Təbrikdə deyilir: "Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".
X X X
Belçikalıların Kralı Filip də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib:
"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırır, rifah və firavanlıq arzulayıram".
X X X
İsveç Kralı Karl Qustavdan:
"Hörmətli cənab Prezident, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".
X X X
Norveç Kralı V Haralddan:
"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl fürsətdən istifadə edərək, Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirir və firavanlıq diləyirəm".
X X X
Niderland Kralı Villem-Aleksandr da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
"Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqına ən xoş firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram".
X X X
Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqrouvdan:
"Zati-aliləri. Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq istəyirəm.
Bu il Avstraliya və Azərbaycan ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək. Ölkələrimiz arasında ikitərəfli mehriban münasibətlər mövcuddur, Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir.
Avstraliya Böyük Sədd Rifinin qorunub saxlanması məsələsində Azərbaycan ilə UNESCO-nun Dünya İrs Komitəsində yaxından əməkdaşlığına ümid edir. Mən, həmçinin millətlər arasında qarşılıqlı anlaşmanın və etnik-mədəni müxtəlifliyin dəstəklənməsi üçün mühüm platforma rolunu oynayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fəaliyyətinizi təqdir edirəm.
Biz Avstraliyanın BMT-nin İnsan Hüquqları Şurasının 2018-2020-ci illər üçün üzvlüyünə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənəcəyinə ümid edirik. Avstraliya əvvəllər heç zaman İnsan Hüquqları Şurasında təmsil olunmayıb. Ölkəmiz bu quruma üzv seçiləcəyi təqdirdə, tərəfimizdən Şuranın fəaliyyətinə nadir baxış, eləcə də praqmatik və məşvərətçi yanaşma gətiriləcək.
Zati-aliləri, icazə verin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının davam edəcəyinə əminliyimi ifadə edim".
X X X
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan:
"Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm".
X X X
Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:
"Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük tərəqqi və rifah arzu edirəm".
X X X
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə bildirilir: "Hörmətli cənab Prezident. Mən 2017-ci il mayın 5-6-da keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərim çərçivəsində görüşümüzə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istərdim.
Sizin turizmə və onun iqtisadiyyatı daha da inkişaf etdirmək potensialına verdiyiniz önəm məni çox sevindirir və bu sahəyə davamlı dəstəyinizə görə Sizə təşəkkür edirəm.
Həmçinin məni Azərbaycanın “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu orden mənə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 11-12-də Madriddə Azərbaycanın mədəniyyət və turizm nazirinin sədrliyi ilə uğurla keçirilən 105-ci sessiyasında təqdim edildi.
Eyni zamanda, mən bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".