De-fakto Kürdüstan dövləti qurulsa da, de-yure onu heç bir dövlət tanımır və tanımaq niyyətləri də yoxdur. Kürdüstan yaşamaq üçün xarici qüvvələrdən, daha doğrusu, Amerikadan asılıdır.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə sentyabrda İraqın parçalanması ehtimalları haqqında danışarkən deyib.
Müsahibimiz bildirib ki, Şimali İraqda kürdlər müstəqillik referendumu keçirsələr də, keçirməsələr də, Kürdüstanı heç bir beynəlxalq subyekt tanımayacaq. Onun sözlərinə görə, hazırkı referendum qərarı daha çox daxili siyasi ehtiyaclardan doğur:
“Kürdüstanda ərəb dünyasına yaxın, yaxud İranpərəst, eləcə də Türkiyəni dəstəkləyən və ya Avropaya meyl edən qüvvələr var. Üstəlik, kürdlər tayfalara bölünüb.
Belə bir şəraitdə Məsud Bərzaninin referendum qərarı yalnız özünün daxili siyasi ehtiyaclarından doğur. O, gözəl bilir ki, referendumdan sonra nə BMT, nə də BMT-yə üzv dövlətlər Kürdüstanın müstəqilliyini tanımayacaq. Əksinə, İraq rəhbərliyi haqlı olaraq bəyan edir ki, bütün dövlətlər İraqın ərazi bütövlüyünü müdafiə edir və dəstəkləyir”.
Zərdüşt Əlizadə hesab edir ki, referendum İraqda kürdlərlə ərəblər arasında daxili müharibəyə yol açmayacaq:
“Onlar arasında bölgü aparılıb. Əlbəttə, kürdlərin silahlı qüvvəsi var. Peşmərgələr yaxşı hərbi təlim keçiblər. Ancaq nə kürdlər, nə də İraq hökuməti müharibə aparmaq fikrindədir”.
Xatırladaq ki, İraqın Xarici İşlər naziri İbrahim Cəfəri heç bir ölkənin İraqın parçalanmasına tərəfdar olmadığını bəyan edib: “Parçalanma məsələsinə hər hansı ölkənin dəstək verməsinə şahid olmadıq. Əksinə, onlar İraq hökumətinin yanında yer aldılar”.
Cavad