Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən deyib.
İlham Əliyev açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivinin qarşısında çıxış edib. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İlhamə Mehdiyeva qeyd edib ki, Moskva Texnologiya İnstitutunun məzunudur: "Ağlıma belə gətirməzdim ki, bu gün doğma diyarımda belə gözəl müəssisə açılacaq və mən burada işləyəcəyəm. Möhtərəm cənab Prezident, biz zaqatalalılara yaratdığınız bu şəraitə, göstərdiyiniz diqqətə və qayğıya görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun".
Prezident İlham Əliyev: Sağ olun. Siz özünüz buralısınız, Moskvada oxumusunuz. Bu ixtisas üzrə təhsil almısınız?
İlhamə Mehdiyeva: Bəli.
Prezident İlham Əliyev: Çox yaxşı.
X X X
Rayon sakini Xəzangül Zeynalova dedi:
-Möhtərəm Prezidentimiz, qızılgüllər diyarı olan Zaqatala rayonuna xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Burada necə işləyirsiniz? Maaş necədir?
Xəzangül Zeynalova: Yaxşı işləyirik, maaş da yaxşıdır, güzəranımız yaxşılaşır.
Prezident İlham Əliyev: Əvvəllər haradasa işləyirdiniz?
Xəzangül Zeynalova: Xeyr, işləmirdim.
Prezident İlham Əliyev: Yəni, bu iş yaranandan sonra buraya cəlb olunmusunuz.
Xəzangül Zeynalova: Bəli. Buna görə Zaqatala rayonunun Tala kəndinin camaatı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Burada təkcə Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər. Ümumilikdə burada 150-dən çox işçi çalışır. Maaşımız da bizi qane edir.
Prezident İlham Əliyev: Bu, mövsümi işdir, yoxsa burada daimi işləyirsiniz?
Xəzangül Zeynalova: Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur.
Prezident İlham Əliyev: İşləmək istəyən özünə iş tapar.
Xəzangül Zeynalova: Cənab Prezident, Allah Sizi qorusun. Siz bizim üçün çox iş görürsünüz.
Prezident İlham Əliyev: Çox sağ olun. Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.
Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir.
Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir.
Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar. Bu gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir. Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir.
Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır.
Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır, evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin.
X X X
Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı.