Fransanın “Opinion-Internationale” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin müsahibəsi dərc olunub.
Teleqraf.com xəbər verir ki, müsahibədə Fransa ilə Azərbaycan arasında əlaqələrin perspektivlərindən söz açılıb.
Səfir bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətdən danışıb, onun Avropanın, xüsusilə də Fransanın Mərkəzi Asiya və Çin ilə ticarət əlaqələrinin genişləndirilməsinə dair perspektivlərini diqqətə çatdırıb. Diplomat xarici şirkətlər üçün ölkəmizdə yeni iqtisadi sahənin yarandığını, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu vurğulayıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasının həvalə olunduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalmasının təəssüf doğurduğunu qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara baxmayaraq, Azərbaycan ərazilərinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. Münaqişənin həlli üçün əsas prinsipləri xatırladan R.Mustafayev Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir kompromisə yer olmadığını və olmayacağını vurğulayıb. O, xalqların öz müqəddəratını təyinetmə hüququndan danışaraq, beynəlxalq hüququn bu prinsipinin suveren dövlətin ərazi bütövlüyü və birliyini pozmağa imkan vermədiyini xatırladıb.
Səfir Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti apardığını, bununla da beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycanda mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən də söhbət açıb, ölkə əhalisinin 80 faizinin internetə çıxışının olduğunu qeyd edib.
Rəhman Mustafayev Azərbaycanın terrorizmə qarşı mübarizədə Qərbin etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi humanitar layihələrdən söz açıb.