7 Sentyabr 2017 13:30
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:34

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq Bakıda və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğulayıb, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu deyib və bunun ölkə iqtisadiyyatının özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, həmçinin iqtisadiyyata olan etimadın artmasını nümayiş etdirir və əlavə maliyyə vəsaiti hesabına sahibkarlığa dəstək verməyə kömək edir.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlığımızın uğurlu olacağına ümid etdiyini bildirən dövlət başçısı hazırda qarşıda digər planların və çağırışların olduğunu deyib. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən Prezident İlham Əliyev qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirib, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin Azərbaycana səfərinin görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün imkan yaratdığını deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq həmin görüşlər zamanı əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb və bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə edib.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər