29 Dekabr 2017 08:45
2 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə İranın “Mehr” agentliyi gözlənilmədən Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın birlikdə yeni ordu yaradacağı ilə bağlı məlumat yayıb.

Teleqraf.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, məlumatda “Türk dünyasının birləşmiş ordusunu - Avrasiya hərbi qüvvələri”nin növbəti ilə yaradılacağı bildirilib.

Qeyd edilib ki, birgə silahlı qüvvələrin yaradılması planı 2013-cü ildə hazırlanıb. Həmin vaxt Monqolustan plana daxil edilməyib. Monqolustan Avrasiya hərbi qüvvələri birliyə daxil olmalıdır.

Bu birliyin yaradılmasında əsas məqsəd regionda sabitliyi qorumaqdan ibarət olacaq. Birlikdə ən aktiv rolu Türkiyə tutacaq.

Ancaq Ulan-Bator rəhbərliyi bu informasiyanı təkzib edib və Monqolustanın hansısa dövlətlə birlikdə ordu qurmağından söhbət belə getmədiyini deyib.

Ancaq Türkiyənin “Milliyət” nəşri yazıb ki, ilk mərhələdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan “Avrasiya hərbi statuslu hüquq-mühafizə orqanlarının assosiasiyası” təşkilatını quracaq. Bu qurumun simvolunda at və 4 ulduz əks olunacaq.

Bu səbəbdən yayılan məlumatları yalan adlandırmaq heç də doğru olmazdı. Türkiyə tərəfi də məlumatı təkzib etməyib.

Burada iki variant ortaya çıxır. Ya Ankara bu informasiyanı qəsdən yayıb və dünya ictimaiyyətinin məsələyə fikrini öyrənmək istəyir, ya da ki, birliyin bütün üzvləri bu məsələnin işıqlandırılmasını istəmir.

Bəs hələ doğulmamış hərbi birlik kimin mənfi reaksiyasından çəkinə bilər?

İlk növbədə NATO, Avrasiya hərbi birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvlərini diqqətdə saxlamaq lazımdır. İkincisi isə, Türkiyə və Şimali Atlantika Alyansı arasında parçalanma Ankaranın yeni müttəfiqlər axtarmağına səbəb olub.

Bütün olanlara diqqət yetirsək görərik ki, Rusiyanın Yaxın Şərqdəki fəaliyyəti onu Türkiyəyə yaxınlaşdırır. Bu yaxınlaşma Türkiyənin NATO-dan çıxarılması ilə nəticələnə bilər.

Türk ordusunun yaranması isə kifayət qədər realdır. Birincisi, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi demək olar ki qapanıb. Avropa Birliyi isə ABŞ tərəfindən idarə edilən NATO-ya inamı itirib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Birləşmiş Avropa ordusunun yaranması 2020-ci ildən başlanacaq.

Türkiyənin türk ordusunun yaradılması məsələsində liderliyi üzərinə götürməsi olduqca maraqlıdır. Bəs görəsən, Rusiya Türkiyənin bu istəyini dəstəkləyəcəkmi? Türk dövlətləri sayılan Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistan Rusiyanın mövqeyini dəstəkləyir. Bu cəhətdən Moskvanın birliyi dəstəkləyəcəyi mütləqdir və Rusiya Federasiyasının tərkibində türk etnoslarının olduğunu nəzərə alsaq, Moskvanın da bu birliyin tərkib hissəsi olacağını demək mümkündür.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər