Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də fəal əməkdaşlıq edirik.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir: "Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Hörmətli görüş iştirakçıları, üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.
Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər.
Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xəttlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xəttləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirmişdir. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minmiş və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir.
Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür.
Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır.
Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır.
Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Hörmətli həmkarlar, bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur.
Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində bu yaxınlarda Bakıda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları təşkil olundu. Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bizim təşəbbüsümüzlə 2008-ci ildə başlanan, 100-dən çox müsəlman və xristian ölkəsini birləşdirən “Bakı Prosesi” BMT tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir.
2015-ci və 2017-ci illərdə 100-dən çox ölkənin iştirakı ilə Bakıda keçirilən birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunları idman yarışları olmaqla bərabər, eyni zamanda, mədəniyyətlərarası dialoqa verdiyimiz növbəti töhfə idi.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk.
Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcəkdir".