4 Noyabr 2017 15:24
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun “Qarabağ münaqişəsinin həllində islam amili” yazısını təqdim edir:

Azərbaycan coğrafi mövqeyinə görə Qərblə Şərq arasında körpü rolunu oynayır. Azərbaycan Qərbin siyasi, iqtisadi və hərbi təşkilatları ilə sıx əməkdaşlıq etdiyi kimi islam aləmini əhatə edən qurumlarda da fəallığını azaltmır. Azərbaycanın islam aləminin fəal üzvü olduğunu 2017-ci ildəki iki təşəbbüsü də sübut edir. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və bu təşkilat işğal altındakı torpaqların qeyd-şərtsiz azad olunması məsələsində hər zaman Azərbaycana dəstək verir. Sentyabrın 10-da Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusundakı çıxışında belə bir cümlə işlətdi: “Azərbaycanda məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. İlham Əliyev bu cümlə ilə bütün müsəlman ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsini istədiyinə eyham vurdu. Təəssüf ki, reallıq bir qədər fərqlidir.

Əlbəttə, İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edilir. Bundan başqa ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb.

Təəssüf ki, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri BMT qətnamələri kimi kağız üzərində qalıb. Ayrıca, təşkilat çətçivəsində təsis edilən Təmas Qrupunun fəaliyyəti haqqında da konkret fikir söyləmək çətindir. Bu da ondan irəli gəlir ki, təşkilat Azərbaycanın haqlı mövqeyi dəstəkləsə də, quruma ayrı-ayrı üzv dövlətlərin Cənubi Qafqazdakı proseslərə fərqli baxışları var və bu baxışlar heç də hər zaman Ermənistanın işğalçı siyasətinin pislənməsi anlamına gəlmir.

Onu da nəzərə almaq lazımdır ki, islam aləmi özü də yeksinc deyil, müxtəlif ölkələr arasında müxtəlif ixtilaflar var və bu ixtilaflar yaxşı halda maraq mübarizəsinə, pis halda isə müharibələrə gətirib çıxarır. Həmrəyliyin zəifliyi ilə bağlı son nümunəyə də müraciət edə bilərik. Myanmada ordu və polis terrorçularla mübarizə adı altında yerli müsəlman əhalisinə divan tutur. Kəndlər yandırılır, günahsız insanlar qətlə yetirilir, yüzminlərlə müsəlman Banqladeşə qaçır. Bu qətliam islam aləminin müzakirə mövzusuna çevrilibmi? Təəssüf ki, yox. Türkiyə, İran, Azərbaycan və bir neçə dövlət bu məsələyə diqqət yetirib, Banqladeşdəki qaçqınlara humanitar yardım göndəriblər. Vəssəlam. Ona görə də Azərbaycanla islam dünyası arasındakı münasibətlər mövzusu haqqında fikir yürüdərkən, müsəlman aləminə aid ölkələrin və bu ətrafdakı siyasi blokların ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışlarını da analiz etməyə ehtiyac var.

Suriya münaqişəsinin həlli ilə bağlı Türkiyə-Rusiya-İran formatı uğurlu alındı. Ötən ilin dekabr ayında Türkiyə-Rusiya-İran formatı Moskvada ilk toplantısını keçirdi. Bu, Suriya böhranı başlayandan bu yana Türkiyə, Rusiya və İran xarici işlər və müdafiə nazirlərinin ilk birgə görüşü idi. Rusiya və Türkiyə, o cümlədən İran Suriyada münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət nəticələr var.

Gələcəkdə bu üçtərəfli formatın Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşmasını gözləmək olarmı?

Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə görüşlərində Qarabağ münaqişəsinin həllinin vacibliyindən də danışırlar. Ancaq hələ ki, konkret nəticə yoxdur. Yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru “mərhələli həll” planını Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Görünür atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər.

2017-ci ilin əvvəlində Pakistan mətbuatında Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul etdiyinə dair xəbər yayıldı. Xəbərdə deyilirdi ki, bununla yeni alyasna üzv olan dövlətlərin sayı 42-yə çatıb. Ancaq Azərbaycan rəsmiləri bu xəbərləri təkzib etdilər. Buna baxmayaraq, il ərzində koalisiya haqqında xəbərlər səngimədi. Koalisiyanın hərbi qərargahının Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşdirilməsi nəzərdə tutulduğu və bu qərargahın terrora qarşı birgə mübarizəni koordinasiya edəcəyi planlaşdırıldığı bildirilirdi.

Azərbaycanın İslam Hərbi Alyansına üzvlüyünə 3 amili mane olur.

Birinci amil Rusiyanın reaksiyasıdır. Rusiya NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinə olduğu kimi cənub cinahında da yeni hərbi koalisiyanın formalaşmasında maraqlı deyil. Digər tərəfdən yeni koalisiyada Rusiyanın müsəlman aləmindəki iki əsas tərəfdaşı – İran və Suriya yer almayıb. Tam əksinə yeni koalisiyanın əsas rəqibləri məhz bu iki ölkə sayıla bilər.

İkinci amil İrandır. Tehran da ilk gündən İslam Hərbi Alyansına üzvlük təklifini rədd edib. Səudiyyə Ərəbistanı İranın regional rəqibidir və ona görə də Tehran qərargahı Ər-Riyadda yerləşəcək hərbi alyansa üzvlüyü heç bir halda qəbul etməyəcək.

Üçüncü amil isə rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətdir. Azərbaycan nə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, nə də ona rəbiq olan NATO üzvlüyünə can atır.

Hadisələrin sonrakı inkişafı İslam Hərbi Alyansını ümumiyyətlə gündəlikdən çıxardı. İl ərzində Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaranan ixtilaf, iki ölkənin bir-birlərini terrorçulara dəstəkdə ittiham etməsi və diplomatik münasibətləri kəsməsi yaxın perspektivdə İslam Hərbi Alyansının reallaşmasının mümkün olmayacağını göstərdi. Bu durum Azərbaycanı quruma üzv olub-olmamaq kimi çətin dilemmadan xilas etdi.

2017-ci ilin fevralın 1-də İranın müdafiə naziri Hüseyn Dehqanın dəvəti ilə Ermənistanın müdafiə naziri Viqen Sərkisyan İrana rəsmi səfər etdi. Görüşdə müdafiə nazirləri iki ölkə arasındakı hərbi əməkdaşlıqla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə etdilər.

İranla Ermənistan arasında hərbi əməkdaşlığın hansı zərurətdən yarandığını söyləmək çətindir.

Birincisi, Ermənistanın kifayət qədər maliyyəsi yoxdur ki, İranda silah ala bilsin. Bütün lazımi silahları Ermənistana Rusiya pulsuz verir.

İkincisi, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrdən biri deyil ki, Tehranla münaqişənin həlli barədə geniş fikir mübadiləsinə ehtiyac olsun.

Açıq demək lazımdır ki, İranla Ermənistan arasındakı əlaqələr Azərbaycanda haqlı olaraq xoş qarşılanmır. Doğrudur, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, ancaq məsələn iranlı rəsmilərə və din xadimlərinə gəldikdə onlar Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını istəyirlər, hətta deyirlər ki, Azərbaycan heç bir halda İsraildə səfirlik açmamalıdır. Halbuki, Azərbaycan İsraildən aldığı müasir silahlar hesabına işğalçıya ağır zərbələr endirir. Ancaq Azərbaycan eyni həssasiyəti Tehranın göstərməsini istəyəndə iranlı rəsmilər və din xadiləri deyirlər ki, Ermənistan İrana qonşudur və bu dövlətlə münasibətləri olmalıdır.

Azərbaycan İranın Ermənistanla təmaslarına o halda normal yanaşardı ki, İran rəsmiləri Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlının geri qaytarılması vacibliyini Ermənistan rəsmilərinin dəqqətinə çatdırardı və ya onlara deyərdilər ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması sülhə aparan yoldur.

İranın Ermənistanla sıx təmaslarına baxmayaraq, Bakı Tehranla əməkdaşlığını azaltmayacaq. Ermənistan hakimiyyəti çox istəyir ki, İranla Azərbaycan arasında gərginlik olsun. Ona görə də rəsmi Bakı İrəvanın bu tələsinə düşməməlidir. Azərbaycanla İran arasında konkret iqtisadi layihələr var. Azərbaycan uzun illərdən sonra Təbrizdə konsulluğun açılmasına nail oldu, iki dövləti birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsinə az qalıb, İran Bakı ətrafında bir neçə zavod tikəcək. Bu səbəblərdən Azərbaycan İranla əməkdaşlığı azaltmamalıdır.

Bu il Türkiyə ilə Azərbaycan arasında da xeyli birgə hərbi təlimlər keçirildi. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illər bu müttəfiqlik daha da artıb və iki ölkə arasındakı münasibətlər tarixinin qızıl dövrünü yaşayır. Siyasi təmaslar yüksək səviyyədədir, Türkiyənin Azərbaycanda, Azərbaycanın isə Türkiyədə on milyardlarla dolar yatırımları var. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri layihələrinə bu günlərdə biri də əlavə olundu: Bakı-Tiflis-Qars dəmiryolu. Növbədə isə TAP və TANAP qaz boru xətlərinin tikintisidir. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığın miqyasını da genişləndirir. İl ərzində iki ölkə arasında 3-4 birgə hərbi təlimlər keçirilir.

Azərbaycanla Ermənistan arasında gərginliyin artması, cəbhə bölgəsindəki mövzud vəziyyət Ankaranı da narahat edir. Ankara həmişə olduğu Ermənistandan Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmasını tələb edir.

Türkiyə Ermənistanın cəbhə bölgəsindəki təxribatlarına seyrçi qalmır, Ankaradan ard-arda açıqlamalar səslənir. Cəbhə bölgəsində vəziyyət gərginləşən kimi Azərbaycanın siyasi dairələrində ənənəvi sual gündəmə gəlir: Azərbaycanla Türkiyə arasında mövcud hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa ehtiyac varmı? Çünki, Ermənistan Rusiyanın hərbi dəstəyinə arxayındırsa, Azərbaycanın Türkiyənin hərbi dəstəyinə ehtiyacı yarana bilər. Bu mənada mümkün variantlardan biri Türkiyənin Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsidir. Əgər Türkiyə keçmiş SSRİ ilə 1921-ci ildə imzaladığı Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinə görə cavabdehdirsə, bunu real olaraq həyata keçirilməsi də mümkündür.

Azərbaycan müstəqil dövlətdir və Bakı Ankara ilə hərbi baza məsələsində razılaşsa heç bir dövlət bu prosesə mane ola bilməz. Ermənistanın və onun dəstəkçisi Kremlin etirazları məntiqsiz olacaq. Bakının həm Moskvaya, həm də İrəvana ünvanlayacağı məntiqi sual belə olacaq: Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirə bilirsə və bu dövlətin təhlükəsizliyini təminatı altına alırsa, niyə Türkiyə ilə Azərbaycan eyni işi görə bilməzlər?

Bu suala nə Kremlin, nə də İrəvanın məntiqi cavabı ola bilər. Ona görə Türkiyənin Azərbaycan ərazisində hərbi baza yaratması ideyası aktuallaşa bilər. Məsələ burasındadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində uğur qazanarsa, Ermənistan hakimiyyəti Naxçıvan istiqamətində hərbi əməliyyatlar həyata keçirə bilər.

Türkiyə-Azərbaycan hərbi birliyinin rəsmiləşdirilməsi Ermənistan ətrafındakı həlqənın daralmasına səbəb olacaq. Azərbaycan ordusu Ermənistan ərazisinə hücum etmir, özünə aid Dağlıq Qarabağı və ətraf rayonları işğalçılardan azad etmək istəyir. Buna heç Rusiya da qarışa bilmir. Çünki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, Dağlıq Qarabağın yox. Eyni saziş Azərbaycanla Türkiyə arasında imzalanarsa bu Türkiyənin Dağlıq Qarabağ üzərindəki təhlükəsizliyinə də təminatçı anlamına gələcək. Bundan sonra Ankaranın hansı addımlar atacağı indidən bəlli olmasa da, o da aydındır ki, Ermənistan qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək.

İslam aləmində Qarabağ məsələsinə Türkiyədən fərqli münasibət göstərən dövlətlər də var. Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XIII sammitində maraqlı hadisə baş verdi. Gözlənilmədiyi halda Qırğızıstan qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmadı. Bu, rəsmi Bakı üçün sürpriz qərar oldu. Çünki bəyanatda ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəllədiyi yazılırdı. Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunurdu.

Bu ifadələrdə yeni heç nə yoxdur. Bəyanatda qeyd edilən ifadələr iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Digər tərəfdən, ECO ölkələri bəyanatdakı bu ifadələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edirdilər. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyildi. Axı bu səsverməyə qədər Bişkek də hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib.

Qırğızıstanın bu mövqeyi Ermənistanda yüksək qiymətləndirildi. Təsadüfi deyil ki, ECO sammitindən sonra Ermənistanın baş naziri Karen Karapetyan Bişkekə səfər etdi.

Qırğızıstanın Ermənistanla elə bir iqtisadi əlaqələri və ya ortaq layihələri də yoxdur. Əksinə, Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələrin və ortaq layihələrin reallaşmasına ümid edirdi. Ancaq son hadisədən sonra rəsmi Bakının Qırğızıstanla iqtisadi əlaqələrə maraq göstərəcəyini söyləmək problematikdir. Təsadüfi deyil ki, Azərbaycan XİN və prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Qırğızıstanın mövqeyini tənqid edən açıqlamalar səsləndirdilər.

Qırğızıstan niyə Azərbaycanın xeyrinə səs vermədi?

Görünür, Qırğızıstan Rusiya və Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer aldığı üçün İrəvana dəstək verir. Qazaxıstan və Belarus da eyni qurumların üzvüdür. Ancaq hər ikisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın siyasətindən narazıdır. Bişkekin İrəvana dəstəyi onu Bakıdan uzaqlaşdırır. Ümid edək ki, Qırğızıstanda oktyabrın 15-də keçirilən prezident seçkilərindən sonra formalaşacaq yeni hakimiyyət Azərbaycanın ərazi bütövlüyü mövzusuna daha həssas yanaşacaq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2-3 aprel tarixlərində Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif əməkdaşlıq sazişləri imzalandı. Nursultan Nazarbayev Bakıda veridiyi açıqlamalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı. Qazaxıstan Prezidenti münaqişənin həllində BMT qətnamələrinin əsas götürülməsi vacibliyini bildirdi. Bu mənada Bakı ilə Astananın mövqeləri üst-üstə düşür. Azərbaycan da illərdir Qarabağ münaqişəsinin həllində BMT-nin 1990-cı illərin əvvəllərində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsini əsas götürülməsini tələb edir. Qazaxıstan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Doğrudur, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları geniş deyil. Qazaxıstan ATƏT sədri olduğu dövrdə də münaqişənin həllini sürətləndirə bilmədi. Ancaq rəsmi Bakı üçün başqa amil vacibdir. Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvüdür və hər iki təşkilatda Astana Azərbaycanın ərazi bütövlüyünü əsas götürərək, İrəvanın Azərbaycan əleyhinə fəaliyyətinə imkan vermir. Bu rəsmi Bakı üçün çox dəyərlidir.

Azərbaycana dəstək verən ölkələr arasında Pakistanın və Səudiyyə Ərəbistanının da adını çəkmək lazımdır. Hər ikisi ərazi bütövlüyü məsələsində Azərbaycana birmənalı dəstək verir və işğal faktına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Hətta rəsmi İrəvan müxtəlif dövlətlərin vasitəçililyi ilə bir neçə dəfə Ər-Riyadla əlaqə qurmaq istəsə də hər dəfə rədd cavabı alıb. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətlərə son verən gündən bir neçə gün sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dohaya səfər etdi. İrəvan bununla kimin tərəfində olduğunu göstərdi. Doğrusu, Qətərin hakimiyyətinin mövcud gərgin vəziyyətdə Ermənistanın xarici işlər nazirini Dohaya dəvət etməsinin səbəbi aydın olmadı. Qətərin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı Azərbaycandır. Bunu nəzərə alaraq Qətər Qırğızıstanın səhvini təkrarlamamalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev il ərzində Səudiyyə Ərəbistanı ilə yanaşı Pakistanda da oldu. Pakistan Azərbaycana hər cür hərbi dəstək verməyə hazırdır. Pakistan ən müasir silahlarını, hərbi təyyarələrini Azərbaycana satacaq. Eyni zamanda Azərbaycan da Pakistanın problemlərinə diqqətlə yanaşır. Heydər Əliyev Fondunun xətti ilə Pakistanda zəlzələdən çəzərər çəkən insanlara humanitar yardımların çatdırılmasını və bu ölkədə inşa etdiyi məktəbləri xatırlatmaq kifayətdir.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində dəstək verən əsas ölkələr islam ölkələridir. Ancaq münaqişənin həllində vasitəçi ölkələr arasında islam ölkəsi yoxdur. Digər tərəfdən islam aləmində həmrəylik də yoxdur. Bu mənada Qarabağ məsələsində islam aləminin tamamının fəallaşacağını söyləmək mümkün deyil.

“Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışının böyük siyasi əhəmiyyəti var. Biz illərdir Qərbdə təbliğat aparırıq ki, Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur, bu əzəli Azərbaycan torpağıdır. Bu təbliğata kifayət qədər vaxt və enerji sərf edilib, konfranslar keçirilib və sair. “Qarabağ” klubu Avropanın 32 ən yaxşı klubu arasında yer almaqla bu təbliğatımızı gücləndirdi, Avropada yaşayan milyonlarla futbol azarkeşi Qarabağın Azərbaycana aid olduğunu anladı. Qrup mərhələsində oyunlar davam etdikcə “Azərbaycanın Qarabağ klubu” ifadəsi yüz milyonlarla avropalının, hətta amerikalıların qulaqlarında cingildəyəcək. Bu çox mühüm nəticədir. Digər tərəfdən minlərlə futbol şərhçisinin dili ilə qərblilərin diqqətinə o da çatdırılacaq ki, Avropa klubları arasında yeganə “Qarabağ” klubudur ki, öz meydanında çıxış edə bilmir. Bunun səbəbini öyrənmək istəyən istənilən xarici vətəndaş Ağdamın erməni işğalı altında olduğunu faktı ilə də üzləşəcək. Bu da Azərbaycan üçün mühüm nəticədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər