28 Dekabr 2017 10:02
1 047

2017-ci il dünya üçün uğurlu olmadı. Çünki başa vurduğumuz ildə dünyada qarşıdurmaların sayı çoxaldı, müharibə təhlükəsi artdı. Nəticədə böyük təhlükələr ortaya çıxıb.

Bunu 2017-ci ildə dünyada baş verən prosesləri şərh edən politoloq Rüstəm Məmmədov Teleqraf.com-a deyib.

Onun fikrincə, 2017-ci ildə Şimali Koreya ilə bağlı problem ortaya çıxıb, habelə Suriya və Yəmən münaqişələri davam edib:

“Eləcə də ilin sonunda ABŞ prezidentinin məlum qərarı ilə Qüds problemi orataya çıxdı. Beləcə, növbəti dəfə müharibə təhlükəsi yarandı. Rusiya-Amerika qarşıdurması 2017-ci ildə də davam etdi. Həmçinin başa vurduğumuz ildə Amerika ilə Avropa arasında ziddiyyətlər bir qədər də artdı. Bunlar öz-özlüyündə dünya üçün yaxın gələcəkdə böyük təhlükələr vəd edir”.

Professor hesab edir ki, 2017-ci ili Azərbaycan üçün uğurlu saymaq olar:

“Azərbaycan 2017-ci ildə iqtisadi cəhətdən potensialını artırdı. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi işə düşdü, Azərbaycan iqtisadi modelini təkmilləşdirdi, aqrar siyasət sahəsində bir sıra layihələr həyata keçirdi. Eləcə də bir sıra ölkələrlə iqtisadi əlaqələr genişləndi. Azərbaycan özünün Qarabağ probleminin həllində yeni-yeni dostlar tapdı. Eyni zamanda Qarabağ probleminin həllində Rusiyanın mövqeyini bir qədər yumşaltdı. Bütün bunlar müsbət cəhətlərdir. Eyni zamanda yaxın gələcəkdə Azərbaycanda prezident seçkiləri gözlənilir. Ölkə bu seçkilərə inamla gedir. Bu da öz-özlüyündə müsbət əlamətdir”.

2018-ci ildən gözləntilərini dilə gətirən Rüstəm Məmmədov hesab edir ki, dövlət strukturu sistemində islahatlar artacaq, dövlət idarəçiliyində modernləşdirmə genişlənəcək, ölkə idarəçiliyində gəncləşmə davam edəcək:

“Bu da böyük imkanlar yaradacaq. 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinə dair ciddi addımlar atıla biləcək. Ən vacibi 2017-ci ildə əsası qoyulan Türkiyə-Rusiya yaxınlaşması 2018-ci ildə yeni mərhələyə keçə bilər”.


Müəllif: Cavad