24 Noyabr 2017 09:18
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda keçirilən beynəlxalq forum olduqca əhəmiyyətli idi.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib.

Onun sözlərinə görə, forumun keçirilməsi göstərdi ki, Azərbaycan da separatizmdən, terrorizmdən əziyyət çəkir və bundan narahatdır:

“Prezident İlham Əliyev bu fikri bütün beynəlxalq tədbirlərdə səsləndirib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı forumda Avropanın aparıcı simaları iştirak edirdi. Forum çərçivəsində etnik separatizm və beynəlxalq terrorizmlə mübarizə üsulları ilə bərabər ikili standartlar siyasəti kimi problemlərə toxunuldu. Tədbirdə Əli Həsənov separatizmdən əziyyət çəkən bir çox əraziləri göstərdi. Xəritəni göstərərək qeyd etdi ki, 20-dən çox ölkədə separatizm silahlı toqquşmalarla müşayiət olunur. Eləcə də Dağlıq Qarabağ münaqişəsi qeyd edildi. Təəssüf ki, üstündən 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, işğal faktı aradan qaldırılmamış vəziyyətdədir. Əgər etnik separatizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq”.

R.Qonaqov qeyd edib ki, Kataloniya problemi ortaya çıxanda Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etdi:

“Eləcə də digər beynəlxalq təşkilatlar yalnız İspaniyanı dəstəklədilər. Emənistana isə eyni münasibət bəslənilmir. Necə ola bilər ki, BMT-nin Baş katibi Ermənistan və Azərbaycan prezidentlərini eyni cür qəbul edir və eyni münasibət bəsləyir? Hətta fikirlər səsləndirir ki, Ermənistan terrorla mübarizəyə böyük töhfələr verib.

Halbuki, Ermənistanın dəstəklədiyi ASALA kimi terror təşkilatı var. Həmçinin Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir.

Azərbaycan isə kiminsə torpaqlarını işğal etməyib. Gərək etnik separatizm Avropanın mərkəzinə çatsın ki, onlar problemin yalnız bir ölkənin dərdi olmadığını anlasınlar?!”

Separatizmin artıq Avropa üçün də böyük təhlükəyə çevrildiyini vurğulayan BMAM sədri Kataloniya rəhbərliyinə qarşı atılan addımın Ermənistan rəhbərliyinə qarşı da atılacağına ümid etdiyini bildirib:

“Çünki Azərbaycanın ərazi bütövlüyünü bütün ölkələr tanıyır. Dünya birliyi tərəfindən ərazi bütövlüyünə təhdidlər pislənməsə, dünyanın nizami birdəfəlik pozulacaq. O zaman həmin beynəlxalq təşkilatlara da ehtiyac qalmayacaq. Belə olan təqdirdə məlum olacaq ki, həmin qurumlar yalnız imitasiya ilə məşğuldur. Proseslər yeni dünya müharibəsinə qədər dərinləşə bilər. Ona görə də beynəlxalq təşkilatların buna getməsi inandırıcı deyil. Artıq təhlükə öz ərazilərini bürüyüb. Problemin qarşısının birdəfəlik alınmasından başqa yol yoxdur”.


Müəllif: Sәxavәt Hәmid

Oxşar xəbərlər