Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədov BMT-nin Qüds qərarı, səsvermə, bunun əhəmiyyəti və yeni gözləntilər mövzusunda suallara cavab verib.
Teleqraf.com hüquq professoru ilə müsahibəni təqdim edir.
- Rüstəm müəllim, BMT Baş Assambleyasının Qüds qətnaməsi, bu qətnaməyə 128 dövlətin səs verməsi ilə faktiki ABŞ prezidentinə qarşı çıxmasını necə şərh edirsiniz?
- BMT-nin Qüds məsələsinə müdaxilə etməsinə səbəb odur ki, Yaxın Şərqdə yeni müharibə ocağı formalaşır. BMT də bunu arzu etmir. Çünki BMT-nin borcu həm də dünyada sülh və əmin-amanlığı təmin etməkdir. ABŞ Prezidenti Donald Trampın Qüds qərarı, qərardan sonra hədə-qorxularından isə müharibə qoxusu gəlirdi. Bu, indi də davam edir. Bu da böyük müharibənin başlaması üçün ciddi siqnaldır. Bu səbəbdən də BMT-də Qüds məsələsi gündəmə gətirildi. Əlbəttə, BMT-də bunun təşəbbüskarı Misirdir, ancaq buna görə Misirə dəstək verdilər və o da önə çıxdı. Məqsəd isə Trampın Qüdslə bağlı qərarının ləğv edilməsidir. Mənə elə gəlir ki, BMT müzakirəsinin nəticəsinə görə, Tramp növbəti dəfə ABŞ-ın məğlub olmasının səbəbkarı oldu. Hesab edirəm ki, BMT Baş Assambleyası haqlı olaraq Qüdslə bağlı qətnamə qəbul etdi.
- BMT Baş Assambleyasının qətnaməsi hüquqi sənəddir, yoxsa siyasi?
- Bu siyasi qərardır. Amma əhəmiyyətli olacaq. İstər-istəməz Amerika özünü bir qədər yığışdırmalıdır. Dünyanı Amerikaya tapşırmayıblar ki, istədiyi kimi qərar qəbul etsin, istədiyini vursun, istədiyini sıxsın. Məncə, BMT-də Qüds qətnaməsi ilə Amerikanın burnunu ovuşdurublar və həm də düz ediblər.
- BMT-nin Qüdslə bağlı qətnaməsi ABŞ prezidentinin Qüds haqda qərarının qarşısını aldı?
- Yox, hələ almayıb. Bu, faktiki ABŞ-a öz yerini göstərmək deməkdir. Yəqin ki, bundan sonrakı addımların nədən ibarət olacağını görəcəyik. Sözsüz ki, Donald Tramp indi qəzəblidir, müharibə törətməsə yaxşıdır. Ancaq Amerikada hamı Tramp kimi düşünmür, orada çoxlu sayda ağıllı insanlar var. Onlar yəqin ki, Trampın qarşısını alacaqlar.
- BMT Baş Assambleyasının dünənki mövqeyi Amerikanın beynəlxalq platformada təklənməsi kimi qiymətləndirmək olarmı?
- Bu, həm Amerikanın beynəlxalq səhnədə təklənməsi, həm də biabır edilməsidir. Ümumiyyətlə, deyim ki, Amerika ötən ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yaxın Şərqdə nüfuzunu itirməyə başlayıb. BMT-nin son qərarı da ABŞ-ın nüfuzunun durmadan enməsi deməkdir.
- Sizcə, Amerika və Tramp bu məğlubiyyətlə razılaşacaqmı?
- Sözsüz ki, razılaşmayacaq. Amerikada ağıllı adamlar çoxdur və onlar anlayırlar ki, Trampın apardığı siyasətin mənası yoxdur. Belə götürəndə Qüds üç dinin paytaxtı kimi durmuşdu, heç kimə maneçilik törətmirdi. Nəyinə lazım idi ki, sən durduğun yerdə Qüdslə bağlı qərar verəsən, vəziyyəti mürəkkəbləşdirəsən. Buradan açıq göründü ki, cənab Tramp yəhudi sifarişini həyata keçirdi. Bu isə Trampın başında çatlayacaq. Hələ Trampı inpiçment gözləyə bilər.
- Bəzi Qərb analitikləri də hesab edir ki, ABŞ dərin dövləti Trampı inpiçment etməyə hazırlaşır...
- Yəqin ki, bu baş verəcək. Bilirsinizmi, Barak Obama və Corc Buş ağılsız siyasətçi deyildilər. Onlar hamını razı salacaq siyasət aparır, nələrisə tədricən əldə etmək xəttini tuturdular. Tramp isə gəldi və birdən-birə dünyanı qatmağa başladı. Buna ehtiyac var idimi?
- Sizcə, Trampda bu ehtiyac haradan qaynaqlanır?
- Çox güman ki, Trampın seçki kampaniyasında yəhudi kapitalı əhəmiyyətli olub. İndi də yəhudi sifarişini həyata keçirir. Ancaq Tramp və onu bu addıma sövq edənlər bilmirlər ki, bu xətt dünyanı böyük müharibəyə apara və son anda İsrail dövləti yer üzündən silinə bilər.
- İsrailin baş naziri Netanyahu BMT-də məlum səsverməni və qətnaməni nəzərə almayacaqlarını bəyan edib...
- Elə Netanyahunun planı əsasında Trampı qabağa verdilər.
- Yaxın Şərqdə müharibə gözləyirsinizmi?
- Çox ciddi sürətdə. Çünki Yaxın Şərqin namusuna toxunulub. Orada xristian və müsəlman namusuna toxunulub. Onlar da bunu həzm edə bilmirlər.
- Tramp həm də anti-İran mövqeyi ilə seçilir, milli təhlükəsizlik konsepsiyasında İranı regional təhdid adlandırır. Bu müharibə işartısıdır?
- Əslində, bu da məntiqsizdir. İranı qıcıqlandırmağa ehtiyac yoxdur. Üstəlik fanatik dövlətdir, yeri gəlsə, müharibəni başlaya, Orta Şərqi qarışdıra və İsrailə ciddi zərbələr endirə bilər. Bu mənada Trampın siyasətinin məntiqi yoxdur. Mən belə başa düşürəm ki, cənab Tramp ABŞ tarixində ən zəif prezidentdir.
- BMT-dəki Qüds qətnaməsindən sonra Amerika-müsəlman ölkələrinin münasibəti necə olacaq?
- Müsəlman ölkələri, əslində, Amerikadan xoş münasibətlər gözləyir. Ancaq gördünüyüz kimi, Türkiyə ABŞ əleyhinə çox sərt bəyanatlar verdi. Tarixdə belə bir hal olmamışdı. Türkiyə Qüds məsələsində çox ciddi reaksiya ortaya qoydu və bu, ABŞ-Türkiyə münasibətlərinin ən gərgin mərhələsidir. Türkiyənin ardınca müsəlman ölkələrindən də reaksiya oldu. ABŞ da sanki dünyanı özünə düşmən edir. Avropa ölkələrindən heç kəs Trampı müdafiə etmədi.
- Ancaq Tramp bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın əleyhinə səs verən dövlətlərə maliyyə yardımını kəsəcək...
- Kəssin də. Sən dövlətlərin namusuna toxunursan. Bəs düşünmürsən ki, dövlətlər sənin verdiyin yardıma tüpürər?
- BMT-nin də maliyyəsinin 22-23 faizini ABŞ, 1 faizini isə Rusiya, Türkiyə və digər dövlətlər verir. Tramp ona qarşı çıxan BMT-nin maliyyəsi dayandırıla bilərmi?
- Tutaq ki, Tramp BMT-yə maliyyəni dayandırdı. Nə olacaq? BMT olmayacaq. BMT olmasa, Amerika ümumiyyətlə hörmətdən düşəcək. Amerikanı uzun illər hörmətə mindirən elə BMT olub. Əgər Tramp qalmaqda davam etsə və belə məntiqsiz siyasətini davam etdirsə, Yaxın Şərqdə müharibə baş verəcək.
- Amerikanın Çin, Rusiya kimi rəqibləri də var. İndiki halda ABŞ-ın beynəlxalq tribunlarda təklənməsi onun rəqiblərinə nə dərəcədə əlavə imkanlar açır?
- Həmin ölkələr öz mövqelərində durublar və görürlər ki, Amerika səhv dalınca səhv buraxır. Bu halda neyləməlidirlər? Tramp gələn kimi İranı qıcıqlandırdı, daha sonra Türkiyəyə keçdi, indi də Qüdsü qıdıqlayır. Bu, Amerikaya lazımdır? Türkiyə siyasətini ncə dəyişdirdisə, 40 illik ABŞ-Türkiyə münasibətləri indi ciddi sual altına düşüb. Hələ bu məntiqsiz siyasət davam edir. Sanki bu siyasəti aparanların başları deyil, bədənləri fikirləşir.