Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb. O, bütün ermənilərin katolikosunun xahişi ilə Vəzirov tərəfindən azadlığa buraxılıb. Kataloniyada genişmiqyaslı terror aktlarının hazırlandığı zaman İspaniyada məscidin imamının özünü partlatması yada saldı ki, 1980-ci illərin sonlarında Azərbaycanda da erməni kilsəsinin ruhanisi bu addımı atmışdı.
Bunu Teleqraf.com-a politoloq Fuad Axundov deyib.
O qeyd edib ki, imamla bağlı hadisə haqqında bütün dünya bilsə də, erməni ruhani ilə bağlı hadisə barədə hətta SSRİ-də heç kim bilmirdi. Erməni kilsəsinin ruhanisi Stepan Davtyan Qazax rayonunda ucaldılmış Xalqlar dostluğu abidəsini partlatmağa cəhd göstərərkən özünü partlatmışdı. Bu hadisə haqqında qeydlər yalnız respublika qəzetlərində yer alsa da, Azərbaycan SSR rəhbəri Əbdürrəhman Vəzirovun sərəncamı ilə Davtyanın digər “qəhrəmanlığı” haqqında ümumiyyətlə, heç kim heç nə bilmirdi. Bu maraqlı təfərrüatları erməni terroruna dair kitabların hazırlanması üçün DİN qərargahında milli zəmində baş vermiş hadisələrlə bağlı məlumatları gözdən keçirərkən aydınlaşdırmağa nail oldum. Orada mən 1980-ci illərin sonlarında Bakıda xəncər və içərisində yandırıcı qarışıq olan butulka ilə saxlanılmış erməni ruhani Stepan Davtyanın soyadına rast gəldim. Və xatırladım ki, sonradan Davtyan soyadlı bir şəxs Qazaxda özünü partladıb. Nəticədə onların eyni adam olduğunu aydınlaşdırdım. Partlayış törətməyə hazırlaşan silahlı ruhaninin nə üçün dərhal azadlığa buraxılması barədə DİN-ə göndərilən sorğuya əsasən məlum oldu ki, Davtyan üçün Vəzirovdan katolikos I Vazgen xahiş edib. Bu epizod “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş “Elan edilməyən müharibə” adlı kitabda dərc olunub”, - deyə F.Axundov bildirib.
O qeyd edib ki, məscidin imamı üçün heç kəs xahiş etməzdi, çünki islam dünyasında hamı terroru və imamın hərəkətlərini pisləyir, Eçmiədzin rəhbəri isə əksinə, Davtyanı ittiham etmək əvəzinə onun azadlığa buraxılmasını xahiş etdi.
“Eçmiədzin hələ çar Rusiyasında qeyri-qanuni, dövlət əleyhinə fəaliyyətdə olub, terror əməllərində iştirak edib. Rus pravoslav kilsəsinin Sinod üzvləri daxil olmaqla, çoxlu sayda tədqiqatçılar, siyasi xadimlər bu faktları qeyd ediblər. Xüsusilə amerikalı tarixçi Pol Vert yazırdı ki, Eçmiədzin katolikosu Rusiyanın verdiyi beynəlxalq siyasi rıçaqlardan erməni çarlığının yaradılması üçün istifadə edirdi. Bundan başqa, mütləqiyyət ermənilərin bu cür planlarına mane olmağa çalışdıqda, Eçmiədzin onu məharətlə şantaj etməyə başladı. Nəticədə 1903-cü ildə Eçmiədzin ləğv olundu, əmlakı isə müsadirə edildi. Rus pravoslav kilsəsi onu lənətlədi. Yəni XX əsrin başlanğıcında erməni kilsəsi dövlət əleyhinə əməllərin və terrorizmin tərəfdarı idi, çar hakimiyyəti isə belə hərəkətlərin təhlükəsini anlayaraq onu qadağan etdi. Ancaq bu gecikmiş tədbirlər Rusiya imperiyasının dağılmasını dayandırmadı. Artıq 1980-ci illərin sonlarında bu təhlükəni görməyən Mixail Qorbaçovun hərəkətləri Sovet İmperiyasının dağılmasını sürətləndirdi”, - deyə politoloq vurğulayıb.