27 May 2017 10:26
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-30-da Praqada Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

İclaslarda AŞPA-nın yay sessiyasının gündəliyinə baxılacaq, təkliflər dinləniləcək. Sonra Türkiyədə Konstitusiya dəyişikliklərinə dair keçirilmiş referendumun, Serbiyadakı prezident və Ermənistandakı parlament seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılacaq, Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək heyətin tərkibi formalaşdırılacaq. Tədbirlər çərçivəsində NATO Parlament Assambleyasının prezidenti Paulo Alli ilə də fikir mübadiləsi nəzərdə tutulub.

Milli Məclisin deputatı, AŞPA-nın Monitorinq Komitəsinin sədri Sahibə Qafarova komitənin iyunun 2-də keçiriləcək iclasında iştirak etmək üçün Praqdan Parisə yola düşəcək.

İclasda Aralıq dənizində miqrasiya problemi, Avropada miqrasiya və qaçqın böhranına humanitar və qlobal siyasi cavab, Ukraynadakı müharibənin humanitar nəticələri mövzularında müzakirələr aparılacaq.

Tədbirdə komitənin sədri Sahibə Qafarovanın “Avropaya son dövrlərdə gəlmiş qaçqın və miqrantların üzləşdiyi radikal münasibət” mövzusunda məruzəsi dinləniləcək və komitənin növbəti fəaliyyətinə dair təkliflər nəzərdən keçiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər