Milli Məclisin sədri Oqtay Əsədov Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Deyib ki, bu təyinat ölkələrimiz arasında istər parlamentlər səviyyəsində, istərsə də digər qurumlar arasında münasibətlərin daha da irəli aparılmasına yeni töhfələr verəcəkdir.
Spiker deyib ki, Azərbaycan Fransa ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir: “Bu ölkə müstəqil Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb. Bu günədək ölkələrimiz arasında 52 sənəd imzalanıb, 5 sənəd üzərində iş aparılır. Bunlar əlaqələrimizin etibarlı hüquqi bazasını təşkil edir.
Qanunvericilik orqanları arasında əlaqələrimiz də yüksək səviyyədədir. Vaxtilə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Milli Məclisin deputatı olan ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi Azərbaycan tərəfindən Fransa ilə əməkdaşlığın dərinləşməsinə verilən dəyərin bariz nümunəsidir”.
Pyer Alen Rafan Azərbaycanla dostluq qrupunun rəhbəri vəzifəsində ilk səfərini ölkəmizə etdiyini və bunun simvolik bir məna daşıdığını diqqətə çatdırıb. Deyib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı genişləndirmək və münasibətləri daha da dərinləşməsi məqsədi ilə yeni-yeni layihələri reallaşdırmaq niyyətindədir.
Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq bu məsələdə BMT-nin qəbul etdiyi qərarlara və problemin həllinə öz tərəfindən dəstək verəcəyini dilə gətirib.