Bunu Teleqraf.com-a deputat Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın vasitəçiliyi ilə bir araya gələcəyi haqda yayılan xəbərləri şərh edərkən deyib.
Asim Mollazadə xatırladıb ki, indi Ermənistanda hakimiyyətdə olanlar müharibənin davam etməsi, münaqişənin mürəkkəbləşməsi və mövcud status-kvonun davam etməsində maraqlı olan qüvvələrdir: “Sözsüz ki, Rusiya dünyaya göstərmək istəyir ki, sülh prosesini təşkil etməyə qadirdir. Beləcə yenidən köhnə oyunlar başlayır”.
Politoloq deyib ki, indiki mərhələdə Azərbaycan beynəlxalq ictimaiyyəti vəziyyətlə bağlı məlumatlandırmalıdır: “Mənə elə gəlir ki, bu gün vasitəçilər məhz Rusiya ilə danışıqlar aparmalıdır. Nəzərə alın kı, Ermənistan ordusu Rusiya ordusunun tərkib hissəsidir. Ermənistanın hava məkanını Rusiya mühafizə edir. Erməni iqtisadiyyatı, nəqliyyatı, energetika sahəsi Rusiya tərəfindən özəlləşdirilib. Mənə elə gəlir ki, əgər Rusiya Ermənistanın Silahlı Qüvvələrini idarə edirsə, deməli münaqişənin həlli məsələsində Rusiyanın məsuliyyəti çoxdur. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət danışıqlar prosesi istiqamətində ciddi addımlar atsın. Müzakirə mövzusu isə bilavasitə Azərbaycanın işğal edilən ərazilərinin azad edilməsi olmalıdır. Gündəmdə olan əsas məsələ Azərbaycanın işğal edilən ərazilərinin azad edilməsidir. Yalnız bundan sonra sülhlə bağlı nəticələr əldə edilə bilər”.