Səudiyyə Ərəbistanının kral ailəsində aparılan həbslər ölkənin modernləşdirilməsinə əngəl olan anti-islahatçılara qarşıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı kral ailəsi Yaxın Şərqi bürüyən xaos və anarxiyadan gələcəkdə yan keçmək üçün mütərəqqi islahatların aparılmasını artıq labüd hesab edir:
“Bu islahatların aparılması həbslərlə müşayiət olunsa da, ölkəni daha ağrılı keçə biləcək daxili böhrandan qoruyacaq. Səudiyyə Ərəbistanı kral Salmanın bir müddət əvvəl qeyd etdiyi modern islahatlar çərçivəsində regional gücə çevrilə bilər. Xüsusilə ABŞ-ın bu islahatların aparılmasında böyük rolu olduğunu vurğulaya bilərik”.
Politoloq bildirib ki, ABŞ son illər Yaxın Şərqdə əsasən Səudiyyə Ərəbistanına üstünlük verir:
“Trampın hakimiyyətə gəlməsindən sonra ilk səfərini bu ölkəyə etməsi, arda-arda ABŞ rəsmiləri və dövlət katibi səviyyəsində Ər-Riyada səfərlər ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrində islahatları önə çıxardı. Ötən həftə Livanın baş naziri Saad Həririnin Ər-Riyadda istefası regionda gedən proseslərdə Səudiyyənin rolunu artırır. Bütün bunlar İranın Livanda siyasi təsirlərini də zəiflədəcək”.
M.Əsədullazadə İraq şiələrinin radikal lideri, yarımhərbi şiə təşkilatı – “Mehdi ordusu”nun lideri Müqtəda əs-Sədrin Ər-Riyada səfəri, ardınca İraqın baş naziri Heydər İbadinin rəsmi səfərinin başladılan islahatlarla paralellik təşkil etdiyini vurğulayıb:
“Demək, ABŞ kral ailəsini islahatlara razı salmaqla Səudiyyə Ərəbistanının regionda aparıcı ölkəyə çevrilməsinə dəstək verəcək. Bu, həm də İran və Türkiyənin Yaxın Şərqdə geosiyasi mövqeyinin ciddi şəkildə zəiflədilməsinə hesablanıb”.
Məlumat üçün bildirək ki, noyabrın 4-də Ər-Riyada bir ay ərzində ikinci səfəri zamanı S.Həriri televiziya müraciətində İranı ərəb dövlətlərinin daxili işlərinə qarışmaqda ittiham edərək istefa verdiyini bəyan edib.
Həmin gün Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin üzvü olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibində yer alan 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib.