27 Sentyabr 2017 09:38
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb. Politoloqla söhbətin əsas mövzusu Şimali İraq Kürd Muxtariyyətinin dünən keçirdiyi müstəqillik referendumu, onun nəticəsi, müharibə ehtimalı və mümkün ssenarilərdir.

- Toğrul bəy, Kürdüstanda keçirilən referendumun nəticələri açıqlandı. Bundan sonra “müstəqil Kürdüstan dövləti” ifadəsini işlətmək mümkün olacaqmı?

- Əvvəlcə, Kürdüstan ifadəsinin terminoloji tərəfinə diqqət yetirək. Tarixdə Kürdüstan adı var, amma onun sərhədləri haradır, necədir məsələsi çox mübahisəlidir.

İkincisi, referendumun keçirildiyi ərazinin rəsmi adı Şimali İraq Regional İdarəçiliyidir. Əlbəttə, Qərb, Rusiya, bəzən Türkiyənin özündə belə, bura kürd idarəçiliyi, Kürdüstan kimi təqdim edilir. Əlbəttə, Rusiyada daha irəli gedərək “İraq Kürdüstanı”, “Suriya Kürdüstanı” ifadəsi işlədilir. Ancaq bu, hər dövlətin öz konyukturasından doğur.

Üçüncüsü, bu referendum İraq konstitusiyasına ziddir. Referendumun hüququ əsaslarının olduğuna dair ciddi şübhə var. İraq konstutisiyası, parlamenti və hökuməti bu referendumu qəbul etməyib. Böyük dövlətlər, qonşu ölkələr referendumun qanuniliyini tanımır. Kimin könlündə nə var, bu, ayrı məsələdir. Amma referenduma beynəlxalq müstəvidə baxanda ciddi boşluqlar görürük. Bu isə referendumun qanunauyğunluğunun problemli, bu qurumun dövlət müstəqilliyinin qısa zamanda tanınacağının mümkünsüzlüyünü göstərir. Belə şərtlər daxilində yeni bir dövlətin zühuru real deyil.

Referendum keçirilən bəzi ərazilərdə əvvəlcə etnik oyunlar aparılıb. Ərəb və türkmən əhalisinin çoxluq təşkil edən ərazilərində də referendum oyunu keçirilib. Əslində bu, təhlükəli məqamdır.

- Referendumdan sonra bölgədə yeni müharibə ehtimalı varmı, sizcə?

- Məsud Bərzani və komandasının etdiyi ilə İŞİD-in etdiyi arasında ciddi fərq yoxdur. Hər ikisi bölgəni qanunsuz ələ keçirərək öz dövlətini qurmağa çalışır. Siz dediyiniz müharibəni reallaşdıracaq təhdid isə İraq hakimiyyətinin Şimali İraqa tətbiq edə biləcəyi sanksiyalardır.

Bildiyiniz kimi, Mosul əvvəl İŞİD tərəfindən ələ keçirilmişdi. Sonra İraq ordusu buranı İŞİD-dən təmizlədi. İndi İraq yenidən Mosulda və bölgədə ərazi bütövlüyünü təmin etmək, nizam-intizam yaratmaq istəyərsə, bölgəyə ordu yeridə bilər.

İkincisi, müharibəyə səbəb olacaq digər təhdid Bərzani və komandasının istifadə etdiyi xəritələrdir. Böyük Kürdüstan xəritəsinə baxanda İraq, Suriya, İran, hətta Azərbaycanın bəzi ərazilərinin bu xəritəyə daxil edildiyini görürük. Beləcə Şimali İraq Regional Muxtariyyəti qonşu ölkələrin ərazisinə iddia edir. Əslində bu hərəkət Azərbaycana tanışdır. Qonşu Ermənistanın “Böyük Ermənistan” xülyası və Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərini nəzərdə tuturam. İraqın Şimalında baş verənlər Dağlıq Qarabağ proseslərinin başlanması kimi bir prosesdir.

- Bəs Türkiyə Şimali İraqa ordu yeridə bilərmi?

- 1926, 1946 və 1983-cü il anlaşmaları əsasında Türkiyənin bu bölgəyə müdaxilə etmək haqqı var. Xüsusilə, 1926-cı ildəki Ankara müqaviləsinə əsasən, İraqın ərazi bütövlüyü pozulduğu təqdirdə Türkiyənin bu bölgədəki türkman yaşayış yerləri və bölgəni nəzarətə almaq haqqı verilib. Lakin Türkiyə hüquq dövlətidir, bütün fəaliyyətini beynəlxalq hüquq, ikili anlaşmalar çərçivəsində həyata keçirir.

Əslində Şimali İraqda aparılan referendum və istifadə edilən təbliğat, habelə xəritələr bu bölgənin Türkiyənin ərazi bütövlüyünə qarşı olduğunu göstərir. Bunlar Türkiyənin bölgəyə müdaxiləsini qanuniləşdirə bilər. Lakin Türkiyənin beynəlxalq atmosferi nəzərə alaraq hərəkət edəcəyini düşünürəm.

- İranın Şimali İraqa hərbi müdaxiləsi necə, mümkündürmü?

- İran qoşun yeridə bilər və bu haqqa sahibdir. Onsuz da, İran Şimali İraqda bəzi nöqtələri vurdu.

Əslində baş verənlər ciddi təhlükədir, beynəlxalq aləm üçün yeni narahatlıq deməkdir. Üstəlik, bu cür davranış İran və Türkiyə ərazisindəki bəlli kürd qruplarını həyacana gətirib. Bir hərəkat başlana, separatizmi gücləndirəcək hallar ortaya çıxa bilər. Şimali İraqda baş verənləri ortalığı qarışdıracaq proses kimi qiymətləndirə bilərik.

- İraqın şimalında baş verənlər Yaxın Şərq xəritəsində dəyişikliklər yaradıbmı?

- Əlbəttə. Biz tamamilə yeni situasiya haqqında danışırıq. Bu dövlətin ortaya çıxmasında bəlli dairələrin istəyi var. İsrail bunu çox istəyir. Diqqət edirsinizsə, Rusiya da buna qarşı sərt çıxmadı. Rusiyanın ciddi neft anlaşmaları var. Ancaq durum ciddi şəkildə dəyişir. Onsuz da Orta Şərqdə xəritələrin yenidən çəkiləcəyi məsələsi gündəmdə idi. Suriyada da, İraqda da baş verənlərin ana səbəbi budu.

- Əgər məsələ gündəmdə idisə, niyə İraq kürdləri 1 il əvvəl bu addıma getmədi, məhz 2017-ci ilin 25 sentyabrı seçildi?

- Referendumdan öncə müəyyən etnik oyunları həyata keçirmək lazım gəlirdi. İŞİD layihəsi ortaya atıldı. İŞİD necə ortaya çıxdı, bunu kimlər yaratdı, məqsəd nə idi, çoxlu sayda dövlətlər İŞİD-i yox edə bilmirdimi və sair suallar var. İŞİD böyük əraziləri işğal etdi, daha sonra qəfil zəiflədi. İŞİD-in Şimali İraqda tutduğu ərazilərdə etnik oyunlar baş verdi. Etnik köçlərdən sonra bəlli güclər bu əraziləri İŞİD-dən aldı. İndi də referendumla böyük layihənin bir hissəsini həyata keçirməyə çalışırlar.

Bu arada qeyd edim ki, Belçikada PKK-çılara qarşı əfv qanunu çıxarılıb. Rusiya onsuz da PKK-nı terror təşkilatı saymır. Baxın, Türkiyə Belçikadıkı separatçı qrupları dəstəkləsəydi, bu saat Avropa bar-bar bağırırdı. Və ya Rusiyadakı Tatarıstana Mərkəzi Türküstan deyilsəydi, Moskva buna dözüm göstərməzdi. Bir sözlə, bu dövlətlər öz daxillərində belə separatizmə izn vermirlər, amma qonşu dövlətlərdə belə prosesləri arzulayırlar.

Xüsusi vurğulamaq istəyirəm ki, Avropa Birliyinin son illər qəbul etdiyi qərarlarda bir millətin öz taleyini yaşadığı dövlətin ərazisində sakit şəkildə gerçəkləşdirmək hüququ tanınır. Avropalılar belə qanunları qəbul edir, amma iş özlərinə gəldikdə unitar quruluşu əsas götürürlər. Azərbaycana, Ukraynaya və digər bu kimi ölkələrdə belə qanunlar işlək hesab olunur. Bu da dünyada xaosa səbəb olacaq haldır.

- İran və Türkiyə Şimali İraqla sərhədləri bağlayarsa, mərkəzi hökumət Şimali İraqdakı quruluşa qarşı sanksiyalar tətbiq edərsə, Bərzani geri addım atarmı?

- Artıq geri addım atmaq məsələsi yoxdur, referendum keçirilib. Mümkündür ki, təzyiqlərin qarşısında müstəqillik elan edilməsin. Üstəlik, elan olunacaq dövlətin tanınmaması məsələsi var, lakin tanınmaq risqi də tamamilə istisna deyil. Nəzərə almaq lazımdır ki, böyük dövlətlər siyasi oyun oynayırlar. Ortaya qığılcım atılıb. Düşünün ki, bir qrup siyasətçi siyasi qərar qəbul edərək bu addımı atıb, oyunu həyata keçirib. Bu halda orada yaşayan kürd və digər xalqların günahı nədir? Qapıları bağlamaq oradakı insanları aclığa, ölümə və səfalətə sürükləməkdir. Bu nə dərəcədə insani davranışdır?

Mən milli duyğuları bir kənara qoyaraq sırf mütəxəssis baxışını deyirəm. Ümumiyyətlə, bəşəri-humanist yanaşmanı bir kənara qoysaq, insanlıq dramı yaşana biləcək bir vəziyyətlə üzləşə bilərik. Həm müharibə baş verə bilər, həm dövlətlər sərhədlərini bağlayarsa xalqın, əhalinin vəziyyəti ağırlaşar. Üstəlik, bəllidir ki, acınacaqlı duruma düşən insanlar Türkiyəyə sığınmalı olacaqlar. 1990-cı illərdə Şimali İraqda problem oldu, nəticədə 1,5 milyon kürd Türkiyə ərazisinə qaçdı.

- Şimali İraq Regional Muxtariyyət ərazsiində kürd-ərəb, türkman-ərəb qarşıdurması, vətəndaş müharibəsi ehtimalı barədə fikriniz nədir?

- Bu risk də çox böyükdür. Əgər orada yaşayan xalqların, toplumların istəklərini nəzərə almasanız, təbii ki, bunun acı nəticələri olacaq. Xüsusilə, Kərkük, Mosul və digər qarışıq xalqların yaşadığı ərazilərdə.

- İraq dövlətinin bu əraziyə ordu yeridib-yeritməyəcəyinə dair proqnozunuz necədir?

- Əgər İraq öz ərazi bütövlüyünü təmin etmək istəyirsə, ordu yeridəcək. Lakin burada ABŞ və digər böyük güclərin təzyiqi də var. İraq bu təzyiqlərlə baş-başa gələ bilməz. Ehtimal edirəm ki, məhz bu səbəbdən İraq hakimiyyəti Türkiyə və İranla məsləhətləşmələr aparır. Əgər qərarlı olarsa İraq həm özü, həm də qonşu ölkələrdən yardım alaraq ərazi bütövlüyünün təmini üçün bölgəyə müdaxilə edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər