Bu sözləri Teleqraf.com-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia əsasında mayın 15-də ÜAK-in qeydiyyatının ləğvi ilə bağlı keçiriləcək məhkəmə prosesinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyada “İctimai birliklər haqqında” qanuna görə, yalnız dövlətin milli maraqlarına zidd hərəkət və ya zorakılığa çağırışlar edildyi halda təşkilatın fəaliyyətinin ləğv edilməsi məsələsi qaldırıla bilər: “Digər hallarda bunun üçün heç bir əsas yoxdur. ÜAK-ın bu günədək fəaliyyəti humanitar və mədəni əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində olub. Eyni zamanda təşkilat azərbaycanlıların Rusiya cəmiyyətinə daha sıx inteqrasiyasına yardım edib. Keçirilən çoxsaylı tədbirlər də bunu sübut edir. Azərbaycan cəmiyyəti Rusiyanın suverenliyinin möhkəmləndirilməsinə strukturlaşmış şəkildə töhfəsini verib. Hesab edirəm ki, Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia Azərbaycan-Rusiya münasibətlərinin hazırki səviyyəsinin ruhuna tamamilə ziddir. Ola bilsin, hansısa məmurun subyektiv iradəsinin nəticəsi əsasında hüquqi prosedur pozğunluqları baş verib. Həm də burada sıx surətdə erməni lobbisinin fəaliyyəti görünür. Rusiyada bəzi strukturlarda çalışan vəzifəli şəxslər heç də Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasından məmnun deyillər. Onların dövlət maraqlarına zidd olan öz fərdi maraqları var”.
Əliməmməd Nuriyev məhkəmənin daha ədalətli qərar qəbul edəcəyinə inandığını bildirib: “Ümid edirəm ki, Rusiya rəhbərliyi də bu məsələyə öz münasibətini ifadə edəcək. Əks halda, vətəndaş cəmiyyəti Azərbaycanın da asimmetrik addımlar atmaq məcburiyyəti barədə çağırışlar edəcək. Hər bir proses əməkdaşlığa, bərabər tərəfdaşlığa söykənir. Dövlətlərarası münasibətlərdə hüquqların reallaşmasına qarşılıqlı hörmət əsasında nail olmaq lazımdır. ÜAK hüquqi prosedurlarla bağlı bütün iradları tamamilə aradan qaldırıb. Bu səbəbdən Ədliyyə Nazirliyinin öz iddiasını geri götürəcəyinə inanıram”.
Nərgiz