Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Dövlətin sosial siyasətinin bir necə istiqamətinin olduğunu deyən deputat qeyd edib ki, bu siyasət Azərbaycanda insanların keyfiyyətli həyat sürməsinə yönəlib.
M.Quliyev əlavə edib ki, Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksinə görə, 200 dövlət arasında 70-ci yerlərdə dayanır.
Bunun MDB məkanında ən yaxşı göstəricilərdən biri olduğunu deyən deputat bildirib ki, bu göstəriciyə əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşması, pensiya təminatı, məşğulluğun təmini, yoxsulluğun aşağı salınması, mənzil təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılması ilə nail olunub.
Deputat əlavə edib ki, Azərbaycan vətəndaşlarına sosial təminat 2 istiqamət üzrə həyata keçirilir:
“Biri odur ki, ümumi olaraq, bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni, vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir. Digər istiqamət isə odur ki, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Yəni, onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir”.
M.Quliyev qeyd edib ki, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.
Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramının olduğunu xatırladan M.Quliyev deyib ki, hər il yüzlərlə belə ailələr mənzillə təmin olunurlar. (Trend)