Bu barədə Teleqraf.com-a partiya sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, partiyanın 4-cü qurultayı 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
Əli Əliyev bildirib ki, qurultaya geniş tərkibdə qonaq heyəti dəvət edilib: “Çoxdandır müxalifətin böyük tədbiri olmur. Hesab edirik ki, qurultayımız müxalifətin uzun illərdir bir-biri ilə təması olmayan siyasi qüvvələri üçün meydança ola bilər. Kiçik istisnalarla müxalifətin bütün spektri qurultaya dəvətlidir. Xarici ölkələrin Azərbaycandakı 18 nümayəndəliyinə dəvətnamə göndərmişik. Çalışacağıq ki, qurultayın açılış mərasimində ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilsin. Prezident Administrasiyasının müvafiq qurumlarının rəhbərləri qurultaya çağırılıb. Eləcə də hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov və Siyasi Şuranın üzvü Aydın Mirzəzadəni qurultayımıza dəvət etmişik”.
Əli Əliyev bildirib ki, partiya üzvlərindən sədrlik iddiasında olmaq istəyən şəxslər namizədliyini irəli sürə bilər: “Rayon təşkilatlarımıza da bu barədə məlumat vermişik. Qurultayın gedişində belə istənilən şəxs namizədliyini verə bilər. Özüm namizədliyimi irəli sürəcəyəm. Partiya üzvlərindən bir şeyi xahiş eləmişəm ki, sünilik olmasın, namizəd öz proqramı ilə çıxış eləməli, fərqli düşüncə və idarəçilik fəlsəfəsi nümayiş etdirməlidir. Özüm də onun marağındayam ki, partiyanın içərisində idarəçilik həvəsində olan, siyasi təşkilatımızın yükünü və məsuliyyətini daşımağa hazır olan və bunun üçün çaba göstərmək istəyənlərin sayı çox olsun”.