17 Noyabr 2017 09:08
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatının Vyetnam sammiti çərçivəsində görüşməli idi. Görüş baş tutmadı və bunun səbəbi protokol xidmətlərinin səhvləri ilə əlaqələndirildi.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Mənə elə gəlir ki, protokol xidmətlərinin “səhvi” bəhanədir”, deyən E.Şahinoğlu əlavə edib ki, Tramp Putinlə yenidən görüşməyə risk etməyib.

Onun sözlərinə görə, D.Tramp Rusiya ilə bağlantısına görə onsuz da ölkəsində güclü müxalifətlə üz-üzədir və ona qarşı formalaşan böyük güc Ağ Ev sahibinin bütün enerjisini tükəndirir:

“Ona görə də Tramp Putinlə görüşüb özünə daha böyük problem yaratmaq istəmədi”.

Analitik bildirib ki, D.Trampın Vyetnamdakı sammitdə V.Putinlə görüşə hazır olmamasına dəlalət edən səbəblərdən biri də Ağ Ev sahibinin nümayəndə heyətində Rusiya üzrə mütəxəssisinin yer almaması idi:

“Adətən, bu cür görüşlərdən əvvəl prezidentlər görüşəcək ölkənin siyasəti və mümkün cavablar haqqında əvvəlcədən bilgili olmalıdırlar, həmin bilgiləri isə nümayəndə heyətində həmin ölkə üzrə mütəxəssis ona çatdırmalıdır. Etiraf etmək lazımdır ki, Putin amerikalı həmkarından xeyli təcrübəli və hiyləgərdir. Ona görə də Tramp kimi prezidentin Putinlə görüşdən qalib ayrılması mümkün görünmür”.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər