10 Yanvar 2018 12:12
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin tanınmış fikir adamı, siyasətçisi Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu İstanbulda vəfat edib. Tektaş Ağaoğlunun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edirik.

Ötən ilin avqustunda Türkiyədə yaşayan həmyerlimiz, Marmara Universitetinin müəllimi, türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəli məni Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəylə görüşdürmüşdü. İlk görüşdən bir il sonra bu dəfə İstanbula təhsil üçün getdiyim zaman artıq planlı şəkildə hərəkət edəcəkdim. Azərbaycan mühacirlərinin İstanbulda yaşayan övladları, nəvələri, nəticələri, yaxın qohumları ilə söhbət edəcək və bunları millət vəkili Qənirə Paşayevanın təklifi ilə “Varislər” adlı bir kitabda toplayacaqdım.

İlk getdiyimiz ünvan yenə də Tektaş Ağaoğlu oldu.

Dosye: Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda doğulub. 1956-cı ildə Oksford Universitetinin hüquq fakültəsini bitirib. 1956-cı ildən Parisdə rəsm işlərini başlayıb, bir il sonra Ankarada ilk fərdi sərgisini açıb. 1984-cü ildə Sürixdə xanımı Ezel Ağaoğlu ilə birlikdə heykəl sərgisi təşkil edib. 1993-də də Ankarada heykəl sərgisi keçirib. Atası və babası kimi siyasətlə məşğul olub, Türkiyə Sosialist İşçi Partiyasında təmsil olunub. Atası kimi həbsə düşüb. Sol görüşə sahibdir.

***
... Mecidiyeköydə metrobüsdən enib bildiyimiz ünvana doğru yol alırıq. Binaya çatdığımızda “Ezel Ağaoğlu” yazılan düyməni sıxıb qapının açılmasını gözləyirik. İkinci mərtəbəyə qalxdıqca bu dəfə söhbətə haradan başlayacağımı götür-qoy edir, bir tərəfdən də, görəsən, bu evdə Əhməd bəy Ağaoğlu ilə bağlı indiyə qədər üzə çıxmamış materiallar varmı deyə düşünürəm.

... Biz xoş qarşılayır, içəri dəvət edirlər. Dünən gələcəyimizi xəbər verdiyimiz üçün Ezel xanım bizim üçün iki cür şirniyyat hazırlamışdı. Masaya əyləşirik və Ezel xanım Tektaş bəyin əlindən tutaraq digər otaqdan içəri gətirir. Keçən ilə nisbətən Tektaş bəy bir az da yaşlanmış, belindəki ağrıları artmışdı. Tək yeriməkdə çətinlik çəkirdi. Evləndikləri gündən həyat yoldaşına dayaq olan Ezel xanım həm fiziki yardım edir, həm də “sevgilim” deyərək ona yeni ruh bəxş edirdi.

... Yaşından doğan səbəblərə görə Tektaş bəy ani olaraq hansımızın Mehdi olduğumuzu soruşur və söhbətə özü giriş verir: “Bizim Mehdi adında bir qohumumuz vardı. Atamın bibisinin oğlu. Türkiyənin üzgüçülük üzrə çempionu olmuşdu. Feriköydəki məzarının üstündə rəsmi var. Çox dəliqanlı bir adam idi. Heyf ki, gənc yaşda xəstələnib vəfat etdi. Biz o zaman 6-7 yaşda idik”.

... Ezel xanım çay gətirir. Bişirdiyi dadlı şirniyyatlardan önümüzə qoyarkən hələ ötən görüşümüzdə Tektaş bəyə söz verdiyimiz, amma hələ yerinə yetirə bilmədiyimiz bir məsələ yadımıza düşür. Belə ki, ilk görüşümüzdə söhbət əsnasında Tektaş bəy zamanında bibilərinin, yəni Əhməd bəyin qızlarının dovğa bişirməsindən bəhs etmiş, uzun illər keçsə də, dadını unutmadığını qeyd etmişdi. Türkiyədə dovğa olmadığına görə təşkil edəcəyimizi söz vermişdik, lakin hələ də sözümüzü yerinə yetirməmişdik.

Tektaş bəy xatırlayır: “Uşaqlıqdan bəri dovğanı bilirəm. Babamın evi - Sürəyya xanımın da evi sayılırdı ora - Teşvikiyedə Topağacı adlanan yerdə yerləşirdi. O evi 20 il əvvəl yıxdılar, yerinə bina tikdilər. O evdə dovğa tez-tez bişirilərdi və yeyərdik. Bir də noxudlu bozbaş vardı. Qurtuluş savaşı illərində babam Ankarada idi, zəfərdən sonra İstanbula gəlmək istəyir. Burada bir ev kirayə tuturlar. Fəqət ev böyük olsa da, çox köhnə olur. O da Teşvikiyedə idi. Sürəyya bibim deyir ki, “ata, mən sənə bir ev düzəldərəm”. Onun memar dostları vardı. Cümhuriyyətin ilk memarlarını bibim tanıyırdı. Babama bir ev tikir. Çox məşhur olur o ev. Oval formasında salonu vardı, pəncərədən boğaz görünürdü. O salonda sıxlıq yaratmadan 40-50 adam otura bilərdi. Tez-tez mövlud oxunulurdu. Üç bibim vardı: Sürəyya, Tezer, Gültəkin. Hamısı öldü, Allah rəhmət eləsin. Onların da məzarları Feriköydədir”.

Mehdi bəy Tektaş bəyin arxivindən hazırlayacağı kitab (“Əhməd Ağaoğlunun Malta məktubları”) üçün götürdüyü məktublar barədə danışır: “O məktubları oxuduqca ailəni yaxından tanımışıq. Sürəyya xanım məktubunda yazır ki, Gültəkinin əlindən tutdum, üç sətir də ona yazdırdım. Əhməd Ağaoğlunun bir məktubunu da tapdım. 1918-də Batumdan yazır. Deyir ki, xəbərini aldım, bir qızımız olub, Allah bəxtini açıq etsin. Demək ki, Gültəkin doğulanda Əhməd bəy İstanbulda deyilmiş”.

Tektaş bəy bu faktı bilmədiyini deyir.

Mehdi bəy başqa bir maraqlı hadisədən də bəhs edir: “Əhməd Ağaoğlu Maltadan döndükdən sonra Atatürkün çağırışı ilə Ankaraya gedir. Keçiörendə bir ev tikir. Bu ev Ankara Keçiörendə tikilmiş ilk bağ evidir. Orada bir küçəyə mütləq Ağaoğlunun adı verilməlidir”.

“Çox yaxşı olar” – Tektaş bəy razılaşır.

Ötən il “Naşir” jurnalında çap olunan yazımı təqdim edirəm. Jurnalda çıxan yazımı və Tektaş bəylə olan fotomu göstərirəm. Onlara hədiyyə edirəm. Ezel xanım sevgilisi üçün oxuyacağını bildirir.

Tektaş bəydən Qarabağı soruşuram:

- Heç Qarabağı maraq etdinizmi?

- Etdim, əlbəttə, gedə bilmədim heç.

- Biz də gedə bilmirik artıq, nə düşünürsünüz bu barədə?

- Düşünürəm ki, artıq həm Qarabağda, həm də Anadoluda türklərlə ermənilər arasında qarşılıqlı nifrət olmamalıdır. Qarabağa gedə bilməsəm də, Bakıya getmişəm. Sovet İttifaqına da getmişəm. Şoloxovun “Durğun don” kitabını tərcümə etmişdim. Şoloxovun bu kitabı Türkiyədə mənim tərcüməmlə tanınır. Bu kitaba görə dəvət edildim. Tək getdim. Yaşar Kamal mənə demişdi ki, belə bir kitab var, mütləq bunu çevir. Mən təcili kitabı ingiliscədən çevirməyə başladım. Şoloxov Nobeli aldıqdan sonra başqaları da heyət halında kitabı çevirməyə başladılar. Bir kitabı 3-4 hissəyə bölüb tərcüməçilərə verir, yekunda da biri birləşdirməklə məşğul olurdu. Mən onlardan öncə başlasam da, sonra bitirdim. Çünki tək idim. Çox vaxt xərcləyirdim və önəm verirdim. Mənim tərcüməm çox uğurlu oldu. “Ağaoğlu” yayın evindən çap etdik, çox yaxşı satıldı. Çox pul qazandıq, tez bir mətbəə aldıq (gülür). Azərbaycanda da oldum. Anarla Bakını dolaşdıq. Sərin payız günü idi. Yazarlar Birliyinin bir lokantası vardı, ora getdik. Müxtəlif toplantılarda da iştirak etdim.

- Sizin atanızın da təmsil olunduğu hökumət bir çevriliş nəticəsində yıxıldı, hökumət üzvlərinin bəziləri edam, bəziləri həbs edildi. 15 iyulda Türkiyədə çevrilişə cəhd oldu. Nə düşündünüz?

- Fətullahçılar sağlam ayaqqabı deyillər. AKP onlarla müqayisədə yaxşıdır.

- Adətən, atanızın təmsil olunduğu hökumətlə AKP-nin eyni mövqedə olduğunu deyirlər.

- Heç bir əlaqəsi yoxdur. Amerikaya qarşı münasibətdə bəzi məsələlər ola bilər. Amma dərinə gedəndə o da elə deyil.

- Ümumiyyətlə, Sizin fikrinizcə Türkiyədə hansı hökumətin idarəçiliyi xalq üçün ən yaxşı idi?

- Geriyə baxdığımızda xalq üçün ən yaxşı dönəm Cümhuriyyət Xalq Partiyasının ilk illəri idi. Cümhuriyyətin qurulmasının özü xalq üçün çox yaxşı olmuşdu. Laiklik və s. kimi şeylər. Cümhuriyyət hər zaman padşahlıqdan daha doğru bir sistemdir. Cümhuriyyətə fəzilət rejimi deyirlər. İqtisadi mənfəətlər baxımından da ən yaxşı rejim cümhuriyyətdir. Türkiyədə xalq üçün ən yaxşı işləri əski Demokrat Partiya etdi. Onlar da zatən Cümhuriyyətin ilk illərindən bəri iş başında olan adamlar idilər. Cəlal Bayar, Adnan Menderes və s. Fransada 1789 inqilabında kralın başını kəsirlər. Kral XVI Lui çox da qəddar, zalım bir adam deyildi. Ona görə də fransız məclisində böyük müzakirələr oldu ki, belə adamı öldürmək doğrudurmu? Sen Jüst adlı bir gənc qalxıb dedi ki, belə kiçik məsələlərlə vaxt keçirməyək, zamanımızı xərcləməyək. Kral olmaq zatən suçdur. (gülür).

... Siyasətdən aralanıb yenidən Ağaoğlular ailəsinə dönürük. Tektaş bəydən bacısı haqqında məlumat soruşuruq. “Sitarə idi adı. Nənəmin adını vermişdilər. 20 il əvvəl vəfat etdi” deyir.

Mehdi bəy Əhməd Ağaoğlunun Maltadan göndərdiyi məktublardan bəhs edir: “Əhməd Ağaoğlunun xətti yaxşı olmayıb. Oxumaq çətindir. Sürəyya xanımın da xətti elə olub. Sürəyya xanım atasına məktubda yazır ki, bilmirəm, xəttimi oxuya biləcəksənmi? Sən mənə hirslənirsən ki, xəttin pisdir, sanki səninki yaxşıdırmı. Sən mənim atamsan, mən də sənə bənzədim. Səninki yaxşı olsaydı, mənimki də yaxşı olardı. Amma Əli bəy Hüseynzadənin xətti çox əladır. Humayın da xətti gözəldir. Məktublarda Əhməd bəy də bunu yazır”.

Tektaş bəydən mənim üçün qaranlıq olan Humay bibini soruşuram:

- O, Əhməd bəyin doğma bacısı deyil, eləmi?

- Əsl bacısı deyil. Əsl bacısı Bəyaz xanımdır. O, İzmirə yerləşmişdi. Humay və Tovuz əmiqızı və ya xalaqızlarıdır. Amma Humay həmişə Əhməd bəyin yanında olub, ona yardım edib.

Mehdi Gəncəli: “Əli bəy Hüseynzadə 1927-ci ildə Bakıya getdiyi zaman Əhməd Ağaoğlunun qardaşı Hüseynin evinə yollanır. Hüseynin böyük oğlu Baxış Kiyevdə tibb oxuyub. Hüseynin bir qızı da olub. Əli bəy Əhməd bəyə yazdığı məktubda deyir ki, bu hissəni, xüsusilə, Gültəkinə də oxu. Əli bəy yazır ki, Hüseynin qızı piano çalır, rəqs edir. Gültəkin görsün ki, onun əmisi qızı necə də bacarıqlıdır, Mustafa Kamal paşa marşını çala bilir. Maraqlıdır, 1926-cı ilin Bakısında. Əli bəy yazır ki, Bakıda bolşevik-kommunist arxadaşlarla görüşdük, onlarla oturduq, içdik, səni xatırladıq. Onlar sənin şərəfinə qədəh qaldırdılar”.

Tektaş bəy Nəriman Nərimanovun Əhməd bəyə yazdığı məktubdan bəhs edir: “Babam Maltada bir neçə il qaldı. Ondan sonra ingilislər qərar verdilər ki, Maltanı boşaltsınlar. Türk elitasının yarısı, yazarlar, siyasətçilər orada idilər. Babam hələ Maltada olarkən ona Nəriman Nərimanovdan bir məktub gəlir. Yazır ki, biz sizi tanıyırıq, apardığınız mübarizənin heyranıyıq. Çıxacaqsınız, gəlin bizimlə bərabər olun, birlikdə xalqımız üçün çalışaq. Babam da cavab yazır ki, təşəkkür edirəm, fəqət mən ikinci vətənim saydığım Türkiyə Cümhuriyyətinə xidmət etməyi seçirəm”.

.. Daha sonra Əli bəy Hüseynzadədən danışır:

“Atam Əli bəyi çox tərifləyərdi, mədh edərdi. “Hamısının, hətta atamın da hocası Hüseynzadə Əli bəydir” deyərdi. Hüseynzadə Əli bəy çox maraqlı adam olub. Məsələn, kaman çalarmış. Mən onun oğlu rəssam Səlim Turan bəylə Parisdə tanış oldum. Çox xoş bir adam idi. Vəfat etdi o da. Qızı Feyzavər xanımı da tanıyıram. Əli bəy İttihad və Tərəqqinin qurucularından olub”.

... Masanın üzərində bir rəsm görürəm. Saqqallı orta yaşlı bir adamla, 10-12 yaşlı bir uşaq. Kim olduqlarını soruşuram. Tektaş bəy cavab verir: “Oğlum Əhməd və nəvəm Kai”.

Oğluna babasının adını qoymuşdu Tektaş bəy. Oğlu haqqında danışır: “Əhməd bəy Adanada çiftçiliklə məşğuldur. Anasından ona torpaq qalıb. Anası böyük torpaq sahibinin qızı idi. Oğlum İstanbulda yaşayır, tez-tez Adanaya gedib-gəlir”.

Ezel xanım söhbətə qoşulur: “Bəzi torpaqları özü işlətmir, kirayəyə verir... Mənim birinci həyat yoldaşımdan Toprak adında qızım var. Uşaqlar uşaqlarımızdır. Əhməd bəyin də bir oğlu var. Əhməd bəyin anası yeni vəfat etdi. Torpaqlar çox məhsuldardır. Bir qarpız tarlasından 4 dəfə məhsul alırlar. Reklam fotoqrafıdır, İngiltərədə oxuyub”.

Ezel xanımdan Tektaş bəylə necə tanış olduqlarını soruşuram. Həvəslə danışır: “Mən 1968-ci il (Fransada başlanan tələbə üsyanları ilə dünyada geniş yayılan sol hərəkat – D.Ə.) nəslindənəm. Tektaş bizdən öncəki nəsil idi, məndən 12 yaş böyükdür. O da bir ara bizə bir az qarışdı. Sonra mübahisələr yaşadıq. Tektaş dedi ki, filan işləri yanlış görürsünüz. Dediyim kimi etsəniz, mən varam, əks halda yoxam. O zaman Tektaş Türkiyə İşçi Partiyasının üzvü idi. Yollarımız ayrıldı, mən həbsə düşdüm. Tektaş TİP-li olmağa davam elədi. Beləcə, ilk dəfə o zamanlar tanış olduq. Mən qızıma hamilə idim, həbsə girmək üzərəydim. Biz bir-birimizi həm insani, həm də dünyagörüş olaraq bəyəndik. Mənim vəziyyətim elə idi ki, çevrəmdən qopa bilmirdim. Bunun yanlış olduğunu bilsəm də. Bilə-bilə adam gizlədim, bilə-bilə uşaq dünyaya gətirdim.

Daha doğrusu, qızımı bilməyə-bilməyə doğdum. Ecevit əfvi oldu, həbsdən çıxdım. Mən 2 il həbs yatdım, Tektaş az yatmışdı, 2-3 ay. Əfv çıxmasaydı, daha da qalacaqdım hər halda. Mən keramikaçıyam. Heykəl və keramika bölümü məzunuyam. İşimi hələ də çox sevirəm. Hüzursuz, narahat olanda aşağıdakı atolyeyə enirəm, xoşbəxt oluram. Və çalışmağa başlayıram. O zaman da elə idim, tələbə, inqilabçı ikən də belə idim. İşimi çox sevirdim. Füreya Koral adlı bir xanım vardı. Kılıç Alinin xanımı. Onun ocağı vardı. Yaşadığı mərtəbənin üst qatında Tektaş yaşayırdı. Mənim ocağım yox idi, bahalı idi. Həbsdən çıxdıqdan sonra Cem yayın evinin sahibi məni Füreya xanımla tanış elədi. Daha sonra mən də heykəlləri atolyemdən daşıyıb orada bişirdim. Bir gün gördüm ki, Tektaş qapıdadır. Məni axtarırmış. Niyə? Həm keçmiş bir dost, həm də yaxınlıq hiss etdiyi biri olaraq. Beləcə, münasibətimiz başladı. Uşaqları evə aldıq. Uşaqlar həftə sonlarında gəlirdilər. Oğlan Qalatasarayda oxuyurdu, yatılı idi. Qızım anamın yanında idi. Bu evdəydi. Üst mərtəbədə otururdu. Həftə sonları gəzib, görüşüb, yemək bişirirdik. Beləcə, evlənməyə qərar verdik. “Sən məndən nə istəyirsən, Tektaş” dedim. “Səninlə evlənmək istəyirəm” dedi.

Evləndik, ondan sonra 1980-ci ilin 12 sentyabr hadisələri başladı. Öncə Tektaş getdi İsveçrəyə, bir-iki ay sonra mən getdim. 9 il orada qaldıq. Vətəndaşlıq zamanımız gəldi, istəmədik, geri döndük. İsveçrə polisi Tektaşa dedi ki, getsən, indən belə başına bir iş gələrsə, artıq biz qarışmayacağıq. Mənə pasport verdilər, mən pasportla döndüm. Tektaşın heç nəyi yoxdu. Təkcə biletlə gəldi. Heç bir sənəd vermədilər. Beləcə, həyat davam elədi. Müxtəlif yerlərdə yaşadıq. Nəhayət, buraya daşındıq, illərdir buradayıq. Bu ev mənə atamdan qalıb. Atolyemə, nəhayət, ocaq aldım. Sabah elə iş görəcəm. Bu evin altındadır. İşlər çoxalıb. Hər tərəf heykəllə dolub. Yaşlandıq, xəstələndik, düzələcəyik ümid edirik. Həyat davam edir. Mən bəzən əsəbi oluram, nə edək”.

Tektaş bəy əlavə edir: “İsveçrə demokratik bir ölkədir. Orada 4 dil hakimdi. Mən ingiliscə bilirəm. Dönməkdən heç peşman olmadım. Biz ora ölümdən qurtulmaq, işgəncədən xilas olmaq üçün getmişdik. Yoxsa, mənim nə işim vardı orada”.

Ezel xanım davam edir: “Tektaş İsveçrədə müxtəlif işlər gördü. Ən axırda ikinci sinif bir qalereyada çalışdı. Oranın ikinci sinifi buranın birinci sinifi kimiydi. Qalereyanın çərçivəçisi oldu. Ramkaları yerlərinə asırdı və s. Axırda qalereya sahibinə məsləhət verirdi ki, bu çərçivəni bura assaq, yaxşı olar (gülür) Mən keramika ilə məşğul oldum. Bir ara boyunbağı düzəldib satdım, pul gətirmədi. Min dənə güldan, boşqab, çanaq düzəldib satdım. Gələnə qədər keramikə ilə məşğul oldum. Müəllimlik etdim, kurslar verdim. Axırda yuvamıza qayıtdıq. Necə bir sevgiydi, nələr gəldi başımıza...”

***

... Ailədən Əhməd bəydən qalan arxivlərin başqa kimlərdə ola biləcəyini soruşuram. Tektaş bəy Qalatasaray universitetində çalışan Yasəmən xanımda ola biləcəyini bildirir: “Humay bibinin nəvəsidir o. Onun da arxivində nələrsə qala bilər”.

Evdən nadir qəzetlər tapırıq. Əski əlifbanı oxuyan Mehdi bəy qəzetdə Əhməd Ağaoğlunun Nuru paşa haqqında yazılarının yer aldığını bildirir.

Tektaş bəydən ailənin digər fərdləri haqqında danışmasını rica edirik. Qardaşı haqqında danışır: “Kaş qardaşım Mustafa Kamalla tanış olsaydınız. Bir şeir kitabı da var. Anamla atam adını Mustafa Kamal qoymaq istəyiblər, Əhməd bəydən soruşublar. Əhməd bəy də “əlbəttə, mütləq qoyun” deyib. Mustafa Kamalla “Ağaoğlu” yayın evini qurmuşduq, əsas işləri o görürdü. Mustafa Kamalın bir qızı var, görüşürük. Adatəpədə atasından qalan bir evdə yoldaşı ilə bərabər yaşayır”.

Ezel xanım əlavə edir: “Mim Kaf Ağayevin, yəni Mustafa Kamalın kitabı çox gözəl, duyğulu idi. Tektaş bir gün ona dedi ki, niyə yenə kitab çap etmirsən. Ürəyim ağrıyır, yazarkən çox üzülürəm, ona görə istəmirəm dedi”.

Tektaş bəy Əhməd bəylə Atatürkün münasibətindən danışır: “Əhməd bəy Mustafa Kamal paşanı çox sevərdi. “Sən bir sığıntısan” deməsinə rəğmən çox sevərdi. Atam danışır ki, Mustafa Kamal ölərkən hər kəs yerinə kim keçəcək deyə düşünürmüş. Atam da öz atasından, yəni Əhməd bəydən soruşub. O da “belə sual soruşularmı heç, əlbəttə ki, İsmət paşa” deyə cavab verib. İsmət paşanı Əhməd bəyin uşaqlarına soruşsaydınız, ailənin düşməni bir adam deyərdilər. Rəvayətə görə, atamın da millət vəkilliyinə namizəd olduğu siyahı İsmət paşanın önünə gəldiyində deyib ki, “yahu, atasından azmı çəkdik ki, bir də bundan çəkəcəyik”. (gülür) Ona görə də atamın yerinə Tezer bibimi yazırlar. Gültəkin bibim heç evlənmədi. Sürəyya xanım isə evləndiyində çox yaşlı idi. Çox qəribə qadın idi Sürəyya bibim”.

Ezel xanım qayınatası Səməd Ağaoğlundan danışır: “Qayınatam ədəbiyyat vurğunu bir adam idi. Yatdığı otaq kitablarla dolu idi. Divar başdan-başa kitab idi, bir gün çökəcək deyə qorxurdum. Məni maşınla götürərdi, boğaz gəzintisinə çıxardıq. Bəzən balıqçılarla söhbət edərdi. Məndən soruşardı ki, filan şairi tanıyırsanmı, deyirdim yox. Filankəsi, onu da yox. Heç vaxt tanımazdım. 28 yaşım vardı. Bir gün ondan soruşdum ki, Qarsia Lorkanı tanıyırsınızmı? Dedi, tanımıram (gülür). Bəlkə də, tanıyırdı da, mənimlə zarafat elədi. Çox bilən bir adam idi. Xatırlayıram bir dəfə xəstələnmişdi, bacıları gəldi, dovğa bişirdilər, içdi sağaldı (gülür)”.

Türkiyədə YapıKredi yayınları Səməd bəyin bütün kitablarını yenidən çap edib. Kitabların müəllif hüquqları Tektaş bəydədir. Yalnız bir kitab çap olunmayıb: “Sovet Rusiya imperatorluğu”. Bu kitab cəmi bir dəfə, 1967-ci ildə yayımlanıb. Üstəlik digər kitablarından fərqli olaraq övladlarının qurduğu “Ağaoğlu” mətbəəsində deyil. Bunun səbəbini soruşuruq.

Tektaş bəy izah edir: “Atam “Sovet Rusiya imperatorluğu” kitabını bizim çap etməyimizi istədi. Biz də solçu olduğumuz üçün “çap etmirik” dedik (gülür). Atam bizə çox hirsləndi. Çünki onun kitablarını həmişə biz çap edirdik. Dedik ki, siz özünüz çıxarın, biz kömək edək. Nə istəyirsən edək, amma bizim nəşriyyatdan olmasın. Bol-bol bilgi var o kitabda. Çapını yenə istəmirik. “İmperatorluq” sözünü düzgün hesab etmirik”.

Tektaş bəy bizə qəfil sual ünvanlayır: “Bir dəfə biri mənə dedi ki, bizə azəri yox, azərbaycanlı de. Niyə?”.

Səbəbini izah edirəm, Stalinin 1937-ci ildə dilimizi və adımızı dəyişməsi haqqında bilgi verirəm. Sonda Tektaş bəydən xatirələrini yazıb-yazmadığını soruşuram. “Hələ o yaşa gəlmədim” deyə gülərək cavab verir. Amma növbəti görüşümüzdə ailəsi haqqında kitab yazdığını, bizdən də dəstək istədiyini bildirir.

İkinci görüşümüzdə, nəhayət ki, ailəyə verdiyimiz sözü yerinə yetirə bildik. İstanbulda yaşayan dostumuz Şəbnəm xanım (ona hədsiz minnətdarıq) dovğa bişirə biləcəyini söylədi. Oktyabrın 14-də növbəti dəfə dovğa ilə ailənin qapısını çaldıq. Özümüz də bir aydan çox idi ki, bu gözəl nemətdən məhrum olduğumuz üçün həvəslə daddıq. Hər ikisi çox bəyəndiklərini bildirdilər. Bu dəfəki görüşümüzdə ailə Əhməd və Səməd bəylərdən qalan arxivlər üzərində işləməyimiz üçün bizə icazə verdi. Arxivdən Əhməd bəyə aid xeyli fotolar, məktublar və qəzetlər tapdıq. İnşallah, tezliklə Mehdi Gəncəli tərəfindən “Əhməd Ağaoğlunun Malta məktubları” kitabı və Əhməd bəyin külliyyatının çapına başlanılacaq. Biz də əlimizdən gəldiyi qədər bu prosesə dəstək olacağıq...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər