18 Sentyabr 2017 13:29
3 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev sentyabrın 13-də Xanım Məmməd qızı İbrahimovanın Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının bu sərəncamı həm də ona görə əlamətdardır ki, X.İbrahimova hazırda Azərbaycanı xaricdə təmsil edən ikinci qadın səfirdir. Digər qadın səfir ölkəmizin Bolqarıstandakı diplomatik missiyasının rəhbəri, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Nərgiz Qurbanovadır.

Qeyd edək ki, səfir X.İbrahimova beynəlxalq münasibətlər sahəsində 20 illik iş təcrübəsi olan diplomatdır. O, BMT-də Azərbaycanın mənafelərini ardıcıl surətdə qoruyan fəal diplomatlardan biridir. X.İbrahimova ABŞ-ın Kolumbiya Universitetində ali təhsil alıb, beynəlxalq münasibətlər və maliyyə sahəsində 3 magistr diplomu var.

X.İbrahimovanın bu vəzifəyə təyin edilməsi barədə Prezidentin sərəncamı imzalanana qədər o, Nyu Yorkda Azərbaycanın BMT yanında daimi nümayəndəliyində müşavir vəzifəsində işləyib. X.İbrahimova dəfələrlə BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin Azərbaycanın mənafelərini əks etdirən bəyannaməsi qəbul edilərkən BMT üzvü olan 150 ölkə arasında konsensusa nail olduğuna görə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanın Avstriyadakı səfirliyində və ATƏT-in daimi missiyasında müşavir vəzifəsində çalışıb, ölkələr arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafına kömək edib.

O, Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə bu ali məktəbdə uğurlu layihələrin başlanmasında və reallaşdırılmasında iştirak edib, akademiyada gənc diplomatlara mühazirələr oxuyub.

X.İbrahimova Xarici İşlər Nazirliyində işləyənə qədər çoxsaylı beynəlxalq ekspertlər arasında ciddi müsabiqədən keçərək Nyu Yorkda BMT İnkişaf Proqramının qərargahında sistemdənkənar işə qəbul edilib, burada BMT-nin Nyu Yorkdakı baş ofisinin ən iri şöbələrindən birində - böhranların qarşısının alınması və bərpa şöbəsində rəhbər vəzifə tutub.


Müəllif: Səxavət

Oxşar xəbərlər