ona görə də rəsmi Kreml bütün bunları nəzərə alaraq məsələni öz nəzarəti altına götürməlidir.
Hesab edirəm ki, ermənilərin Rusiya-Azərbaycan münasibətlərini pozmaq planları reallaşmayacaq. Rəsmi Bakı Rusiya hakimiyyətinə məsələni çatdıracaq, onlar da məntiqə uyğun olmayan qərarın qəbul edilməsinə imkan verməyəcək”.
Nərgiz