20 İyun 2017 17:51
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya budəfəki səfəri digər səfərlərdən prinsipial olaraq heç nə ilə fərqlənmir.

Bunu həmsədrlərin Azərbaycana son səfərini Teleqraf.com-a şərh edən politoloq Natiq Miri bildirib.

O, həmsədrlərin səfər öncəsi verdikləri açıqlamanın bunun bariz nümunəsi olduğunu vurğulayıb: “Səfər ərəfəsində həmsədrlər bildirmişdilər ki, cəbhə xəttindəki ümumi vəziyyəti öyrənmək üçün regiona səfər edirlər. Həmsədrlər 24 ildən sonra hərbi-siyasi vəziyyəti bilmədikləri və bunu araşdırmaq üçün yenidən regiona səfər etməyin vacibliyi qənaətinə gəlirlərsə, bu onu göstərir ki, Minsk qrupu tükənmiş bir qurumdur. Düşünürəm ki, bu səfərin özünə diqqət yetirməkdən daha çox, Azərbaycanın səfər öncəsi atdığı addımlara fikir vermək lazımdır. Söhbət ondan gedir ki, Naxçıvanda Türkiyə ilə birgə taktiki hərbi təlimlər keçirildi. Bu, təbii ki, işğalçı Ermənistanın düz qulağının dibində – sərhəddə baş tutdu. Hərbi təlimlər həm Ermənistanı, həm də onun havadarlarını ciddi surətdə narahat etdi. Ən nəhayət, Azərbaycan Ordusu bu səfər öncəsi genişmiqyaslı hərbi təlimlərə başladı. Mənə elə gəlir ki, bu, həmsədrlərə ən aydın mesajdır. Yəni, Ermənistan əgər daşı ətəyindən töküb substantiv danışıqlara başlamasa, Azərbaycan Ordusu BMT Nizamnaməsində əksini tapan hüququndan istifadə edərək işğal altında olan torpaqlarını azad edəcək. Düşünürəm ki, Prezident İlham Əliyev dünən həmsədrləri qəbul edərkən bu fikirləri onlara birbaşa çatdırıb. Buna əmin olun. Çünki bu hərbi təlimlərin zamanının seçilməsi xüsusi olaraq düşünülüb və ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər bu mesajı alacaqlar”.

N.Miri həmsədrlərin səfərinə heç bir önəm verməyin tərəfdarı olmadığını vurğulayıb: “Çünki özləri ilə fərqli nəsə gətirməyiblər. Digər tərəfdən, birmənalı olaraq bəllidir ki, ortada yeni təkliflər də yoxdur. Yeni təkliflər ortada yox ikən, danışıqlar da Ermənistan tərəfindən bir növ sabotaj olunarkən, bu səfərə xüsusi diqqət yetirməyə lüzum qalmır. Ancaq Azərbaycanın verdiyi mesajlar nöqteyi-nəzərindən bu səfər müəyyən önəm daşıyır”.

Qeyd edək ki, həmsədrlərin səfərindən bir neçə gün öncə – iyunun 14-də Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış oldu. Keçən ilin aprelinə qədər Cocuq Mərcanlıda yaşayış yox idi. Çünki Ermənistan ordusu yaxınlıqdakı təpədən kəndi atəş altında saxlayırdı. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla da Cocuq Mərcanlı kəndinin yenidən qurulması və məcbur köçkünləri kəndə köçürmək üçün şərait yarandı. Bir sıra ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır. Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır.

İkinci mesajın isə əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yollar azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu o deməkdir ki, danışıqlar nəticə verməsə Cocuq Mərcanlı prosesi davam edə bilər.

N.Miri də deyir ki, əslində Cocuq Mərcanlıya edilən səfər də az öncə qeyd edilən məqamların bir növ tərkib hissəsi, davamıdır: “Çünki Cocuq Mərcanlı yeni məskunlaşma həyata keçirilən bir coğrafi məkandır. Bu, bir mesajdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib orada məskunlaşma həyata keçirəcək, həmin əraziləri yenidən bərpa edəcək. Əmin olun ki, proses bundan sonra da bu səviyyədə gedəcək. Azərbaycan bundan qətiyyən vaz keçməyəcək. Artıq bunu dünya gücləri – xüsusilə də həmsədr dövlətlər başa düşməkdədirlər. Onlar başa düşürlər ki, əks təqdirdə yeni hərbi toqquşmalar elə də uzaqda deyil”.


Müəllif: Səxavət HƏMİD