Teleqraf.com Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.
- Mirmahmid bəy, ABŞ prezidentinin Qüdslə bağlı qərarı və ondan sonra baş verən prosesləri necə qiymətləndirirsiz?
- Bu daha çox Pyotrun vəsiyyətinə bənzəyir. O da İstanbulu paytaxt kimi görmək istəyir və nələrsə deyirdi.
İkincisi, dünyada belə bir təcrübə yoxdur. Müasir İsrail dövlətinin necə yarandığı, tarixi hər kəsə bəllidir. Ancaq bu prosesdə qəribəlik odur ki, bir dövlət başqa bir dövlət üçün paytaxt müəyyən edir. Bu sadəcə olaraq, “dəli Nəzərəm, belə gəzərəm”likdən başqa bir şey deyil. Görünür, heçdən bir problem yaratmaq lazım idi və bu da yaradıldı. Trampın qərarının mahiyyəti bundan ibarətdir.
İndi həm də İsrail baş naziri Netanyahu barəsində öz ölkəsində cinayət işi açılıb. Görünür, bu məsələ arxa plana keçməlidir, ABŞ da İsraili nəyin bahasına olursa-olsun, müdafiə etməli, problemlərini aradan qaldırmalıdır. Əslində, bu, dünyanın diqqətini mühüm məsələlərdən yayındırmaqdan başqa bir şey deyil.
- İslam ölkələrinin bu qərara reaksiyasını necə qiymətləndirmək olar?
- İslam aləminin bu məsələyə münasibətinin birmənalı olduğunu demək olmaz. Dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçirildi. Azərbaycan da bu tədbirdə iştirak etdi. Azərbaycanın bu tədbirdə iştirakı islam dövlətlərinin Azərbaycanı işğal edən, məscidləri dağıdan Ermənistanla dostluğun qəbuledilməz olduğunun vurğulanması baxımından əhəmiyyətli idi. Azərbaycan prezidenti tərəfindən vurğulanan bu məsələ birbaşa İrana ünvanlanmışdı. Hesab edirəm ki, bu, doğru və məqamında deyilən söz idi. Dünənki toplantıda ən mühüm gediş Dağlıq Qarabağ məsələsinin qaldırılması və bu işğalı həyata keçirən Ermənistanla dostuq edən ölkələrə mesajın verilməsi idi. Qüds məsələsi isə İslam Əməkdaşlıq Təşkilatının və islam aləminin məsələsi deyil. Bu məsələ müzakirə edildikkcə islam ölkələri daha çox səhvə yol verirsə, bu məsələ daha çox dini müstəviyə çəkilirsə, bu, doğru deyil. Nəzərə almaq lazımdır ki, Qüds dini deyil, siyasi məsələdir. Bunu dini istiqamətə çəkəndə islam aləminin parçalanmasına meyl güclənir. Ələlxüsus, sünni- şiə məsələsi gündəmə gəlir və bu zaman Pyotru yada salmalı oluruq. Pyotr bəyan edirdi ki, biz nə qədər islam dünyasına qalib gəlməmişik, sünni-şiə davasını qızışdırmaq lazımdır. Bu mənada müasir dövrümüzdə sünni-şiə məsələsini kim dilinə gətirirsə, statusundan asılı olmayaraq, Pyotrun nəvəsidir, törəməsidir və onun vəsiyyətini yerinə yetirir.
- ABŞ qərarını verdi, islam aləmi buna reaksiya göstərdi. Bundan sonra nə olacaq?
- Heç nə olmayacaq. Qərar verilib və tarixdə qalacaq. Proses bir müddət davam edəcək. Bu gün İsraillə əməkdaşlıq edən istədiyiniz qədər müsəlman ölkəsi var. O cümlədən Azərbaycanın da İsraillə yaxın əlaqələri var. Türkiyənin də geniş əlaqələri mövcuddur. Bu əlaqələrə heç bir ziyan gəlməyəcək. Növbəti həftədə növbəti addım olacaq, dünya siyasətinin gündəmi dəyişəcək və Qüds prosesi unudulacaq. Bununla da məsələ bitdi. Xatırlayırsınızsa, buna qədər Trampın digər qərarı olmuşdu. Bu qərara əsasən, beş müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinə məhdudiyyət qoyulurdu. Bu qərar nə oldu? Təbii ki, gündəmdən çıxdı, yada düşmədi. Amma bunu bir quş qoymaq xatrinə də qəbul etmək olmaz. Baxın, biz açıq deyirik ki, İrəvan Azərbaycan torpağıdır, Bütöv Azərbaycana aid ərazilərimizi, şəhərlərimizi sayırıq. Bəyəm biz dediklərimizi həyata keçirə bilirkmi? Təbii ki, yox. Amma bu gün Qüdslə bağlı qərarı verən şəxsin ölkəsi dünyada super gücdür, dünyanı idarə edən dövlətdir. Həmin qərarı verənin səviyyəsindən asılı olmayaraq, bu dövlət güclü dövlətdir. Ona görə də bu dövlətin lideri istədiyi işi görəndə, addım atanda və ya qərar verəndə bu, ciddi təsirə malik olur. Lakin sıradan bir dövlət hansısa addım atanda bunun təsiri olmur. Amma dövləti nə qədər güclü olursa-olsun, əgər haqlı deyilsə, problemi həll etmədən yeni problem yaradırsa, deməli, bu heç nəyə lazım olmayan bir qərardır. Növbəti mərhələdə unudulub gedəcək.
- Ancaq iş ondadır ki, bu qərara təkcə islam aləmi etiraz etmədi. London, Paris, Moskva, Berlin açıq şəkildə Trampın qərarının beynəlxalq hüquqa uyğun olmadığını bəyan etdi. Siz, xristian aləminin buna etirazını nə ilə əlaqələndirirsiniz?
- Məsələni dini müstəviyə gətirmək doğru deyil. Adını çəkdiyiniz dövlətlərin hamısında ağıllı, tarixə baxışı ədalətli olan dövlət başçıları, cəmiyyət var. Və onlar irəliyə baxırlar. Biz islam aləmi bunu dini müstəviyə gətirməklə yanlışlığa yol veririk. Bu siyasi müstəvidə müzakirə və həll ediləcək məsələdir. Dini müstəvidə olanda gərək katoliklərlə pravoslavlar bölünsünlər. İslam aləmində sünni və şiə məzhəbi məsələsini qaldıran yaramazlar var. Siyasətdən, islamdan xəbəri olmayan adamlar var və nə dediklərinin fərqində deyillər. İndiki halda ən səhv istiqamət məsələni din müstəvisinə gətirməkdir. Məsələn, dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçirildi, orada qərar verildi və bu qərarın BMT-də müzakirəyə çıxarılacağı gözləniləndir. Ancaq buna qədər əslində bir sıra işləri görmək və sonda qərar vermək lazım idi. İndi nə baş verir? Hamı diqqətini bu məsələyə yönəldir, ancaq digər tərəfdə Suriya məsələsi həll edilir, bir azdan İraq məsələsi həll olunacaq və s. Yaxın Şərqdəki məsələləri hər kəs öz xeyrinə həll etməyə çalışır. Bu da düşünülən və planlaşdırılan məsələdir.