Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsindən danışarkən deyib.
Diplomat bu günədək 3 dəfə İslam Həmrəyliyi Oyunları keçirildiyini xatırladıb: “Azərbaycandakı yarışlar 4-cü olsa da, üçüncü baş tutmamışdı. Bundan əvvəl keçirilən oyunlarla müqayisədə Bakıdakı yarış çox yüksək səviyyədə keçdi. Ona görə də əvvəlkilərlə müqayisəni qəbul etmirəm. Bundan sonra hər kəs bu oyunlara lazımi qiyməti verməli və buna uyğun təşkil etməli olacaq. İslamiada İslam ölkələrini bir araya gətirən fəaliyyət oldu. İslam dünyasında barışa, sülhə ehtiyac var. Təəssüflər olsun ki, dünyada yaşanan problemlərin ən böyük qismi İslam ölkələrində yaşanır və ən çox acı çəkən insanlar da yenə İslam ölkələrinin vətəndaşlarıdır. Bu acılara son vermək üçün İslam ölkələri bir araya gəlib bir-birinə sahib çıxmalı, dəstək verməlidir. Bu mənada İslam Həmrəyliyi Oyunlarının xüsusi mənası var. Türkiyə və Azərbaycan üçün bu oyunlar tamamilə başqa cür oldu, yarışların bağlanış mərasimində iki ölkə bayrağının bir yerdə dalğalanmasından hamımız qürur duyduq. Heç bir stadionda insanlar ayağa qalxıb iki himni bir ağızdan oxuya bilməz. Türkiyə ilə Azərbaycan arasında münasibətlər buna yaraşan səviyyədədir. Dövlət başçılarımız arasında çox isti münasibətlər var, dövlət qurumlarımız bir-biri ilə sıx təmasdadır. Münasibətlərimiz “Bir millət, iki dövlət” şüarına yaraşan səviyyədədir”.