6 Dekabr 2017 19:22
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. Prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb.

Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib. Azərbaycanda Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı açılıb. Tədbirdə 20 ölkədən, o cümlədən Rusiyadan 190-dan artıq şirkət iştirak edir. Bunlar mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributerləridir.

Reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduşkina vurğulayır ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi məkanı görmək üçün gəlirlər. Bundan əlavə, Azərbaycanda bütün il boyu ləziz meyvə-tərəvəz var.

Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şey var. Azərbaycan cərrahları əməliyyatlar zamanı virtual eynəklərdən istifadə edirlər. Bu, əməliyyatları daha da asanlaşdırır. Həmin eynəklər ilk baxışda oyunlar üçün lazım olan qurğuya oxşayır. Amma bununla həkimlər insanların üst çənə hissəsində implantasiya əməliyyatları aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər. Üçölçülü proyeksiya vasitəsilə həkim insanın dərisinin altına daxil olur və sinirləri, yaxud məsələn, kəlləni görür. görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə müddəti daha azdır.

Azərbaycan Tibbi Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi İsmayıl Fərzəliyev deyir:

-Biz hamımız anatomiya kursunu öyrənirik. Hər bir pasiyentin fərdi anatomiyasını təsəvvür edə bilərik. Lakin əməliyyat zamanı bu texnologiyaların köməyi ilə həmin anatomiyanı görmək məncə artıq fantastik həddədir. Fikrimcə, bu, artıq arzunun çin olmasıdır.

Reportajda vurğulanır ki, “Bakutel-2017” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. “Rossiya-24”ün müxbirinin sualını cavablandıran Prezident İlham Əliyev bildirir ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir. Dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir. Məsələn, kiberhücumlar. Prezident deyir:

-Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır.

Reportajda bildirilir ki, Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovla da görüşüb. Onlar artıq tanışdırlar. Altı il bundan əvvəl hələ Tatarıstanın rabitə naziri olduğu vaxt Nikolay Nikiforov Prezident İlham Əliyevə Kazanın texnoparkını göstərmişdi.

Nazir N.Nikiforov deyir:

-Biz informasiya təhlükəsizliyi məsələlərini, proqram təminatı sahəsində ayrı-ayrı təchizatçılar, yaxud ayrı-ayrı ölkələrdən asılı olmamaq üçün zəruri məsələləri müzakirə edirik. Hər bir ölkənin bu və ya digər təklifləri var.

Rusiyalı nazir N.Nikiforov sərgidə Azərbaycanın ən modern layihələrindən biri - “Elektron hökumət” portalı ilə tanış olub. Bu, demək olar ki, Rusiyanın dövlət xidməti portalı kimidir. Burada nikahın qeydə alınması üçün ərizə vermək, cərimələrin mövcudluğunu yoxlamaq və onlayn mühazirələrə baxmaq olar. Hər il portala yeni imkanlar əlavə olunur.

“Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski deyir:

-Bu servisə 58 milyon dəfə müraciət edilib. Bu rəqəm portala böyük tələbatın olduğunu göstərir. Hər gün 65 min insan “Elektron hökumət” portalının xidmətlərindən istifadə edir.

Müxbir vurğulayır ki, “Bakutel”də əyləncə haqqında da danışırlar. Seriallara baxılması üçün Rusiyanın onlayn serveri bu il Azərbaycana da gəlib. İndi filmlərə leqal şəkildə və yaxşı keyfiyyətlə baxmaq olar. Azərbaycan hökuməti ilə piratçılığa qarşı qanunu təkmilləşdirməyin və əlbəttə ki, bütün dünyanın izlədiyi teleşou qəhrəmanlarının Azərbaycan dilində danışmasının mümkünlüyü yollarını müzakirə etmək planı da var.

AMEDİA TV şirkətinin baş direktoru Denis Qorşkov deyir:

-Burada türk seriallarına fəal baxırlar və sevirlər. Dillər çox yaxındır. Sözsüz ki, bizim layihələrə də tələbat var. “Taxt-tac oyunları” hər yerdə birincidir və Azərbaycan da istisna deyil. Dünən yenə də biz ilk dəfə olaraq “Taxt-tac oyunları”nın Azərbaycan dilində necə səsləndiyini eşitdik.

Reportajda bildirilir ki, “Bakutel” 23-cü dəfədir keçirilir. Burada həmişə olduğu kimi, 20-dən çox ölkə var: qonşu Türkiyə və Gürcüstandan, Belarus, Finlandiya, Fransa, Kanada və Amerikaya qədər. Burada işgüzar görüşlər keçirilir, müqavilələr bağlanır və texnologiyaların həyatı necə asanlaşdırdığı göstərilir. Sənədlər indi onlayn doldurulur, asan olmayan əməliyyatlarda isə demək olar ki, fantastik qadjetlər kömək edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər