7 Dekabr 2017 08:29
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddi il öncə – 2010-cu ilin dekabrında Tunisdə başlayan “Ərəb baharı” qısa müddət sonra Yəməni də öz ağuşuna aldı. Prezident Əli Abdulla Salehinin devrilməsi ilə nəticələnən silahlı qarşıdurmadan sonra bu ölkə İran və Sədiyyə Ərəbistanının vəkalət müharibəsinə səhnə oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Yəməndə hakimiyyət uğrunda silahlı mübarizəni İranın dəstəklədiyi Husilər hərbi hərəkatı aparır:

“Husilər Yəmən ordusu və ərəb koalisiyasına böyük dirəniş göstərməkdə davam edirlər. Hakimiyyətdən devrilən sabiq prezident Salehi də Husilərlə birlikdə ərəb koalisiyasına qarşı mübarizədə yer alırdı. Özlərini “Ənsar Allah”, yaxud “Ənsarulla” adlandıran husilər Husiyyə İmamiyyə əqidəsinə bağlı dini təşkilatda birləşiblər. Bu islami hərəkat əvvəl Zeydiyyə əqidəsi istiqamətində meydana gəlsə də, hərəkatın təsisçiləri daha çox Bədrəddin əl-Husinin fikirlərini əsas götürürlər.

“Ənsar Allah” adlı hərəkatın ilk lideri isə Bədrəddin əl-Husinin böyük oğlu Hüseyn əl-Husidir. O, tez-tez İran və Livana səfərlər edib, Sudanda ali dini təhsil alıb. Hüseyn əl-Husi 1990-cı ildə ölkədəki zeydilərlə birgə Hizbülhəqq Partiyasını yaradıb. 1993-cü ildə keçirilən parlament seçkilərində yüksək səs toplayaraq parlament üzvü olub. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradıb. Yəmən rəsmiləri Hüseyn əl-Husini və tərəfdarlarını Livan “Hizbullah”ı tərəfindən silahlandırılmaqda ittiham edir”.

M.Əsədullazadə bildirib ki, hazırda Husilərə İran hərbi dəstək verir:

“Üsyançılar rəsmi Tehranın logistik dəstəyi ilə Səudiyyə Ərəbistanına meydan oxuyur. İranın öz təsir coğrafiyasını genişləndirmək siyasəti Yəməndə çox ciddi hərbi qarşıdurmalarla müşayiət olunur. İranın Yəməndə yaratdığı bu hərbi təşkilat, ölkəni demək olar, müharibə meydanına çevirib. Səudiyyə Ərəbistanı təbii ki, öz sərhədlərində İran meyilli bir hakimiyyətin qurulmasına razı ola bilməzdi. Ona görədə ərəb koalisiyasının Husilərə hava hücümları Yəmənin bütün infrastrukturunu dağıdıb, xalq humanitar fəlakətlə üzləşib”.

Siyasi şərhçi daha sonra deyib:

“Göründüyü kimi Husilərin mübarizəsi davam edir və bu müharibənin bitməsi yaxın perspektivdə mümkün görünmür. Xüsusilə qeyd etmək istərdim ki, uzun illər Yəmənə başçılıq edən sabiq prezident Əli Abdulla Salehinin Səudiyyə Ərəbistanı ilə barışmaq cəhdi onun Husilər tərəfindən öldürülməsi ilə nəticələndi. İranın Yaxın Şərqdə və Ərəbistan yarımadasında yürütdüyü militarist siyasət regional münaqişəni beynəlxalq münaqişəyə çevirib. Yəməndə İran və Səudiyyə Ərəbistanı arasında davam edən hərbi qarşıdurma iki ölkənin Yaxın Şərqdə hegemonluq uğrunda mübarizə savaşıdır. Husilər artıq Səudiyyə Ərəbistanı üçün çox ciddi təhdid mənbəyinə çevrilib və bu ölkənin işğalını planlaşdırırlar. Sabiq prezidentin onlar tərəfindən öldürülməsi nəticəsində Səudiyyə Ərəbistanı ilə mümkün dialoqa birbaşa zərbə vuruldu. Çünki Salehi Ər-Riyadla yaxınlaşmaq siyasətinə qayıdırdı”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər