Artıq xoruzun quyruğu göründü.
Teleqraf.com xəbər verir ki, Dağlıq Qarabağ separatçılarının ”Xarici İşlər Nazirliyi”nin bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəkləməsinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu belə deyib.
Onun sözlərinə sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur:
“Çünki Ermənistan XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək isə Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib”.
E.Şahinoğlunun fikrincə, əslində, biz bu amildən istifadə edərək Tehrandan soruşa bilərik ki, sıx təmasda olduğun ermənilərin sənə töhfəsi budurmu?! Analitik qeyd edib ki, İrəvanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir:
“Bu vəziyyətdə Azərbaycan Xarici İşlər Nazirliyinin bu mövzuda kiçicik bir açıqlama verməməsi də təəssüf doğurur. Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və Şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını faş edin. Belə bir açıqlama həm də ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları Şimali İraqdakı referendumdan həvəslənməsinlər”.
Qeyd edək ki, qondarma DQR-in XİN-i bəyanat yayaraq İraq Kürdüstanında xalqların öz müqəddəratını təyinetmə hüquqi çərçivəsində keçirilən müstəqillik referendumunu alqışladığını bildirib. Separatçılar referendumdan sonra yaranan çətin vəziyyətin sülh yolu ilə həll ediləcəyinə “ümid” ifadə ediblər. Bəyanatda qeyd olunur ki, Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur.