Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında Azərbaycanlı deputat Vüsal Hüseynovun "İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi" mövzusunda məruzəsi qəbul edilib.
Teleqraf.com xəbər verir ki, Vüsal Hüseynov məruzəni komitənin bugünkü iclasında təqdim edib.
Məruzə AŞPA-nın qış sesiyasında müzakirə olunacaq.
İşgəncə üçün istifadə olunan alətlərin qorxunc bir arsenalı Avropa Şurasının bir sıra üzv ölkələrində hələ də istehsal olunur və satılır, deyə Hüseynov hesabatını 12 dekabrda Parisdə təqdim edərkən bildirib.
"Parlament Assambleyası, Avropa Şurasının üzvü olan ölkələrdəki şirkətlərin və ya digər şəxslərin və təşkilatların ölüm cəzası, işgəncə, habelə qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza üçün istifadə edilən malların ticarətində iştirak etməsini qəbul edə bilməz" deyə deputat vurğulayıb.
"Hesab edirəm ki, ölüm cəzasının ləğv edilməsində və işgəncələrin istifadəsinə qadağa qoyulmasında dünyada ilk olan Avropa Şurası həm siyasi, bu sahədə həm də texniki cəhətdən aparıcı rol oynamalıdır. Buna İşgəncəsiz Ticarət Uğrunda Alyansın dəstəklənməsi, Avropa Şurası üzv ölkələrində bunu tədbiq etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq və bunun üçün istəkli olan üzv dövlətlərə texniki yardım göstərilməsi vasitəsi ilə nail oluna bilər", Vüsal Hüseynov qeyd edib.