25 İyul 2017 13:41
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 21-də Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfəri və dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüş çox çətin və mürəkkəb geosiyasi şəraitdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşdə səsləndirdikləri fikirlər bunu əminliklə söyləməyə əsas verir: “Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşün bütün mürəkkəb problemlərin həlli yollarının axtarışına kömək edəcəyinə ümidvar olduğunu diqqətə çatdıraraq “Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq” deyib. Vladimir Putin bildirib ki, iki ölkə arasında gələcək üçün çoxlu birgə planlar var və Azərbaycan Prezidenti ilə görüşmək, eləcə də bu istiqamətlərdə danışmaq imkanından məmnundur.

Bununla yanaşı, bu cür görüşlərin çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərimizin yüksək səviyyəsindən məmnun olduğumuzu diqqətə çatdıraraq “Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var”, deyib. Münasibətlərimizin çoxşaxəli olduğunu, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə etdiyini bildirən dövlət başçısı İlham Əliyev daha vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyacın olduğunu və bunun dostluq münasibətlərimizin inkişafına yaxşı təkan verəcəyini vurğulayıb”.

E.Əhmədovun sözlərinə görə, təbii ki, dövlət başçısının gorüşündə əsas mövzulardan biri də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub: “Çünki son vaxtlar mövcud və qəbuledilməz sayılan hazırkı status-kvonu saxlamağa çalışan Ermənistanın cinayətkar rejiminin daim cəbhə xəttindəki təxribatları səbəbindən vəziyyət gərgin olaraq qalır və işgal faktı aradan qalxmır. Məlumdur ki, münaqişənin dinc vasitələrlə nizamlanması üçün vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya bu prosesdə mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 2007-ci ildən 2017-ci ilə kimi keçirilən son 19 görüşündən 11-i Rusiya Prezidentinin vasitəçiliyi ilə keçirilib.

Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da intensivləşməsində maraqlı olub. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə gorüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini deyib. Rusiya Prezidenti Vladimir Putin isə iki dövlət arasında olan münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik olduğunu bildirib. Münasibətlərin xeyli şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf ediyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu diqqətə çatdırıb”.

Politoloq qeyd edib ki, bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb: “Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir”.

E.Əhmədov onu da bildirib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir: “Bura Rusiyanın dövlət orqanlarında təmsil olunan və anti-Azərbaycan mövqeyi tutan şəxslər də daxildir. Bu qüvvələr, habelə bir sıra beynəlxalq dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər. Bu baxımdan Rusiyadakı ermənipərəst dairələrin və erməni diasporuna bağlı qüvvələrin Azərbaycana qarşı düşmənçilik münasibəti formalaşadırmaq səyləri artmaqdadır. Təsadüfi deyil ki. bir qədər əvvəl Rusiyanın müxtəlif orqanlarında özlərinə yer salmış ermənilər və ermənipərəst dairələr iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasında əsas “rol” oynayıblar. Ancaq Soçi görüşü sübut etdi ki, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələrin niyyətləri puç və mənasızdır. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirir”.


Müəllif: Səxavət HƏMİD